RU

Rəhbər şəxsdən milli komanda ilə bağlı ŞOK SÖZLƏR: "Kişi kimi uduzun, dovşan kimi yox"

Premyer Liqanın 14-cü turunda baş tutan "Kəpəz" Araz-Naxçıvan" matçını izləyənlər arasında Naxçıvan Futbol Federasiyasının rəhbəri Zaur Axundov da olub.

Titul.az xəbər verir ki, o, Muxtar respublika təmsilçisinin qələbəsi ilə başa çatan (0:2) qarşılaşmadan sonra sportinfo.az-a müsahibə verib. Funksioner ilk olaraq görüş haqqında danışıb.

- Qələbə qazandığımız üçün sevinirik. Gözəl oyuna görə "Kəpəz"i təbrik edirəm. Azər Bağırov dönüş edə bilib. Açığı, heç-heçəlik oyun idi. Amma bu futboldur. Qələbəyə görə komandanı təbrik edirəm.

- Nəticədən razı, oyundan narazı qaldığınızı demək olar?

- Bəli. İradımı da futbolçulara bildirdim.

- Paltardəyişmə otağından gec çıxmağınız bununla bağlı idi?

- Yox (gülür). Hər oyundan sonra uşaqları bir-bir təbrik edirəm. Oyundan öncə də demişdim ki, meydana boş çıxmaq olmaz. Futbol belə şeyləri sevmir. Azər Bağırov gələndən sonra "Kəpəz" müsbət tərəfə çox dəyişib.

- İradı bildirdiniz, bəs mükafatla bağlı vədiniz oldu?

- Mükafatı klubun prezidenti vəd verəcək. Buna mən qarışmıram.

- Artıq 13 oyundu "Araz" məğlub olmur. Bunu çempionluq mübarizəsində olmağın mesajı kimi qəbul etmək olar?

- Qətiyyən. Qarşıda 22 tur var. Bugünkü nəticələr sevindirir. Kaş belə qələbələr bizim milli komandamızda da olardı. Mənim üçün "Araz"dan da vacib Azərbaycan milli komandasıdır. Bir neçə gün əvvəl acı məğlubiyyət yaşadıq. Mən hələ də özümə gələ bilmirəm. Bu olmamalı idi. Canni De Byazini istəmədilər qovdular. Amma onun vaxtında milli İsveçi məğlub edirdi. Mən hər zaman demişəm ki, istəyirsiz Mourinyonu gətirək. Futbolçu meydanda can qoymalıdır. Rəqibdən 10 qat zəif ola bilərsən. Amma uduzanda kişi kimi uduz, dovşan kimi yox. Bu oyunçular can qoymadı. Bilmirəm niyə. Əgər bu komanda mənim olsaydı, əvəzedici komandanı oynadardım, amma onları qoymazdım. Fernandu Santuş olmur, kim olur olsun.

- Sizin AFFA rəhbərliyində təmsil olunduğunuz dönəmdə də milli komandaya əcnəbi baş məşqçilər təyin olunurdu. Əgər sizin dediyiniz kimi Mourinyo da gəlsə nəsə dəyişməyəcəksə, biz niyə həmin əcnəbiləri gətiririk?

- De Byazi, Santuş peşəkar məşqçilərdi. Dünya futbolunda ad qoymuş insanlardı. Amma futbolu onlar oynamır axı. Mən İcraiyyə Komitəsində olanda da deyirdim ki, milli komandanın klublarla əlaqəsi yoxdur. Arada bir koordinator yoxdur. Ki, klubun da rəhbərinə lazım olanda iradını bildirsin.

- Məsələn nə kimi irad?

- Ay filankəs, sizin klubdan 3 futbolçu dəvət etmişik. Onlara siz də motivasiya verin. Sonuncu dəfə Slovakiyaya məğlub olandan sonra millinin oyunlarına getmirəm.

- Niyə?

- Çünki çox əsəbləşirəm. Komanda uduzur, amma futbolçular 1 saat sonra musiqiyə elə qulaq asır, yeməyə elə gedir ki, sanki uduzan biz deyilik. Təlim-tərbiyə yoxdur.

- Sözünüzdən belə çıxır ki, milli komandada intizam yoxdur?

- İki qat intizam yoxdur. Necə olur ki, ötən il 3:0 udduğumuz rəqibə bu gün 0:6 məğlub oluruq? Belə olmaz. Düzdü, bu gün İcraiyyə Komitəsində yoxam. Naxçıvan Futbol Federasiyasının rəhbəriyəm. Amma kim olursan ol. Bilirəm ki, mənə necə toxunubsa, sizə də 5 qat toxunub.

- İctimaiyyətdə belə bir fikir var ki, bugünkü nəticələrə görə sizin də yer aldığınız köhnə AFFA rəhbərliyi daha çox günahkardır?

- Kimi istəyirlər günahlandırsınlar. İfadəmə görə üzr istəyirəm. Gedəndən sonda lap zurna çalsınlar. Eyni adamlar 0:6 uduzur. Qocalmayıblar ki? Əgər futbolçu meydanda qorxursa, ayağını topa qoymursa ki, zədə alaram, buna Santuş, De Byazi və ya mən, siz nə edə bilər? Özünü qoruyur ki, klubda yaxşı maaş alıram. Niyə burda özümü zədələyim. Sonra da klubdan yola salsınlar. Bunu mən görürəm. Bu adamlar klub tərəfindən cəzalanmalıdılar. Millidə 5 gün olur. Məşq edir, oyuna çıxır vəssalam. Sonra da başlayırlar ki, bizə mükafat verin. Yoldaşlıq görüşünə mükafata istəyirlər. Dünyada belə bir şey yoxdur. Yoldaşlıq oyununa, heç-heçəyə mükafat vermək olar? Bu harda yazılıb?

- Futbolçuları və klubları qınadınız. Bəs federasiyanın günahı yoxdur?

- Federasiya nə etsin?

- Futbola cavabdeh qurum AFFA deyil?

- Düz deyirsiniz. Mən sizinlə razıyam. Federasiya bütün şəraiti yaradıb. Çarterlə uçuşu, yemək-içməyi, ən yaxşı otellərdə qalmağı federasiya edir. Peşəkar baş məşqçi gətirilib. Bundan başqa nə etməlidir? Bunu mənə başa salın. Rövşən Nəcəf lazım olan şəraiti yaradıb.

- Məsələn, AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qruplarının turnirləri bərbad vəziyyətdədir. İnfrastruktur yox səviyyəsindədir. Axı AFFA buna da cavabdehdir.

- O başqa məsələ. Təbii ki, AFFA buna da cavabdehdir. Akademiylar olmalıdır.

- Naxçıvan Futbol Federasiyasının rəhbəri kimi uşaq futbolunda siz hansı işlərin görülməsinə təşəbbüs göstərirsiniz?

- İndidən başlamışıq. Orada daxili çempionat başlayacaq. Bir ay öncə daxili iclas elədim. İki ay vaxt vermişəm. Məşqçilərin maaşların da qaldırmışam. Əlavə motivasiya olsun. Amma mənə oyunçu verməlidirlər. Tapşırmışam ki, nə edirsiz edin mənə 12-13 oyunçu verin. Lazım olsa valideynlərdən xahiş edəcəm. Hamısı olmasa da 7-8 nəfəri Bakıya gətirəcəm. Burada hər bir şəraiti yaradacam. Gələcəyə material olsun. İldə iki dəfə bunu edəcəyik. Alınmasa məşqçilər işini itirəcək. Yeni komanda quracam. Mən niyə ancaq əcnəbiləri gətirməliyəm? Yaxşı azərbaycanlı futbolçunu çıraqla axtarırıq. Yanvarın 10-u Naxçıvana gedəcəm. Özümlə Elmar Baxşıyev və digər məşqçiləri də aparacam. Mən görmədiyimi onlar peşəkar gözü ilə görsünlər. 5 nəfər seçilsin, amma seçilsin. Belə işləmək lazımdır.

- Özünüz Naxçıvana gedəcəksiniz. Məşqçiləri də özünüzlə aparırsınız. Bəs futbolçuları nə vaxt ora aparacaqsız?

- Bu mənim ən yaralı yerimdir. Stadionda işləri maya qədər bitirmək istəyirik. Birinci Liqada komandanın oyununa 10 min azarkeş gətirdi. Bunun nəyi pisdir? Naxçıvana gedəndə az qala öldürürdülər məni. Xahiş edirdilər ki, Naxçıvan komandası Naxçıvanda oynamalıdır. Düz də deyirlər. Jurnalistlər kimi azarkeşlər də həmişə düz deyir. Bunun üzərində işlər gedir. AFFA ilə də danışıqlar aparırıq.

- Meydan süni, yoxsa təbii olacaq?

- Süni olacaq. Naxçıvanın iqlimi çox ağırdı.

- VAR maşını ilə bağlı problem necə olacaq?

- Bu artıq AFFA-nın işidir. Biz gedəcəyiksə, onlar da dəstək olacaq.

- Avrokuboklar oyunu Naxçıvanda keçirlə bilər?

- Hələ avrokuboklara vəsiqə qazanaq, sonra bunu danışarıq.

- Çempionluqla bağlı olduğu kimi, avrokuboklarla bağlı da ehtiyatlı danışdınız. Komandaya inam azdı, yoxsa necə?

- Keçənilki mənə dərs olub. Onda da qışa qədər yaxşı gəlmişdik. "Qarabağ"ı məğlub edəndən sonra 8 oyun uduzduq. Kaş elə "Qarabağ"a uduzardıq.

- Gənc futbolçunuz Mustafa Əhmədzadə barədə çox danışılır. Onunla bağlı sizin fikirləriniz necədir?

- Hələ bundan sonra onun başına yumruq çox dəyməlidir ki, inkişaf etsin. Eşidirəm ki, ordan-burdan zənglər gəlir. Menecerlər artıq hərəkətə keçib. Bu uşaq hələ iki aydı ortaya çıxıb. Atası ilə də görüşmüşəm. Dedim ki, milliyə çağrılasa da ulduz xəstəliyinə tutulmaq olmaz. 20 yaşında onu bədbəxt etmək olmaz. Eyforiyaya düşmək olmaz. Mənim əlimdə düşə də bilməzlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Избранный
27
6
titul.az

7Источники