RU

Borrel “Putinlə Trampı danışıqlar masasında əyləşdirmək istəyir”...

Image

Ramil Hüseynov: “ABŞ-ın bir sıra məsələlərdə mövqeyi Avropa İttifaqı üçün həlledicidir”

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib ki, Rusiya prezidenti Vladimir Putin və tezliklə ABŞ prezidenti vəzifəsinə keçəcək Donald Tramp Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün danışıqlar masası arxasına əyləşəcəklər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Tramp Rusiya Federasiyasının narahatlığını dinləməyə və başa düşməyə hazır olduğunu göstərsə, bu, dinc dialoq üçün zəmin yarada bilər.

“Hər şey onu göstərir ki, Tramp və Putin danışıqlar masası arxasına əyləşəcək, Ukrayna isə menyuda olacaq. Mən bu yaxınlarda Ukraynada olmuşam və bu ehtimalla bağlı Volodimir Zelenski ilə danışmışam. Ona aydındır ki, hazırkı qərar ABŞ və Rusiyanın qəbul etməyəcəyi şeylərdir və bu başadüşüləndir”, – Borrel Cadena SER radiostansiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, əksər Avropa ölkələri, yekdilliklə olmasa da, Kiyevə yardımı davam etdirməyə hazırdır. Borrel vurğulayıb ki, Ukraynanın Rusiyanın dərinliklərinə hücum etmək üçün silahdan istifadə etməyə icazə verilməsi qərarını həmişə dəstəkləyib.

O da məlumdur ki, Borrelin səlahiyyət müddəti bitmək üzrədir. Maraqlıdır, o indiyə qədər belə yumşaq bəyanatlar niyə vermirdi? Niyə indi hakimiyyət səlahiyyətlərinin son günlərində belə bir bəyanat verir? Onda əminlik haradandır ki, Trampla Putin oturub danışacaq? 

“Ola bilsin, Trampın Putinlə danışıqlara başlayacağı barədə Borreldə hansısa məlumat var”

Sözügedən məsələyə aydınlıq gətirən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Borrelin məhz indi belə bir açıqlama ilə çıxış etməsini bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir səbəbi onunla bağlıdır ki, Bayden administrasiyası danışıqlara meylli deyildi. Ukraynaya silah yardımını artırırdı. Məhz Bayden prezident olandan bir il sonra Rusiya Ukraynaya hücum etdi. Ondan əvvəl Rusiya ultimativ şəkildə bəyan etdi ki, Ukraynanın NATO-ya inteqrasiyasına dözməyəcək və s. Ancaq Bayden adminstrasiyası müharibəni önləmək üçün heç bir ciddi qabaqlayıcı addım atmadı. Halbuki, müharibənin qarşısını almaq olardı. Kim nə deyir desin, ABŞ-ın bir sıra məsələlərdə mövqeyi Avropa İttifaqı üçün həlledicidir. ABŞ olmadan Aİ nə Ukrayna məsələsində, nə də digər məsələlərdə Rusiyanın qarşısında duruş gətirə biləcək. Rusiya-Ukrayna müharibəsində ABŞ-ın yardımı olmadan nəyəsə nail olmaq real görünmür. Bu baxımdan, ola bilsin, Trampın Putinlə danışıqlara başlayacağı barədə Borreldə hansısa məlumat var. O səbəbdən bu gethagetdə özünü “sülh göyərçini” kimi göstərmək istəyir. Ancaq hansısa anlaşma əldə edilsə belə, bu, Aİ ilə Borrelin aktivinə yazılmayacaq. Atəşkəs olsa belə, bu, Trampın uğuru kimi dəyərləndiriləcək. Ancaq istənilən halda Trampın Putinlə danışıqlar masasına oturacağı ilə bağlı qəti əminlik yoxdur. Ola bilsin, Tramp hərbi yox, digər təzyiq rıçaqlarına əl atsın. Məsələn, neftin qiymətini azaltmaqla Rusiyanı çətin duruma sala bilər. Bu da Moskvanı güzəştə getməyə məcbur edə bilər. Çünki Rusiya kimi nəhəng ölkənin gəlirləri əsasən neft-qaz hesabına formalaşır. Hər halda, bütün bunlar Trampla Putinin nə dərəcədə anlaşa biləcəyindən asılıdır. İndidən konkret proqnoz vermək çox çətindir”.

Vidadi ORDAHALLI





Избранный
37
50
baki-xeber.com

10Источники