RU

Parisin COP düşmənçiliyi...

Fransa Azərbaycana qarşı qərəzini davam etdirir

Paris əsassız mövqeyi ilə regionda sülh və sabitliyə mane olmağa çalışır

Fransanın Ermənistana havadarlıq etmək naminə Azərbaycana qarşı düşmən münasibət bəsləməsi anlaşılan deyil. Paris ədalətsiz və qərəzli formada Azərbaycana “təzyiq” göstərmək üçün bütün rıçaqlarını işə salıb - təbii ki, heç bir işə yaramayan bu addımlar nəticədə Fransanın imicinə zərbə vurur.

Xüsusilə, 2020-ci il Vətən müharibəsindən sonra addımbaşı Azərbaycana qarşı qarayaxma kampaniyası təşkil etmək, “beynəlxalq təzyiq” formalaşdırmaq, hətta ölkəmizə qarşı bəzi “sanksiyalar” yönəltmək kimi “arzular”a düşən Makron hakimiyyəti Milli Assambleyanın və Senatın əli ilə qərəzli “qətnamələr” belə qəbul etdirməyə çalışıblar. Frankafoniya təşkilatında, BMT TŞ çərçivəsində ölkəmizə qarşı aparılan kampaniyalar iflasa uğrayıb. Hər kəs dərk edir ki, Fransa Ermənistanı sevsə də, Azərbaycana qarşı nə isə etmək iqtidarında deyil - buna gücü çatmır.

Fransa həzm edə bilmir...

Məsələyə xronoloji ardıcıllıqla nəzər saldıqda bir həqiqət üzə çıxır - Fransanın ölkəmizə qarşı apardığı əsassız düşmənçilik xəstə psixoloji durumu xatırladır. Son 4 ildə bu ölkənin rəsmi şəxslərinin verdiyi açıqlamalar, qanunverici orqanlarının qəbul etdiyi qərarlar bunu deməyə əsas verir. Məsələn, 2020-ci ildə Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini erməni işğalından azad etməsi Fransanın əsl simasını ortaya çıxardı - bu ölkə heç də iddia etdiyi kimi demokratik mövqeyə əsaslanmadan, qlobal prosesləri beynəlxalq hüquq prizmasından dəyərləndirmədən Bakıya qarşı birbaşa hücum kampaniyası təşkil etdi. Bir sözlə, Fransa bu tarixi ədaləti həzm edə bilmədi. Bu amil Ermənistanın maraqlarının müdafiəsi bahasına atılan qeyri-qanuni addımlarda, verilən bəyanatlarda açıq şəkldə ortaya çıxır:

- 2020-ci ilin noyabrında Fransa Senatı “”Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınması” ilə bağlı qərar qəbul etdi. Bu sənəd beynəlxalq hüququn və BMT qətnamələrinin prinsiplərinə zidd idi;

- 2022-ci ildə Senat “Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozduğu” iddiasını irəli sürən daha bir qətnamə qəbul etdi. Bu qərarda da Azərbaycan humanitar məsələlərdə əsassız şəkildə tənqid olundu.

Bu addımlar Fransanın hansı dərəcədə qərəzli olduğunu aşkara çıxaran sübutlardır...

Makronun separatizm sevgisi...

Dövlətin bu mövqeyi bir reallığı bütün çılpaqlığı ilə ortaya çıxardı - özünü Mərkəzi Avropanın aparıcı dövləti sayan Fransa cılız hisslərin, qərəzin əsirinə çevrilib. Xüsusilə, prezident Makronun məsuliyyətsiz açıqlamaları faktı arqumentləşdirir. Makron dəfələrlə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan addımlarını qərəzli şəkildə hədəfə alaraq Ermənistanı dəstəkləyən fikirlər səsləndirib:

-2020-ci ildə Makron Azərbaycanın “Türkiyə ilə birlikdə muzdlu döyüşçülərdən istifadə etdiyi” kimi əsassız iddialar irəli sürmüşdü;

- 2023-cü ildə Makronun “Azərbaycanın Ermənistanın suverenliyinə təhdid yaratdığı” barədə açıqlamaları da qərəzli mövqeyin davamı kimi yadda qaldı.

Vurğulamaq yerinə düşər ki, Fransanın qəbuledilməz düşmən yanaşması 2023-cü il antiterror tədbirlərindən sonra xüsusilə “sərtləşdi”. Artıq Paris bütün sərhədləri adlayır, beynəlxalq hüquqa nəinki hörmət göstərmir, onu ayaqlar altına salmaqdan belə çəkinmirdi. Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri ilə bölgədəki separatçı rejimin mövcudluğuna son qoyulması Makron hakimiyyəti tərəfindən demək olar ki, “qəbul edilmədi”. 2023-cü ilin oktyabrında Fransa Senatı və Milli Assambleyası “”Dağlıq Qarabağ” ermənilərinin hüquqlarının qorunması” adı altında separatizmi dəstəkləyən sənədlər qəbul etdi. Qətnamələrdə:

- Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik göstərildi.

- Tarixə qovuşmuş “Dağlıq Qarabağ”da müstəqillik ideyası təşviq edildi.

- Hətta Fransanın o zamankı xarici işlər naziri Katrin Kolonna antiterror tədbirlərindən dərhal sonra Qarabağdakı erməniləri “humanitar dəstəklə” təmin etməyi təklif etdi - bu fakt regionda sabitliyə qarşı yönəlmiş bir fakt idi...

Beləliklə, bir neçə il “arxaya boylandıqda” Parisin ölkəmizə münasibətdə tutduğu qərəzli mövqe bütün detalları ilə üzə çıxır. Təssüfləndirici haldır ki, bu məsələ Ermənistan-Azərbaycan münasitbətləri kontentində məhdudlaşmır - Fransa Azərbaycanın qlobal təşəbbüslərini hədəfə alır, düşmənçilik münasibətini beynəlxalq maraqların əks olunduğu müstəvilərə proyeksiya edir...

Öz gözündə tiri görməyən Paris...

Qeyd olunan münasibət BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müstəvisində də əks olundu. Məsələnin mahiyyətinə keçmədən bildirək ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon noyabrın 20-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransa tərəfindən Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib. “Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb”, - məlumatda qeyd olunub.

Fransanın apardığı antikampaniyaya gəldikdə isə görünən budur ki, ötən 1 il ərzində Azərbaycanın COP29-a ev sahibliyi etməsi Parisə rahatlıq verməyib. Fransanın bu tədbirə qarşı çıxışları, həm Azərbaycanın nüfuzunu zəiflətmək, həm də enerji məsələlərində öz maraqlarını irəli çəkmək cəhdi kimi qiymətləndirilir. Buna misal hələ 2023-cü ilin iyulunda Fransa hökumətinin Azərbaycanın enerji resurslarını ekoloji təhdid kimi təqdim edən açıqlamalarla çıxış etməsidir. COP29-un Bakıda keçirilməsinə qarşı çıxan fransalı deputatlar sonrakı dövrdə tədbiri açıq hədəfə aldılar - qarayaxma kampaniyasinin mahiyyəti isə gülünc “arqumentlərlə” bəzədilmişdi. Fransa mətbuatında COP29-la bağlı yayılan qərəzli məqalələrdə Azərbaycanın neft-qaz sənayesi hədəfə alınırdı. Bu isə əslində Azərbaycanın beynəlxalq enerji bazarındakı strateji roluna mane olmaq məqsədi güdür. Paralel olaraq Fransa tərəfi Azərbaycanın ənənəvi enerji resurslarına malik olmasını “əsas gətirərək” bunu iqlim problemlərinin həlli ilə bağlı müzakirələrlə “uzlaşmadığını” bildirirdi.

Halbuki indiyə qədər bir neçə ənənəvi enerji resurslarına malik ölkə COP sammitlərinə ev sahibliyi edib. Bunlar əsasən neft və qaz istehsalçıları və ya enerji mənbələri baxımından zəngin ölkələrdir. Məsələn:

- Qətər (COP18, 2012) - Qətər, əsasən neft və təbii qaz ehtiyatları ilə tanınan bir ölkədir və bu samitə ev sahibliyi edib.

- Polşa (COP19, 2013) - Polşa, kömür sənayesi ilə tanınır və bu ölkə 2013-cü ildə COP19-a ev sahibliyi edib.

- Ən maraqlısı isə odur ki, özünün atom enerjisi istehsalı ilə məşhur olan  Fransa da (COP21, 2015) bu tədbirə ev sahibliyi edib.

-  Bəhreyn (COP18, 2012) - Bəhreyn də enerji istehsalında neftə əsaslanır.

Bu siyahını daha da genişləndirmək olar. Maraqlıdır ki, bu gün “ittihamçı” qismində qərəz saçan Fransa “siyasətçiləri” və “ekoloqları” 2015-ci ildə niyə eyni fikirləri öz ölkələri haqda demirdilər? Azərbaycanın “yaşıl hədəfləri”, bərpa edilən enerjiyə keçid layihələri qlobal məkana yaxından tanışdır. Azərbaycan qarşıdakı illərdə yaşıl enerji istehsalı üzrə ön sıralara çıxmaq potensialına malik bir ölkədir.

COP29-u bəhanə etməklə...

Beləliklə, Fransa-Azərbaycan münasibətlərindəki gərginlik əsasən Parisin  beynəlxalq hüquqa və regiondakı geosiyasi reallıqlara qarşı çıxışı ilə əlaqəlidir. Fransa COP29-u bəhanə edərək öz qərəzli mövqeyi ilə regionda sülh və sabitliyə mane olmağa çalışır. Azərbaycan isə beynəlxalq hüquq çərçivəsində milli maraqlarını müdafiə edərək bu cür təzyiqlərə qarşı mübarizədə qətiyyət nümayiş etdirir.

P.İSMAYILOV

Избранный
18
yeniazerbaycan.com

1Источники