RU

Çiçəklənən Kəlbəcərimiz

27 sentyabr 2020-ci ildə erməni silahlı birləşmələrinin növbəti təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini tarixi Zəfərimizlə sona çatdırdı. 30 ilə yaxın erməni işğalı altında inləyən Vətən torpaqlarımız düşmən tapdağından azad edildi. 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atan Ermənistan Ağdamı, Laçını və Kəlbəcəri hərbi əməliyyatlar aparılmadan Azərbaycana təhvil verdi. Kəlbəcərin 25 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən nəzarətə alınması əlamətdar hadisə olaraq yaddaşlarda qalacaq. Artıq 25 noyabr - Kəlbəcər şəhəri günü kimi xalqımız tərəfindən qürurla qeyd edilir.

Postmüharibə dövründə qarşıda duran əsas vəzifə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, Azərbaycanın müxtəlif bölgələrində yaşayan keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və onlar üçün daha yaxşı şəraitin yaradılmasıdır. Hal-hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Artıq xeyli sayda keçmiş məcburi köçkün ailəsi öz doğma ata-baba yurduna qaytarılmış və burada bütün lazımi mənzil-məişət şəraiti ilə təmin edilmişdir. Qayıdış prosesinin uğurla davam etdirilməsi üçün ölkə Prezidenti Cənab İlham Əliyev bütün lazımi Sərəncam, tapşırıq və tövsiyyələrini verir.

Təkcə Kəlbəcər şəhərində deyil, rayonun kəndlərində də əhalinin məskunlaşdırılması üçün ciddi və planlı işlər intensiv davam etdirilir. Rayonun Zallar kəndində ümumilikdə 487, Zar kəndində isə ümumilikdə 855 ailənin məskunlaşması nəzərdə tutulub. Kəlbəcər rayonunun enerji potensialı da kifayət qədər yüksəkdir. Dövlət başçımızın iştirakı ilə açılışı reallaşan “Kəlbəcər-1”, “Qamışlı”, “Meydan”, “Çıraq-1”, “Çıraq-2” “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyaları  Kəlbəcər rayonunun enerji potensialına kifayət qədər töhvələr verəcək. Eyni zamanda ölkə başçımız Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi də tam sürətlə davam etdirilir.

Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır. 2 sentyabr 2024-cü ildə Kəlbəcər rayonuna səfər edən dövlət başçımız vacib əhəmiyyətli obyektlərin təməlqoyma mərasimlərində iştirak etdi, burada aparılan işlərin gedişatı ilə yaxından tanış oldu. Ölkə başçımız Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” mineral su zavodunun, “Zar” KSES-in, Göygöl rayonunda “Toğanalı” KSES-in, həmçinin “İstisu” yarımstansiyasının açılış mərasimində yaxından iştirak etdi. Cənab İlham Əliyev Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə, “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu.

Azərbaycan xalqı tam əmindir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində doğma, füsünkar Kəlbəcərimiz gələcəkdə ölkəmizin ən çiçəklənən bölgələrindən birinə çevriləcək.

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Избранный
27
ikisahil.az

1Источники