RU

COP-29 çərçivəsində Azərbaycana qarşı yönəlmiş təhdidlər: Avropa Parlamentindən Benilüks ölkələrinə doğru - ŞƏRH

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) son günləri yəqin ki, Belçikanın Federal, Flaman, Valon və Brüssel parlamentlərinin 20 üzvünün bəyanatı ilə yadda qalacaq. Onlar Azərbaycan hökumətinə və COP29-da iştirak edən Belçika hökumət nümayəndə heyətinə üç əsas tələblə müraciət etdilər. Əfsuslar olsun ki, Belçika parlamentinin üzvləri tərəfindən səsləndirilən həmin iddialar nə tarixi reallıqlara, nə də beynəlxalq hüququn prinsiplərinə uyğun gəlir.

Maraqlıdır ki, qeyd edilən bu və digər məsələlər COP-29 ərəfəsində və dövründə Azərbaycana qarşı Avropa Parlamenti, Niderland və Lüksemburq parlamentləri tərəfindən qəbul edilmiş bir sıra qətnamələrdə də öz əksini tapıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva səsləndirib.

Deputat vurğulayıb ki, qərəzli xarakter daşıyan bu sənədlər mahiyyət etibarilə nəinki qeyri-obyektiv və birtərəfli yanaşmanı ortaya qoyur, reallığı tam əks etdirmir, eyni zamanda, onların Avropa və Benilüks ölkələrinin parlamentləri tərəfindən qəbul edilməsi Azərbaycanın daxili işlərinə müdaxilə kimi də qiymətləndirilməlidir.

Digər tərəfdən Ermənistan-Azərbaycan qarşıdurmasındakı real faktları təhrif edən bu qətnamələr posthəqiqət elementlərini özündə ehtiva etməklə, obyektiv faktları subyektiv emosiyalarla əvəzləməyə çalışır. Məsələn, 30 ilə yaxın dövr ərzində Azərbaycanın işğal edilmiş ərazilərində qondarma bir qurum yaradaraq özlərini “müstəqil elan etmiş separatçılar” bir milyona yaxın azərbaycanlının ata-baba yurdlarından qovulmasına, öldürülməsinə və digər cinayətlərə görə məsuliyyət daşımalıdırlar. Onların “hərbi əsir” kimi qələmə verilməsi ən azı ədalətsizlikdir.

Eyni zamanda, bəzi Qərb dairələri tərəfindən Qarabağdakı erməni mədəni irsinin qorunması məsələsi də olduqca siyasiləşdirilib. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə yerləşən bütün dini və mədəni irsin qorunması və bərpasında maraqlıdır, bu istiqamətdə əməli addımlar atır. Bu irs Azərbaycanın multikulturalizm siyasətinin və dini tolerantlığının ayrılmaz hissəsidir. Bununla yanaşı, Ermənistanın ötən illər ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində tariximizə və mədəniyyətimizə, eləcə də İslam dininə aid yüzlərlə abidəyə qarşı sərgilədiyi münasibət bu gün göz önündədir. Beynəlxalq ictimaiyyətin nümayəndələri son illər ərzində Azərbaycana səfərlər etməklə bu abidələrin böyük əksəriyyətinin dağıdıldığının və ya təhqir edildiyinin şahididir. Benilüks ölkələrinin parlament üzvləri də real faktlar haqqında daha yaxşı təsəvvür əldə etmək üçün onlardan nümunə götürməlidirlər.

“Azərbaycan tərəfindən Ermənistana qarşı hər hansı “təcavüz”ün edilməsi ilə bağlı iddialar da posthəqiqət elementidir və bu fikirlər İkinci Qarabağ müharibəsindən sonra Qərb ekspertləri, media tərəfindən geniş şəkildə tirajlanır. Halbuki Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazisini məhz bu müharibə nəticəsində azad edərək, bölgədə dayanıqlı və ədalətli sülhə nail olunması üçün ardıcıl addımlar atmaqdadır.

Beləliklə, şübhəsiz ki, Azərbaycana qarşı aparılan bu hibrid təhdidlərin arxasında erməni diasporunun və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları dayanır. Onlar vaxtilə müxtəlif ölkələrin parlamentləri tərəfindən Türkiyəyə qarşı qondarma “soyqırımı” iddiaları ilə bağlı çoxsaylı qətnamələr qəbul etməyə nail olsalar da, bir nəticə əldə edə bilməmişlər. Ona görə də bu destruktiv siyasətdən bu gün Azərbaycana qarşı da istifadə etmək bir nəticə verməyəcək.

Benilüks ölkələrinin parlamentlərinin üzvlərini isə Cənubi Qafqazda davamlı sülhün və inkişafın əldə edilməsi üçün bu bölgədə mövcud olan bütün dövlətlərə münasibətdə obyektiv, tarazlı mövqe nümayiş etdirməyə çağırırıq”, - deyə deputat vurğulayıb.

Избранный
17
3
xalqqazeti.az

4Источники