RU

Samir Abasov: “Həddindən artıq dinamik olmalıyıq”

Azərbaycan Premyer Liqasının XIV turunun “Neftçi” – “Zirə” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Futbolçularımı təbrik edirəm. Bugünkü oyuna yaxşı əhvalla çıxdıq. Sözün əsl mənasında yaxşı rəqibə qarşı mübarizə apardıq. Hansı ki, matçın içində də bizə çox əziyyət verdilər. Amma nə xoş ki, qalib biz olduq. Bizim bu qələbəyə çox ehtiyacımız var idi.

– Neçə gündür ki, millinin oyunları müzakirə olunur. Həmçinin “Neftçi”nin bir sıra üzvü millinin heyətində çıxış edir. Ümumiyyətlə, milli komandanın son çıxışlarını necə dəyərləndirirsiz?

– Bir neçə il bundan əvvəl mən də millinin oyunçusu olmuşam. Belə məğlubiyyətlər bizim də başımıza gəlib. Həmin anlarda nə yaşamışamsa, indiki futbolçularım da aşağı-yuxarı eyni hissi yaşayıb. Milli hamımızındır. Nəticələrinə isə ya birlikdə sevinirik, ya da birlikdə üzülürük. Bu belə olmalıdır. Milliyə aidiyyatım olmayan bir məşqçi kimi istəmərəm ki, komandamın üzvləri ordan ruhsuz, suyu süzülmüş formada geri dönsünlər. Üzücü olsa da keçmiş olsun deyirəm və uğurlar arzulayıram. Bir baş məşqçi digər baş məşqçi haqda necə danışmalıdır? Küçədən gələn məşqçi də deyil, Avropa çempionudur. Namizədləri gözdən keçirsəydik, Santuşun adını birinci deyərdik. Ən azından təcrübəsinə görə. Azərbaycanlı da olsa, məşqçi haqda danışmaq istəmirəm. Bu etikadan təmiz kənardır.

– Milli komandanın Estoniya ilə oyunundan sonra ən çox tənqid olunan Ramil Şeydayev idi. İsveçlə oyundan sonra isə ən çox sarsıntı keçirən Rza Cəfərov idi. Onları bu görüşə necə kökləyə bildiz?

– Əminəm ki, ordakı bütün futbolçular məğlubiyyətə üzüldü. Doğrudur, onları bu oyuna kökləmək həddindən artıq çətin idi. Amma bu futboldur. Belə şeylər olacaq. Lakin futbolçunun peşəkarlığı burada önəmlidir. Rzanın gənc yaşında belə bir şey başına gəldiyinə görə onun üçün bir təcrübə olacaq.

– Növbəti turda “Qarabağ”la qarşılaşacaqsız. Sizcə, qələbə qazana bilərsiz?

– Bu gün həddindən artıq bir işə başlamışıq. Hazırda tam formalaşmış bir komanda deyilik. Çox işləməliyik. “Neftçi” adını qaytarmaq üçün əlimizdən gələni etməliyik. “Qarabağ”la görüşə hazırlaşacayıq. Başa düşürəm ki, bu matç azarkeşlərimiz üçün necə vacibdir. Ancaq öz işimizə köklənmişik.

– Bugünkü oyun Samir Abasovun “Neftçi”yə yeritdiyi sistemin qələbəsiydi, yoxsa oyunçuların döyüşkənliyinin?

– Faiz dərəcəsiylə götürsək, məncə, istək bu qələbədə daha önəmli rol oynadı. Qol buraxdıqdan sonra da bunu gördük. Həddindən artıq dinamik olmalıyıq. Əgər istək olmasa işləyə bilməyəcəyik. Bu qələbənin əsas memarı futbolçularda istək olması idi.

Избранный
18
futbolpress.az

1Источники