İrlandiyalı boksçu və qarışıq döyüş ustası Konor Makqreqor bir qadının şikayəti əsasında zorlamada təqsirli bilinib. Məşhur idmançı buna görə 250 min avro cərimə ödəyəcək.
Reyting.az "Associated Press" nəşrinə istinadla xəbər verir ki, İrlandiyada münsiflər heyəti keçmiş MMA döyüşçüsü Konor Makqreqoru 2018-ci ildə qadına təcavüz etməkdə təqsirli bilib. Lakin onun törətdiyi bu əməl daha sonra məhkəmə tərəfindən cinayət tərkibindən çıxarılıb.
İrlandiya məhkəməsinin qərarına əsasən, Makqreqor zərərçəkən qadına 250 min avro ödəyəcək.
Qeyd edək ki, ilkin istintaqda prokurorlar Makqreqora qarşı ittiham irəli sürməmək qərarına gəlmişdilər. Prokurorluqdan isə bu ittihamla bağlı bildiriblər ki, boksçuya qarşı irəli sürülən dəlillər əslində cinayət məhkəməsində mühakimə olunmaq üçün yetərli deyil.
Nəşr məhkəmə qərarı ilə bağlı yazır:
"Bütün anqlosakson hüquq sisteminə malik olan ölkələrdə olduğu kimi, İrlandiyada da belə mülki məhkəmə proseslərində daha aşağı səviyyəli sübut standartları mövcuddur. Onu da nəzərə almaq lazımdır ki, bu hadisə 2018-ci ilin dekabrında baş verib. Qadının dediyinə görə, Makqreqor onu Dublində yerləşən "Beacon" otelinin penthausunda zorlayıb və sonra döyüb. Müayinə zamanı qadının üzündə və bədənində sıyrıqlar, qançırlar qeydə alınıb".
Lakin 36 yaşlı K. Makqreqor təkidlə öz təqsirsizliyini qoruyub. Məşhur idmançı qadına qarşı zorakılıq etmədiyini, qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduqlarını bildirib.