RU

Orta aylıq əməkhaqqı 1100 manat olacaq: Büdcənin 41 faizi... Komitə sədrirəqəmləri açıqladı

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- 2025-ci il dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir. Artıq prioritetlər açıqlanıb. Gələn ilin əsas maliyyə sənədində daha çox hansı səhələrə üstünlük veriləcəyi proqnozlaşdırılır?

- Gələn ilin dövlət büdcəsi dünyada gedən proseslər, ölkənin mövcud reallığı və qarşıdakı perspektivlər nəzərdə alınmaqla hazırlanmış real sənəddir. Büdcənin parametləri Prezident İlham Əliyevin Milli Məclisin VII çağırış ilk iclasındakı nitqində səsləndirdiyi prioritetlərə əsaslanır. Büdcədə müdafiə və təhlükəsizliklə bağlı xərclərin artırılması nəzərdə tutulur. Bu xərclər büdcənin təxminən 28 faizini təşkil etməklə 11,6 milyard manat həcmindədir. Həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı işlər davam edəcək. Böyük Qayıdış Birinci Dövlət proqramının icrası məqsədilə 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda gələn ilin büdcəsində investisiya tutumlu xərclər əsas yer tutacaq. Bu sahəyə 14 milyard manat vəsaitin yönədilməsi planlaşdırılır.

- Sosial sahəyə ayrılan vəsaitlərin həcmində hansı dəyişikliklər olacaq?

- Həmişə olduğu kimi gələn ilin dövlət büdcəsində də sosialyönümlü xərclərə mühüm önəm verilib. Büdcənin 41 faizi məhz sosial sahəyə yönəlib. Təxminən 17 milyard manat sosial sahənin ehtiyaclarının qarşılanmasına istiqamətlənəcək. Bu da Azərbaycanın sosialyönümlü dövlət olduğunu bir daha nümayiş etdirir.

- Daha çox hansı sosial xərclərin artırılması nəzərdə tutulub?

- Bütün sosial istiqamətlərdə artımlar olacaq. Təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahəsində artımlar planlaşdırılır. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun büdcəsində kifayət qədər artım olacaq. DSMF-nin büdcəsi 7,6 manat təşkil edəcək. DSMF-nin gəlir və xərcləri artacaq. Bu da imkan verəcək ki, gələn il pensiyanın orta aylıq məbləğinin artımı mümkün olsun. Həmçinin sosial müavinətlərin də məbləğinda artım olacaq.

- Əməkhaqqı və pensiyalarda artımlar hansı meyarlarla həyata keçiriləcək?

- Ölkə başçısının tapşırığına əsasən gələn il minimum əməkhaqqı artırılacaq. Bununla da minimum əməkhaqqı 345 manatdan 400 manata yüksələcək. Eyni zamanda minimum pensiya məbləğinin artırılması nəzərdə tutulub. Hazırda minimum pensiya 280 manat təşkil edir. Yeni artımlarla pensiyanın minimum məbləğinin gələn il üçün 320 manata qədər çatması mümkündür.

- Mövcud artımların orta aylıq əməkhaqqına təsiri olacaqmı?

- Sözsüz ki, orta aylıq əməkhaqqının da artımı gözlənilir. Yəqin ki, gələn ilə orta aylıq əməkhaqqı 1 100 manat civarında olacaq. Bu da yaxşı bir göstəricidir. Orta aylıq əməkhaqqı bu il min manata yaxınlaşmışdı. Ona görə də burada 10 faizlik bir artım gözlənilir.

- İşsizlikdən Sığorta Fondunun büdcəsində nə kimi dəyişikliklər gözlənilir?

- İşsizlikdən Sığorta Fondunun büdcəsində də müəyyən artımlar olacaq. Bu büdcə o qədər böyük həcmə malik deyil. Burada əsas parametrlər müəyyənləşəcək. İşsizlikdən Siğorta Fondunun büdcəsinin 55 faizi aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsinə yönələcək. Beləliklə, gələn il özünüməşğulluq proqramı 100 min insanı əhatə edəcək.

- Sosial xərclərin gözlənilən iflyasiyaya nisbəti necə hesablanıb?

- Ümumiyyətlə gələn ilin sosial xərclərinin hamısı gözlənilən inflyasiyanın faizini üstələyir. Çünki gələn il üçün 5,8 faiz həcmində iflyasiya proqnoqlaşdırılsa, gələn ilin sosial xərclərinə 7-10 faiz həcmində artımlar nəzərdə tutulub. Ona görə də, gələn il hansısa fors-major hallar baş verməsə, nəzərdə tutulan bütün proqramlar uğurla icra ediləcək. Qarabağın və Şərqi Zəngəzurun bərpası təhsil, səhiyyə, elm, sosial və digər sahələrdə də inkişafa xidmət edən addımlar atılacaq.

- Yaşayış minimumu və ehtiyac meyarının həcmində nə qədər artım ola bilər?

- 2025-ci il üçün yaşayış minimumu və ehtiyac meyarında da artımlar nəzərdə tutulub. Bu sahədə təxminən 4,5 faiz həcmində artım olacaq. Beləliklə, yaşayış minimumu üçün 285 manat civarında bir məbləğ formalaşacaq. Bu il həmin rəqəm 270 manat idi.


Müəllif: Tapdıq Qurbanlı
Избранный
25
4
teleqraf.com

5Источники