RU

Hipnoz insanı necə yuxuya verir?

Şüur nə deməkdir? Təəssüf ki, bu söz bir-biri ilə əlaqədar olan müxtəlif mənalarda işlədilir. Bu isə dolaşıqlığa səbəb olur. Biz bu kələfi açmağa səy göstərməyəcəyik. Biz şüur dedikdə beynin öz təəssüratını təhlil etmə bacarığını nəzərdə tutacağıq. 

Adətən, qavrayışımız, hissimiz, xatirələrimiz, fikirlərimiz barədə özümüzə həmişə daxili hesabat veririk. Bu, psixi fəaliyyətin subyektiv tərəfidir. Anlaşılan şüur yəqin ki, həm qısamüddətli və həm də uzunmüddətli yaddaşı özündə birləşdirir. Ancaq bir qədər dərindən fikirləşsək bizə aydın olar ki, uzunmüddətli yaddaşın materialı yalnız qısamüddətli yaddaşa çevrildikdən sonra şüura daxil ola bilər. Yəni şüur qısamüddətli yaddaşın məhsuludur. Biz qısa müddət ərzində nəyisə fikirləşmədən xatırlaya bilərik. Məsələn, qapıya çatanda açarı çıxarmaq lazım gəlir və sair. Çox vaxt bu hərəkətlər mexaniki olaraq yaranır. Bu qısa reflektiv hərəkətlər şüurun diktəsi ilə baş verir. Təhtəlşüur vəziyyət isə psixikada olan, lakin gəlib şüura çatmayan nəsnələrə deyilir. Şüur seli psixoloji mənada beyində parlaq bir nöqtədir. 

Rus alimi və psixiatrı Vladimir Levi “Fikir ardınca” kitabında yazır ki, ani yaddaşın parlaq nöqtəsi yuxu zamanı da işıqlana bilər. Yuxu qəribə vəziyyətdir. Alman filosofu Lixtenberq belə hesab edirdi ki, bir zaman yatanlar üçün də tarix yazmaq lazım gələcək. Axı bütün tarix ayıq adamlara həsr olunub.

Ayıldıqdan sonra yuxunu xatırlaya bilməyimiz bir məsələdən asılıdır: şüur bu parlaq nöqtədən hansısa material götürə biləcəkmi? Yuxuda diqqət sahəsi daralır və zəifləyir. O, işığı öləziməkdə olan balaca bir şamı xatırladır. Əgər yuxu çox dərindirsə, bu, narkoz vaxtı və həddən artıq yorğunluq zamanı baş verir, şamın alovu sıfır dərəcəsinə enir. Ancaq yaşlı adamlarda təbii yuxu çox nadir hallarda belə dərin ola bilir. Yəqin ki, bu, təkamül nəticəsində təkmilləşən sayıqlıq mexanizminin fəaliyyətindən başqa bir şey deyil. Beynin qapısı balaca olsa da burada nə növbə, nə də sənədləri yoxlayan var. Kim gəlirsə, o da daxil olur. Özünlə nə istəyirsən gətir, nə istəyirsən apar. Beyin istənilən görüntünü özündə fiksə edir və altşüura ötürür. Bu üsul ən çox aktyorların istifadə etdiyi vasitədir. Onlar daha çox altşüurla işləyirlər. Rol üzərində işləyərkən obrazın yaşantılarını altşüura ötürürlər. Bu da bir növ, hipnoz sənətidir. Aktyorlar ən yaxşı hipnozçulardır.

Bəziləri hipnozu fırıldaqçılıq heab edir. Halbuki, hipnoz psixikanın real vəziyyətidir. O, müalicə vasitəsi kimi psixiatrlar, həkimlər və bir çox başqa ixtisas sahibləri tərəfindən tətbiq edilir. Başqa müalicə vasitələri kimi, onun da təsiri müxtəlifdir. Bəzilərinə yaxşı, bəzilərinə bir qədər az kömək edir, bəzilərinə isə qətiyyən təsir ğöstərmir. Burada nə kvant fizikası, nə də sehrli bir qüvvə var. Əsas texnika qismən yuxuya və diqqəti idarə etməyə əsaslanır. Gəzəri inamsızlığın gücü çox böyükdür. Bütün hallarda hipnozun effekti təkcə hipnozçudan deyil, hipnoz olunanın psixikasının xüsusiyyətindən asılıdır. 

Hipnoza əsir düşən andan şüur harasa qeybə çəkilir. İnsanı, sanki, naməlum hisslər idarə edir. Yaddaş hipnoz zamanı baş verənlərdən qətiyyən xəbər tutmur. Hipnoz bitdikdən sonra üzərində təcrübə aparılan adam gözlərini ovxalayır, əsnəyir və deyir ki, yaxşıca yatmışdım, deyəsən, bəzi yuxular da görmüşdüm. Amma yuxunu dumanlı şəkildə xatırlayır. Əhval-ruhiyyədə elə bir dəyişiklik olmur, amma azca baş ağrısı müşahidə edilir. Qəribədir, psixikada fantastik əhvalatlar baş verir, yaddaş isə onları qeydə almır. Gecə yarısı görülən yuxular kimi, onlar da unudulub gedir. Demək, hipnoz zamanı yaşanılanlar şüura daxil ola bilmir. Burada hansısa bir sipər əmələ gəlir.  Hipnoz zamanı hətta adamı unudulmuş yuxunu görməyə məcbur etmək də olur. Unudulduğu güman edilən, uzaq keçmişdə qalmış səhnələri xəyalda canlandırmaq da mümkündür. Üstəlik, hipnoz ediləndə çoxdan unudulmuş bacarıq və qabiliyyətləri də yenidən bərpa etmək olur. 

Bir əhvalatı xatırlayaq. Uşaq vaxtı faşistlər tərəfindən Ukraynadan gətirilən və sonralar Macarıstanda yaşayan şaxtaçı 35 yaşı olanda hipnozçu həkimin köməyi ilə özünün əsl ad və familiyasını, hətta doğma kəndlərini də xatırlamış və anasını tapmışdı. 

Hipnoz təlimi ilə məşğul olan həkim V. Raykov bir nəfərə təlqin etmişdi ki, məşhur rəssam Repindir. Raykovun təsdiqinə görə, o, somnambul vəziyyətdə Repin kimi çəkə bilməsə də normal şəkillər çəkirdi. Son nəticədə həmin adam, doğrudan da, məşhur bir rəssama çevrildi. Raykov, sadəcə onun içindəki istedadı kəşf etmişdi. Amma bu, o demək deyil ki, istedaddan məhrum olan bir adamı hipnoz vasitəsilə dahiyə çevirmək olar. Sözsüz, öz bacarığını inkişaf etdirmək istəyən adam hipnozçuya deyil, öz zəhmətinə arxalanmalıdır. Hipnoz heç kəsə uğura çatmaq üçün təminat vermir. 

Kənan Hacı,
yazıçı-publisist 

 

Избранный
18
xalqqazeti.az

1Источники