RU

Mədən yanacağı istiləşmə mənbəyidir

“Təmiz” enerji növlərinə keçid isə günün zəruri tələbidir

Bəşəriyyət neft, təbii qaz və kömürdən istifadəni azaltmaq əvəzinə, getdikcə daha çox mədən enerji mənbələrini istehlak edir. Cari ildə bunun hesabına emissiyaların rekord həddə çatacağı gözlənilir. Bu barədə məlumatlar dünyanın müxtəlif ölkələrindən 120 alimin iştirak etdiyi beynəlxalq “Global Carbon Project” hesabatında yer alıb. Bildirilib ki, 2024-cü ildə atmosferə istixana qazları tullantılarının həcmi 2023-cü illə müqayisədə 0,8 faiz artaraq 37 milyard 400 milyon ton təşkil edəcək.

Planetin atmosferində CO2 konsentrasiyası milyonda 422,5 hissə (hissəciklər) olacaq. Bu, sənayeləşmədən əvvəlkindən 50 faiz çoxdur. Onun azalmasına nail olmaq üçün qlobal sənayenin zərərli qazların emissiyalarını azaltması kifayət deyil. Onların istehsalını tədricən dayandırmaq lazımdır. Dünyanın iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədinə çatmaq üçün cəmi bir neçə il var.

Böyük Britaniyanın Ekster Universitetindən tədqiqatçı Pierre Friedlingstein xəbərdarlıq edib ki, COP29-da toplanan dövlət və hökumət başçıları əgər istiləşməni sənayedən əvvəlki səviyyədən 2 dərəcədən çox aşağı saxlamaq istəyirsə, qalıq yanacaq emissiyalarını tez və ciddi şəkildə azaltmalıdırlar.

Tədqiqatçılar planetdəki bütün istixana qazları tullantılarının demək olar ki, üçdə birinin Çinin payına düşdüyünü bildiriblər. Amma bu il Çin üçün bu göstəricinin artımı cüzi olacaq. Cəmi 0,2 faiz artım proqnozlaşdırılır. “NewClimate Institut”dan iqlim tədqiqatçısı Niklas Höhnenin fikrincə, bu, Çinin dönüş nöqtəsinə çatdığı anlamına gələ bilər. Alim hesab edir ki, ölkədə elektromobillərin aktiv istehsalı və istifadəsi CO2 emissiyalarının bu qədər cüzi dərəcədə artmasına səbəb olur. O ümid etdiyini bildirib ki, dünyada artan enerji aclığı fonunda bərpa olunan enerji mənbələri tezliklə bazarda qalıq yanacaqları sıxışdırıb çıxara biləcək.

Dünyadakı karbon emissiyasının 0,13 faizi isə Azərbaycanın payına düşür. Bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda “Karbon vergisinin iqtisadi təsirləri” mövzusunda sessiyada bildirib.

Onun sözlərinə görə, bu nisbət kifayət qədər kiçik olsa da, diqqətdən kənarda qalmamalıdır: “Çünki bizim başqa planetimiz yoxdur. Buna görə də qlobal çağırışlara müsbət töhfə vermək üçün siyasətimizi və karbonsuzlaşdırma strategiyalarımızı inkişaf etdirməyə davam etməliyik. Azərbaycanın 2040-cı ilədək emissiyaları 40 faiz azaltmaq öhdəliyi var. Bununla belə, biz xalis sıfır emissiya ssenarisini də nəzərdən keçirə bilərik. Bu ssenari qəbul ediləcək strategiya üçün müxtəlif iqtisadi sektorların təsirlərinin ətraflı təhlilini tələb edir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Избранный
24
xalqqazeti.az

1Источники