RU

“Yalnızlıq bəzi insanlar üçün çarəsizlik və hüzn qaynağına çevrilir“ - PSİXOLOQ FİKRİ

“Biz insanıq və sosial varlıqlarıq. Ancaq, ətrafımızda bəzən elə insanlar olur ki, onu heç kimin anlamadığını düşünür, çevrəsindən getdikcə uzaqlaşır və tək qalmaq istəyir. Təbii ki, hamımızın həyatımızın müəyyən bir dönəmində tək qalmaq istəyi olmuşdur. Ancaq davamlı yalnız qalma, insanlardan uzaqlaşaraq tək yaşamaq istəyi bununla qarışdırılmamalıdır. Bu insanlar ətrafında çox sayda insan olsa da yenə də tənhanlığa çəkilir və özünü yalnız hiss edir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, yalnızlıq hissi bəziləri üçün keçici bir ruh halıdırsa, bəzi insanlar üçün əksinə çarəsizlik və hüzn qaynağına çevrilir: “Son zamanlar uşaqlar və yeniyetmələr arasında da bu halların çoxalması baş verir. Burda da iki tip uşaqlar var, birinciləri yalnız qalmağı, tək oynamağı sevir, digərləri isə əksinə tək qalmaqdan qorxurlar. Tək qalanda qorxmaq nəyinki kiçik yaşlı uşaqlarda, hətta irəli yaşlarda olan uşaqlarda,yeniyetmələrdə dəmüşahidə olunan problemlərdəndir. Məsələn valideyn bizə bildirir ki, “Övladım cizgi filminə baxır, mən də mətbəxdə ev işlərini görürəm. Bu zaman onun digər otaqdan həyəcan və panikaya qapılmış şəkildə ağlaya-ağlaya gəldiyini görürəm. Sonradan bu hallar, yəni tək qaldıqda qorxması davamlı yaşanmağa başladı, ona görə də hər zaman ya atası, ya da mən yanında oluruq. Bu problemdən çıxış yolu nədir?”

Bildirmək lazımdır ki, burada ilk diqqət ediləsi məqam bu kimi halların uşaqlarda nə zamandan etibarən başlamasıdır. Yəni, əgər uşaqda bu proses kiçik yaşlardan deyil, müəyyən yaş aralığından sonra müşahidə edilirsə burda demək ki, travma faktoru vardır. Məsələn: uşaq hansısa bir hadisədən və ya baxdığı qorxulu filmdən, danışılan əhvalatdan təsirlənə, kimdənsə qorxa bilər və bu onun psixologiyasını zədələyə orada travma kimi qala bilər. Belə situasiyada uşaqlar həyəcan-təşviş keçirir və həmin an yanlarında kiminsə olmasını istəyirlər, bu həm də onlarda özgüvəni müəyyən qədər də olsa artırmağa kömək edir. Bu hal tək yata bilməməkdə də özünü göstərə bilir ki, məsələn: tək yata bilməyən, yuxu görən zaman qorxan, ağlayaraq ayılıb ata-anasını səsləyən uşaqlar vardır. Bundan əlavə davamlı mənfi şeylər danışan, nevrotik, təlaşlı , obsessiyaları olan, övladını daima hər şeydən qorumağa çalışan, qərarları onun adından qəbul edən, həddindən artıq qoruyucu və s. kimi valideynlərin övladalarında da belə qorxu halları tez-tez müşahidə edilir. Belə uşaqlar irəli yaşlarda bağça və məktəb həyatında da müxtəlif problemlər yaşayır, adaptasiya olmaqda çətinlik çəkirlər. Bu səbəbdən əvvəlcə valideynlər də davranışlarını nəzərdən keçirməli və lazım gələrsə ailə terapiyası görməsi lazımdır”.

Müəllif: Səbinə Hüseynli
Избранный
30
sia.az

1Источники