Qobustan şəhərində güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi keçirilib.
Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, tədbirə İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimlər qatılıblar.
Seminarın nəzəri hissəsi Qobustan Gənclər Evində baş tutub. Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan üzrə sektor müdiri Qadir Əkbərov seminarın önəmindən danışıb. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev federasiyanın həyata keçirdiyi layihələrdən, güləş qaydalarından və qayda pozuntularından söz açıb. Qadın güləşi üzrə yeniyetmə və gənclərdən ibarət millinin məşqçisi Həsrət Məmmədyarov və yunan-Roma güləşi üzrə U-17 yığmasının məşqçisi Elbrus Məmmədov yerli mütəxəssislərə öz tövsiyələrini çatdırıblar. Seminarda da azyaşlı idmançıların çox çəki salmasının fəsadları qabardılıb. I-S kateqoriyalı referi Sədi Quliyev videonümayişi fonunda edilən fəndlərin qiymətləndirilməsinə toxunub.
Seminarın praktiki hissəsi isə Qobustan Uşaq Gənclər İdman Məktəbinin güləş zalında keçirilib. H.Məmmədyarov sərbəst, E.Məmmədov isə yunan-Roma güləşi üzrə müxtəlif fəndlərin dəqiq icrasını nümayiş etdirib.
Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi noyabrın 26-da Qazax şəhərində keçiriləcək.