RU

Ədalətli sosial təminat, inklüziv cəmiyyət!

Əhalinin sosial müdafiəsini düşünülmüş siyasət, iqtisadi islahatlar, xalq- iqtidar birliyi əsasında formalaşdıran dövlət başçımız İlham Əliyev hər bir vətəndaşın Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyir  

Qüdrətli dövlət, yüksək rifah cəmiyyəti naminə proqnozların nəzərdə tutulduğu «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» ölkəmizin tərəqqi yolunda və mədəni həyatında böyük təkamül yolunun davamıdır. Təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişafı kimi mühüm məsələlərin daim diqqətdə saxlanıldığı Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsi ölkəmizin sosial siyasətinin uğurlarını da artırır.

Müstəqilliyinin ilk illərindən ölkədə əhalinin rifahının daha da yaxşılaşdırılması üçün sosialyönümlü bazar iqtisadiyyatı yolunu seçən ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün əlaqəsi möhkəmləndirilir. Bu məqsədlərin reallaşdırılması üçün dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən siyasətin təkmilləşdirilməsi aktual məsələ kimi diqqətdə saxlanılır. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət olan ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşması üçün müasir innovasiyaların tətbiqinə xüsusi diqqət yetirən Prezident İlham Əliyev təmiz ətraf mühit və «yaşıl artım”» kimi prioritetlərin inkişafına xüsusi qayğı ilə yanaşır. Əhalinin sosial müdafiəsinin başlıca şərtlərindən olan  vətəndaşların rifah halının yaxşılaşdırılması, yoxsulluğun azaldılması sağlam vətəndaş cəmiyyətinin formalaşmasını şərtləndirən əsas faktorlar kimi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı Fərman və sərəncamlar, qəbul etdiyi mütərəqqi qərarlar, sosial dəstək paketləri iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursunun həyata keçirilməsi, sosial cəhətdən həssas əhali qruplarının da etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradır.

Azərbaycanın dövlət siyasətinin təməl prinsiplərindən olan əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasının vacibliyini «Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır» sözləri ilə təsdiqləyən Prezident Əliyevə vətəndaşların artan inamı, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin ildən-ilə çoxalmasıdır. Əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin, aztəminatlı aillərin sosial müdafiəsinin gücləndirilməsi üçün görülən işlər, aparılan islahatlar paketinin əsas hədəflərindəndir.
 Dünyanı bürüyən qlobal böhran, iqtisadi tənəzzül, ən qüdrətli ölkələrin belə iqtisadiyyatını çökdürən pandemiya dövründə həyata keçrilən, 5 milyon ölkə vətəndaşını əhatə edən sosial paketlər karantin dövründə əhalinin sosial müdafiəsinin təminatı sahəsində mühüm addımlar oldu. Həmin islahatlar paketinin tələblərinə uyğun dövlət sektorunda çalışan 900 min, özəl sekorda isə 760 min nəfərin iş yeri və əməkhaqları qorundu. Sahibkarlıq subyektlərinə böyük güzəştlər edildi. İşsiz vətəndaşlara hər ay ödənilən 190 manatlıq birdəfəlik müavinətlər, ümumilikdə, 333 milyon manat təşkil etdi. 85 min ailəyə, aylıq orta məbləği 225 manat olmaqla ünvanlı sosial yardım verildi. Yəni, iqtisadiyyatdakı tənəzzülə baxmayaraq, cənab İlham Əliyevin təxirə salmadan reallaşdırdığı sosial layihələr Azərbaycanın sosial dövlət olduğunu təsdiqlədi.
Dövlət başçısı İlham Əliyevin 2021-ci ildə imzaladığı «Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında» Sərəncam sosial islahatların uğurlu davamı real imkan və islahatların növbəti mərhələsi üçün təməl yaratdı. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları, əlilliyi olan şəxslər, şəhid ailələri üçün nəzərdə tutulan müavinətlər, təqaüdlər artırıldı. Tələbələr üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırıldı Şəhid ailələri və müharibə əlillərinin yaşayış tərzlərinin yaxşılaşdırılması üçün hazırlanan mənzil proqramının əhatə dairəsi genişləndirildi. Bu kateqoriyadan olan insanların sosial ödənişlərlə təminatı və bu ödənişlərin mütəmadi olaraq artırılması, şəhid ailələri və müharibə əlillərinin mənzillə, avtomobillə, eləcə də digər sosial müdafiə və aktiv məşğulluq proqramları ilə əhatə olunması, həmin layihələrin ildən-ilə genişləndirilməsi, bir sıra güzəşt və imtiyazların tətbiqi də bunu göstərir. 
Təkcə postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13300 mənzil və fərdi ev verilib.
Beləliklə, qlobal böhranın tüğyan etdiyi çətin dönəmlərdə belə əhalisinin sosial rifahına diqqəti artıran Prezident İlham Əliyev son 20 ildə Azərbaycanda sosial sahədə həyata keçirilən dövlət siyasətini daha da təkmilləşdirdi. Prezident İlham Əliyevin son illərdə imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlüdür. Sosial islahatlar arasında prioritet məsələ, ilk növbədə, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramının icrası olub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan şəxslərə göstərdikləri qayğının nəticəsidir ki, bu gün Azərbaycan şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi sahəsində ən nümunəvi təcrübəyə malik ölkədir.

Dövlət sosial yardımının hesablanması üçün ehtiyac meyarının artırılması da vətəndaşlara diqqət və qayğının ifadəsidir. Müraciətlər əsasında ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği 2006-cı ilə nisbətən 11 dəfə artırılaraq 478 manata çatıb.
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 reabilitasiya müəssisəsində əlilliyi olan şəxslərə xidmət göstərilir. Ailə Biznesinə Asan Dəstək (ABAD) layihəsi özünüməşğulluq proqramında birləşən aztəminatlı ailələrə göstərilən ən böyük qayğıdır.

Prezident İlham Əliyevin tapşırığına uyğun, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərində 159 xidmətin «bir pəncərə» prinsipi üzrə operativ, şəffaf, müasir, innovativ əsasda təminatı cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.
 Sosial islahatların daha uğurlu davamı üçün dövlət budcəsindən ayırmaların həcminin artırılması ölkə əhalisinin rifahını daha da yaxşılaşdırır. 2025-ci ildə yaşayış minimumunun 285 manat olacağı proqnozlaşdırılır”. 2026-cı ildə bu rəqəmin 300 , 2027-ci ildə 311 manat, 2028-ci ildə 323 manata çatdırılacağı proqnozlaşdırılır. Gələn il pensiyaçılar üçün yaşayış minimumunun 232 manata, 2028-ci ildə isə 260 manata çatdırılması gözlənilir. Uşaqlar üçün isə bu göstərici 2025-ci ildə 246, 2028-ci ildə isə 275 manat olacağı planlaşdırılır. Gələn il əmək pensiyalarının orta aylıq göstəricisinin 531 manata çatdırılması ahıl vətəndaşlara dövlət qayğısının ifadəsidir. Xatırladaq ki, 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat olub. Beş ildə əmək pensiyalarının orta məbləği 2 dəfəyə yaxın artıb. Yaşa görə əmək pensiyasının 569 manat olacağı nəzərdə tutulur. Cari ildə 40 mindən çox şəxsə əlillik təyin olunmaqla saxta yollarla əlillik alma hallarına qarşı mübarizə gücləndirilir. Əvvəlki illərdə olduğu kimi, qarşıdakı illərdə də aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 48,8 və 49,5 faiz olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq Konvensiyasına uyğunlaşdırılacaq.

2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma , uşağın anadan olmasına, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,41 milyon manat vəsait nəzərdə tutulub ki, bu da əvvəlki illərdəki məbləğdən çoxdur.

«Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər» sözləri ilə vədinə sadiq qalan cənab İlham Əliyevin apardığı islahatlar da onun hər bir vətəndaşın Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyir.

Xuraman İsmayılqızı, «İki sahil»

Избранный
21
ikisahil.az

1Источники