RU

Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası münasibətləri yeni inkişaf mərhələsində

Çin Xalq Respublikası (ÇXR) müasir beynəlxalq koordinatlar sisteminin həlledici aktorlarından biridir. Çinin Milli Statistika Bürosunun (UİB) məlumatına görə, 2023-cü ildə ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) 126,06 trilyon yuana (təxminən 17,71 trilyon dollara) bərabər olmuşdur. Dünya iqtisadiyyatında Çinin payı 18,5%-dir. Orta illik iqtisadi artım isə 7,2% təşkil edir. Buğda istehsalında dünyada birinci yerdə olan Çin 1,4 milyardlıq əhalisinin ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin edir. Çin polad əridilməsi, kömür hasilatı, sement, kimyəvi kübrə, televizor, habelə pambıq, bitki yağları və meyvə istehsalına görə də dünyada birinci yerdədir. Elektrik enerjisi, pambıq-parça məhsulları, ət və çay istehsalına görə isə ikinci yerdə bərqərar olmuşdur.

Yer kürəsinin bütün əhalsinin beşdə biri və işlək əhalsinin üçdə birinə malik olan ÇXR sübut etmişdir ki, vaxtilə geridə qalan dövlət həyati əhəmiyyətli sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə aparıcı mövqeyə çıxa bilər.
Eyni fikirləri enerji təhlükəsizliyi ilə bağlı da söyləyə bilərik. Çin valyuta ehtiyatlarına görə dünyada liderdir. Ölkədə internet istifadəçilərinin sayı 1,03 milyard nəfərə çatmışdır. Bu faktın özü Çinin demokratik inkişafının mühüm göstəricisi hesab oluna bilər.
ÇXR 140-dan çox ökənin və regionun əsas iqtisadi-ticarət tərəfdaşıdır.
Bu ölkələr arasında Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikasının xüsusi yeri və çəkisi vardır. Rəsmi Bakı-Pekin münasibətləri tarixi ənənə və müasir gesosiyasi reallıqlar fonunda dinamik inkişaf tempinə malikdir.
2500 il əvvəl tarixi “İpək yolu” vasitəsilə xalqlarımız arasında mədəni və ticari əlaqələr formalaşmışdır. Xalqlarımız arasında tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin XII əsrdə yazdığı əsərlərdə də öz əksini tapmışdır. Nəhəng söz ustası olan Nizami Gəncəvi Çin xalqına olan böyük hörmət və ehtiramını “Yeddi gözəl” poemasında “Çin gözəli”nin vəsfi ilə ifadə etmişdir.
İkitərəfli münasibətlərimizdə keyfiyyət dəyişikliyi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra baş verdi. 1994-cü ilin mart ayında Prezident Heydər Əliyevin ÇXR-ə ilk rəsmi səfəri oldu. Səfər çərçivəsində ikitərəfli münasibətlərin mühüm hüquqi-normativ bazasını yaradan 8 müqavilə imzalandı.
Rəsmi Bakı-Pekin münasibətləri üçün xarakterik əməkdaşlıq və dostluq mühiti Azərbaycan Respublikasının Prezident İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin tərəfindən daha da inkişaf etdirilərək Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması ilə strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır.. Fundamental məsələlərdə hər iki dövlətin və onun liderlərinin mövqeyi tam üst-üstə düşür. Azərbaycan “Vahid Çin” ideyasını qəbul edir və onu həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tam dəstəkləyir. ÇXR də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələlərində anoloji mövqe ortaya qoyur, haqq işimizi hər yerdə və hər zaman dəstəkləyir. Yeri gəlmişkən, onu da qeyd edək ki, hər iki dövlətin liderlər arasında şəxsi dostluq münasibətlərinin olması faktı da dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına təsir edən həlledici amillərdən biridir. Təsadüfi deyildir ki, ÇXR-in Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə olan yüksək etimadını “Cənab Prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz” fikirləri ilə ifadə etmişdir.
Prezident İlham Əliyev də öz növbəsində cənab Si Cinpinin Azərbaycana olan xeyirxah münasibətinə yüksək qiymət verərək vurğulamışdır ki,“Mən bilirəm ki, siz bizim ölkəmizə xoş münasibət bəsləyirsiniz. Azərbaycanda sizi çox yaxşı tanıyırlar, dünyamiqyaslı məsələlərdə oynadığınız rola, həmçinin Azərbaycana xeyirxah münasibətinizə görə Sizi yüksək dəyərləndirirlər.”
Azərbaycan Çinin “Bir kəmər, bir yol” qlobal təşəbbüsünü tam dəstəkləyir.
Yuxarıda qeyd olunan reallıqlar fonunda ikitərəfli partiyalarası siyasi dialoq mühitinin inkişafı üçün olduqca münbit şərait yaranmışdır. Zəmanəmizin dühası Heydər Əliyevin “Dünənin, bu günün və gələcəyin partiyası”, Prezident İlham Əliyevin “Ümumxalq partiyası” adlandırdığı Yeni Azərbaycan Partiyası (YAP) ilə ÇXR-in Sədri Si Cinpinin “Rəhbər siyasi qüvvə” kimi səciyyələndirdiyi Çin Kommunist Partiyası (ÇKP) arasında səmimi dostluq və etibarlı tərəfdaşlıq münasibətləri formalaşmışdır. Bu il YAP və ÇKP arasında əməkdaşlıq münasibətlərinin qurulmasının 25 ili tamam olur. ÇKP Mərkəzi Komitəsinin Avrasiya Departamentinin rəhbərliyinin 1999-cu il dekabrın 20-21-də Yeni Azərbaycan Partiyasının I qurultayında iştirak etmək üçün ölkəmizə səfəri ilə partiyalararası əməkdaşlıq əlaqələrinin əsası qoyulmuşdur.
Sübuta ehtiyacı olmayan həqiqət ondan ibarətdir ki, iki partiya arasında yaxınlaşma və əməkdaşlığın dərinləşməsi məhz dövlət başçılarının siyasi iradəsi sayəsində mümkün olmuşdur. Hər iki partiya xalqa söykənərək dövlətin qarşısında duran strateji vəzifələrin yerinə yetirilməsi üçün bütün gücünü səfərbər edərək tarixi nailiyyətlərə imza atır və bu proses davamlı məzmun kəsb edir.
Sevindirici haldır ki, dost və strateji tərəfdaş ölkə olan Çinin məşhur “Huawei” şirkəti də artıq işğaldan azad olunmuş Qarabağda “agıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasında yaxından iştirak edir, bərpa və yenidənqurma prosesinə öz layiqli töhfəsini verir. Bu töhfənin ilhamverici və istiqamətverici qüvvəsi kimi ÇKP çıxış edir.
Təsadüfi deyildir ki, 2021-ci ilin fevral ayında ÇKP ilə YAP arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri, eləcə də Azərbaycana qarşı xüsusi münasibət nəzərə alınaraq, ÇKP Mərkəzi Komitəsi tərəfindən YAP-a 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda qərarda vurğulanmışdır ki, vaksinlər YAP-a yardım məqsədilə, təmənnasız veriləcəkdir və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər. Zənnimizcə, ÇKP-nin atdığı bu addım hər cür tərifdən belə yüksəkdə dayanır.
Hər iki dost ölkənin müvafiq olaraq siyasi sisteminin əsasını təşkil edən YAP və ÇKP arasında əməkdaşlıq mühiti qarşılıqlı səfərlər, konfranslar və video formatda təmaslar çərçivəsində də inkişaf etdirilir. Hər iki partiyanın məsul şəxslərinin müxtəlif formatlarda ünsiyyəti nəticə etibarilə partiyalararası dialoqun daha da zənginləşməsi və qarşılıqlı maraq doğuran məsələlərin uğurlu həlli mənafeyinə xidmət göstərir.
Məsələyə bu xüsusda yanaşdıqda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi altında geniş nümayəndə heyyətinin 12-20 noyabr tarixində ÇXR-ə səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Pekin-Nankin-Nantun-Şanxay marşrutu üzrə mühüm görüşlər keçirilmiş, partiyalararası əməkdaşlıq mühitini zənginləşdirən və keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldən addımlar atılmışdır. Söhbət ilk növbədə 10 milyon əhalisi olan və zəngin tarixə malik Nankin şəhərində 13 noyabr tarixində YAP və ÇKP arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin hüquqi-normativ bazasını yaradan Memorandumun imzalanmasından gedir. Sənədi Azərbaycan tərəfdən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, tərəfdaş ölkə tərəfindən isə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao imzalamışdır. Tərəflər bəyan etmişlər ki, partiyalararası dialoq və əməkdaşlıq mühitinin daha da inkişafı mənafeyinə xidmət edən Memorandum iki dövlət arasında cari ilin 3 iyul tarixində Astanada imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin müvafiq bəndinə uyğun olaraq ərsəyə gəlmişdir. Bu sənəd öz mahiyyət və məzmunu etibarilə partiyalararası əməkdaşlığın bundan sonrakı dövr üçün inkişafının “yol xəritəsi” hesab oluna bilər. Aparılan danışıqlar əsnasında Azərbaycan-Çin münasibətləri BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də müzakirə olunmuş, ölkəmizin COP29 konfransına ev sahibliyi etməsi və qlobal iqlim problemlərinin həllinə töhvə vermək potensialı yüksək dəyərləndirilmişdir.
Səfər çərçivəsində YAP nümayəndə heyyəti noyabrın 14-də Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun “Qlobal Cənub: bərabərlik, açıqlıq və əməkdaşlıq” mövzusunda keçirilən açılış mərasimi və plenar iclasında iştirak etmişdir.
Analitik beyin mərkəzləri təmsilçilərinin ümumi mövqeyi ondan ibarət olmuşdur ki, “soyuq müharibə” dövründə planetimizin “3 dünya”ya bölgüsü mövcud idi. “Birinci dünya”- kapitalist, “ikinci dünya” - sosialist, “üçüncü dünya” isə diğər ölkələri əhatə edirdi. Dünya sosializm sisteminin dağılması ilə “ikinci dünya” siyasi səhnəni tərk etdi. “Birinci dünya” - Qlobal Şimal, “üçüncü dünya” isə Qlobal Cənub adlandırıldı. “Qlobal Şimal”a Şimali Amerika, Avropa, Avstaliya, Yaponiya, İsrail və s. daxildir. “Qlobal Cənub” isə Çin, Hindistan, Rusiya, Braziliya, Meksika, Afrika, latın Amerikası ölkələri və s. ilə təmsil olunur. “Qlobal Şimal” (əsasən Qərb ölkələri) “Qlobal Cənub”a qarşı amiranə davranış ortaya qoyur, hegemonluq siyasətini həyata keçirirlər.
Bu xüsusda qeyd olunmuşdur ki, Çin güclənməkdə olan iqtisadi potensilaına adekvat olaraq fəal xarici siyasət kursu həyata keçirir. Məşhur Çin siyasi lideri Den Syaopinin “bir dövlət, iki sistem” prinsipini uğurla həyata keçirən rəsmi Pekin 1997-ci ildə Syanqanı (keçmiş Honkonq), 1999-cu ildə Aomini (Makao) xüsusi ərazi vahidi statusunda tərkibinə qata bilmişdir. Perspektivdə Tayvanın da anoloji vəziyətlə üzləşəcəyi istisna deyil. Rəsmi Vaşinqton “vahid Çin” prinsipinə sözdə loyallıq nümayiş etdirsə də, praktiki olaraq “Tayvan məsələsi”ndə rəsmi Pekinlə tam əsk mövqedən çıxış edir. “Tayvan böhranı” bu gün hətta bir sıra parametrlər üzrə “Ukrayna böhranı”nı üstələmişdir. Bu böhranlar fonunda müvafiq olaraq həm Çin-ABŞ münasibətləri, həm də Rusiyanın ABŞ başda olmaqla kollektiv Qərb ilə əlaqələri tam qırılmaq həddinə gəlib çatmışdır. Həm Moskva, həm də Pekin Vaşinqtonu və Brüsseli ölkələrin daxili işlərinə qarışmaqda və beləliklə beynəlxalq hüququn norma və prinsiplərinə qarşı həqarətli davranışda itiham edirlər. Qarşı tərəflər də öz növbəsində anoloji ittihamlarla çıxış edirlər. Kremlin məntiqinə gorə, Ukrayna hərbi blok seçimində azaddır, lakin bu halda “təhlükəsziliyin bölünməzliyi” prinsipinə əməl edilməlidir, çünki Ukraynanın NATO seçimindən sonra Rusiya üçün ciddi təhdid yaranacaqdır. Ağ ev isə bu yanaşmanı qəbul etmir və məlum Rusiya-Ukrayna müharibəsində bütün istiqamətlər üzrə ikincinin yanındadır. Vəziyyətin dramatikləşməsi tendensiyası nüvə müharibəsi məsələsini aktual edir. Bu isə qlobal fəlakət deməkdir. Eyni zamnada “Tayvan böhranı” fonunda Rusiya-Çin münasibətlərində xüsusi istiləşmə müşahidə olunmaqdadır. Bu reallıq isə çoxqütüblü dünyanın tam formalaşması prosesinə əlavə stimul verir. Yeni dünya nizamının formalaşması prosesi məntiqi sonluğuna çatmaqdadır. Son Moskva-Vaşinqton, Moskva-Brüssel və Pekin-Vaşinqton qarşıdurması sözügüdən prosesin həm lakmus kağızı, həm də katalizatoru olmuşdur.
Plenar iclasda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri müzakirə predmeti ilə bağlı siyasi düşüncələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. O, xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələndirici körpü rolunu oynamaq missiyasını uğurla həyata keçirir. Azərbaycanda reallaşdırılan COP29 konfransı çərçivəsində də eyni strateji niyyətin təminatı mənafeyinə xidmət ölkəmizin Qoşulmama Hərəkatına sədrlik etdiyi 4 il ərzində də multikultural dəyərlərin təbliğinə böyük töhfələr vermiş və bu xüsusda rəqiblərə çevrilmiş iki qütb arasında fundamental məsələlərdə harmoniyanın əldə edilməsi siyasətinə sadiq qalmışdır.
Tədbirin sonunda Qlobal Cənub Beyin Mərkəzləri Alyansının yaradılması haqqında qərar qəbul olunmuşdur.
Səfər çərçivəsində noyabrın 14 və 15-də müvafiq olaraq Szyansu Vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Çjou Quançji, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin Altıncı Departamentinin direktoru xanım Van Min, noyabrın 16-da isə ÇKP Nantun şəhər rəhbərliyi görüş keçirilmişdir. Təmaslarda ikitərəfli və çoxtərəfli Bakı-Pekin münasibətlərinin bugünkü vəziyyəti və gələcək perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılmış, partiyalararası əməkdaşılıq mühitinin bundan sonrakı inkişafi ilə bağlı praktiki xarakterli addımların atılmasının vacibliyi vurğulanmışdır. Eyni zamnada nümayəndə heyyəti Nantun şəhərində bir sıra diğər tədbirlərdə iştirak etmişdir. Bu, ilk növbədə ÇKP Sucian ərazi təşkilatı, Sucian kənd muzeyi və Pilotsuz Avtomobillərin Elmi-Texniki Mərkəzi ilə tanışlıq məsələlərini özündə ehtiva etmişdir. Noyabrın 17-dən 19-dək dünyanın bir nömrəli maliyyə və logistika mərkəzinə çevrilmiş 25 milyonluq Şanxay şəhərində YAP nümayəndə heyyətinin görüşləri davam etdirilmişdir. ÇKP-nin Şanxay şəhər komitəsində və Şanxay Şəhər Partiya məktəbində keçirilən görüşlərdə ilk növbədə dünyada artan təhdidlər və çağırışlar konteksində ikitərəfli əməkdaşlıq mühitinin dərinləşdirilməsinin tarixi zərurətə çevrildiyi vurğulanmış, bu xüsusda Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərini yaranmasının əhəmiyyəti qeyd olunmuş, mühüm hüquqi bazaya söykənərək partiyalararası dialoq, habelə təhsil və elmi əməkdaşlıq mühitin təşviq olunmasının vacibliyi önə çəkilmişdir.
Beləliklə, YAP nümayəndə heyyətinin ÇXR-ə səfəri, keçirilən görüşlər və iki dövlətin hakim partiyaları - YAP və ÇKP arasında imzalanmış Memorandum bir daha sübut etdi ki, rəsmi Bakı və Pekin beynəlxalq münasibətlərdə ədalət prinsipinin təntənəsi naminə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin daha da zənginləşdirilməsi və ikitərəfli tərəfdaşlıq səviyyəsinin strateji məzmun almasında nəinki maraqlıdır, eyni zamanda bu istiqamətdə ciddi əməli addımlar atır. Bu addımlar hər iki dost və tərəfdaş dövlətin milli maraqlarına cavab verir və heç bir üçüncü dövlətə qarşı yönəlməmişdir.

Elman Nəsirov
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

Избранный
85
18
sesqazeti.az

10Источники