RU

Osloda Amerika səfirliyinin casusluqda şübhəli bilinən mühafizəçisi həbs edilib

 
"Rusiya və İranın xeyrinə casusluqda şübhəli bilinən 20 yaşlı norveçli tələbəni 10 il həbs cəzası gözləyir..."
 
ABŞ-ın Oslodakı səfirliyində mühafizəçisi işləmiş 20 yaşlı Norveç vətəndaşı Rusiya və İranın xeyrinə casusluqda şübhəli bilinərək həbs edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, o, ötən çərşənbə günü saxlanılıb. Cümə axşamı o, dörd həftə müddətində istintaq təcridxanasına salınıb. Həm də ilk yeddi gününü digər məhbuslardan təcriddə keçirəcək.
 
Krallıqda əkskəşfiyyat funksiyalarını icra edən Norveç polisi təhlükəsizlik xidmətini hüquqşünası Tomas Blom bu işin təfərrüatları barədə danışıb.
 
Blomun sözlərinə görə, şübhəli bilinən istintaqla əməkdaşlığa girərək Rusiya və İran kəşfiyyatları nümayəndələri ilə öz təmaslarından danışıb. Səfirliyin mühafizəçisindən rəqəmsal informasiya daşıyıcılarında saxlanılan böyük həcmdə materiallar müsadirə edilib.
 
Əkskəşfiyyat nümayəndəsi əlavə edib ki, hələlik saxlanılan şəxsin Moskva və Tehran nümayəndələrinə nələri danışmağa macal tapdığı, həmçinin onun prinsipcə məxfi məlumatlara çıxışı olduğu aydın deyil.
 
"Biz geniş təqdiqatın lap başlanğıcındayıq", - Tomas Blom məlumat verib. O, əlavə edib ki, səfirliyin həbs edilmiş mühafizəçisinə qarşı irəli sürüləcək ittihamlar onun açıqladığı məlumatların xarakterindən asılı olacaq. Ən pis halda şübhəli bilinəni dövlət sirrinin yayılmasına görə 10 il həbs cəzası gözləyir.
 
Saxlanılan şəxsin vəkili Con Kristian Elden Norveçin  NRK telekanalına müsahibəsində qeyd edib ki, onun müştərisi xarici dövlətlə əməkdaşlığını etiraf edir, lakin bunu casusluq hesab etmir. "O, üçüncü ölkələrin təhlükəsizliyinə təhlükə ola biləcək məlumatların toplanmasında ittiham edilir", - Elden əlavə edib.
 
Həmçinin bəlli olub ki, saxlanılan şəxs Norveç Arktika Universitetində təhlükəsizlik və idarəetmə riskləri sahəsində bakalavr təhsili alır. Bu, son illərdə bu təhsil müəssisəsi ilə bağlı artıq ikinci insidentdir.
 
Bundan öncə 2022-ci ildə həmin universitetin tələbəsi həbs edilib və Rusiya casusu kimi ifşa edilib. Özünü braziliyalı kimi təqdim edən Joze Assis Camariya Rusiya vətəndaşı Mixail Mikuşkin olub. 2024-cü ilin avqustunda o, Rusiya və Qərb arasında məhbus mübadiləsi nəticəsində azadlığa buraxılıb.
 
NRK telekanalının məlumatına görə, bu iş üzrə saxlanılan şəxs Norveç vətəndaşlığı ilə bərabər Şərqi Avropa ölkələrindən birinin vətəndaşlığı olan başqa bir şəxslə birgə mühafizə şirkətinə rəhbərlik edir. Bu təşkilatda heç bir başqa əməkdaş yoxdur.
 
NRK-nın təqdiqatından bəlli olur ki, bu şirkət Norveç polisindən Osloda təhlükəsizlik, müşayiət və nəzarət xidmətlərinin göstərilməsinə icazə alıb. Norveç paytaxtının polisləri NRK jurnalistləri tərəfindən aşkar edilən məlumatları nə təsdiq, nə də təkzib edib.
Избранный
25
moderator.az

1Источники