RU

"Kimsə sənin özəl bölgələrinə icazəsiz toxuna bilməz" - PSİXOLOQ İZAH ETDİ

"Uşaqlarla məhrəm mövzularda danışmağın yaşı var". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytac Nağılı deyib.

O bildirib ki, mütləq şəkildə cinsəl kimlik burada xüsusi əhəmiyyətlidir: "Cinsəl kimlik, cinsi inkişaf mərhələləri uşağın mütləq şəkildə araşdırdığı, həmişə ona maraqlı və qaranlıq qalan mövzulardandır. Öz bədənini kəşf etdiyi müddətdə mütləq açıqlamalı olduğumuz bəzi məlumatlar var.

İlk olaraq övladımız 4-7 yaş arasında bədənini kəşf etməyə başlayır. Bu, çox zaman 3 yaşdan da başlaya bilir. Ancaq 4-7 yaş arasında uşaq artıq bədənində gedən dəyişikliklərin fərqinə varır. Bu dəyişikliklər sayəsində anlayır ki, artıq bədəni həmişəki şəkildə deyil, bəzi hisləri hiss etməyə başlayır. Bu dövrə uşağın bədənini kəşf etdiyi dövr deyirik. Freydin məşhur "Psixoanaliz" nəzəriyyəsinə görə 4-7 yaş mərhələsi (bəzi ədəbiyyatlarda 3-6 yaş da keçir) fallik dövrdür. Bu dövrdə uşaqlar cinsəl kimliklərini kəşf etdikləri mərhələyə başlayırlar. Buna cinsi oyanma deyə bilərik.

Əsasən də, 5 yaşlı uşaqlarda görürük ki, sual verirlər ki, oğlan, qız niyə belədir? Hələ evdə bir bacı, bir qardaş varsa, bu onlara daha da maraqlı gəlir. Əgər bir evdə bacı-qardaş varsa, bu suallar 5 yaşdan tez ola bilir. Ancaq biz onlara bu sualları açıq-aydın şəkildə bu yaş mərhələsində cavablamamalıyıq. Belə cavablaya bilərik: "Sən fərqlisən, o fərqlidir. Necə ki, sən güzgüyə baxarkən özünü fərqli görürsənsə, o da o cür fərqlidir. Yəni hər birimiz fərqliyik. Qızlar sənin bildiyin kimidir, oğlanlar isə qardaşın kimidir. Qardaşın ayaqyolunda olanda, yaxud da otaqda olanda onun yanına birdən-birə girmək olmaz. Çünki ayıbdır. Biz onun mütləq paltarını dəyişdiyi zaman kənarda dayanmalıyıq". Bu kimi anlayışları uşağımıza əvvəldən ötürürük. Biz ona həm başqasına, həm də özünə necə davranmalı olduğunu göstərərək qeyd etməliyik. Eyni zamanda onun da insan içində əynini gəyinməməli olduğunu, kiminsə ona toxunmasına icazə verməməli olduğunu başa salmalıyıq. "Çünki onlar bizim özəl bölgələrimizdir". Yəni özəl bölgələrimiz məlumatını da uşaqlarımıza mütləq şəkildə məktəbəqədər dövrdə verməliyik. Amma valideyn-övlad münasibətində uşaq özünü rahat hiss etmirsə, soruşmaya bilər. Bu zaman belə özəl bölgələrimiz məlumatı müəyyən qədər verilməlidir. Yəni kimsə onun özəl bölgələrinə icazəsiz toxuna bilməz".

"Əgər məhrəmdən danışırıqsa, mütləq şəkildə 10 yaş sonrasında, yeniyetməliyin əvvəlində uşaqlarda görürük ki, bu sualları daha dərin axtarırlar. Əgər uşağımız hazırdırsa, biz uşağımıza müəyyən məlumatları daha açıq şəkildə verə bilərik. Məsələn, necə dünyaya gəldiyimizi, niyə onda bu şəkildə olduğunu soruşa bilər. Yaxud da, qızlarda artıq qadınlıq dönəminin başlandığı mərhələdən danışacağıqsa, bədəndə dəyişim haqqında məlumat verə bilərik. Bu, uşağımızın ehtiyaclarından asılı olacaq. Uşağımız bizdən üzdən məlumat istəyirsə, verəcəyimiz məlumat da üzdən olmalıdır. Bütün uşaqlara eyni məlumatı vermirik. Uşağın verdiyi sual xüsusilə əhəmiyyətli rol oynayır. Aldığı cavabın qarşılığında uşaq qane olubsa, əlavə sual verməyəcək. Düşünürəm ki, ümumi cinsəl kimlikdən, məhrəm mövzulardan danışırıqsa, uşağın ehtiyacı nəzərə alınmasa, ümumi məlumatla ona pislik edərik. Ancaq mütləq şəkildə bədənimizdə toxunulmayacaq hissələrin məlumatını verməliyik. Biz də əslində uşağımızla məhrəm mövzularda zarafatlar etməməliyik. Arxa nahiyəyə vurmaq olsun, anaların uşaqlarının dodağından öpmək olsun, qəti şəkildə olmamalıdır. Heç bir valideyn uşağının dodağından öpməməlidir. Çünki bu onun cinsəl kimlik anlayışını zədələmiş olur. Uşağımıza yanlış siqnallar ötürmüş oluruq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Избранный
25
sia.az

1Источники