RU

Bakıda çalınan həyəcan zəngi dünyanı iqlim savaşına səslədi

Azərbaycan COP29-a uğurla rəhbərlik etməsi ilə bir daha bütün dünyaya göstərdi ki, beynəlxalq aləmdə ciddi narahatlıq doğuran məsələlərin müzakirəsi üçün əlverişli məkan, ən mürəkkəb, genişmiqyaslı tədbirləri yüksək səviyyədə təşkil edə və zəruri nəticələrin reallaşdırılmasına dəyərli töhfələr verə bilən bir ölkə, ideal bir platformadır. Respublikamızda qurulan müasir infrastruktur, dövlətin təşkilatçılıq təcrübəsi və yüksək təhlükəsizlik təminatı bu nüfuzlu konfransın uğurla yekunlaşmasını şərtləndirən əsas amillər sırasında xüsusi diqqət çəkir. 

COP29 bir sıra məqamları ilə yadda qaldı. Əvvəla bu iqlim konfransında taleyüklü məsələnin–iqlim dəyişikliyi ilə bağlı mübarizənin müzakirəsi aydın və hərtərəfli şəkildə gerçəkləşdirildi, ölkələrin daha səmərəli əməkdaşlığı istiqamətində gələcəkdə dəyərli layihələrin həyata keçirilməsinə imza atıldı, yeni dostluq, əməkdaşlıq, sülh körpülərinin qurulmasına əlverişli zəmin yaradıldı. Bütün bunlarla bərabər, xalqımızın qonaqpərvərliyi iqlim sessiyasının iştirakçılarında xoş təəssürat doğurdu.  

Eyni zamanda, Azərbaycanın belə bir nüfuzlu konfransı yüksək səviyyədə keçirməsi, 76 min nəfərin heç bir problemlə üzləşmədən sessiyada fəal, səmərəli iştirakına əlverişli şərait yaradılması, onların məişət məsələlərinin diqqət mərkəzində saxlanılması ölkəmizin dünya siyasətinin ön cərgəsindəki mövqeyini daha da möhkəmləndirdi, beynəlxalq ictimaiyyətin respublikamıza olan hörmət və etimadını daha da gücləndirdi. Bütün bunlarla yanaşı, beynəlxalq ictimaiyyət iqlim konfransı ilə Azərbaycanın regionda sülh, inkişaf və əməkdaşlıq naminə yorulmaz fəaliyyətinin və bu istiqamətdə irəli sürdüyü dəyərli təşəbbüslərin şahidi oldu. 

COP29 ərəfəsində və bu konfransın keçirildiyi günlərdə təəssüf doğuran bir məqam da diqqət çəkdi. Belə ki, hər zaman olduğu kimi, indi də Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, ölkəmizə şər-böhtan atmaqdan belə çəkinməyən bir sıra ölkələrin diqtəsi ilə aparılan qarayaxma kampaniyaları uğursuzluqla nəticələndi. Konfrans iştirakçılarında Azərbaycanda mövcud xalq-iqtidar birliyi haqqında aydın təsəvvür yarandı. Dövlətimizin başçısının iqlim konfransında dərin məzmunlu çıxışları, müxtəlif ölkə rəhbərləri və digər ali qonaqlarla səmimi görüşlərindəki söhbətləri Prezident İlham Əliyevin sülhpərvər siyasət yürütdüyünü, yerləşdiyimiz coğrafiyada əmin-amanlığın tərəfdarı olduğunu bir daha dünyaya nümayiş etdirdi.  

Yeri gəlmişkən, Prezident İlham ­Əliyev COP29-da etdiyi çıxışında  ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın işğalçılıq siyasəti və onun ağır fəsadları barədə iştirakçıları məlumatlandırması beynəlxalq ictimaiyyətdə Azərbaycan barədə olan real düşüncəni daha da dərinləşdirdi. Başqa sözlə, dövlət başçımızın belə bir fəaliyyəti  ölkəmizin ədalətli mövqeyinin dünya səviyyəsində daha geniş anlaşılmasını və dəstək qazanmasını şərtləndirdi. 

*** 

Azərbaycanın bu gün iqlim dəyişikliklərinə qarşı mübarizədə həyata keçirdiyi layihələr beynəlxalq aləmdə təqdir edilir  və bu sahənin sürətli inkişafına yeni investisiyaların cəlbi ilə müşahidə olunur. Neft–qaz ölkəsi olan respublikamızda ətraf mühitin yaxşılaşdırılması ilə bağlı çağırışlara da yüksək səviyyədə  reaksiya verilir. Belə ki, 2030-cu ilə qədər istilik effekti yaradan qazların həcminin ölkəmizdə 35 faizə qədər azaldılması nəzərdə tutulur. O cümlədən sürətlə bərpaolunan enerji sahələri yaradılır və 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin “yaşıl” enerji üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəlik diqqətdə saxlanılır. Bu məqsədlə günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı layihələr davamlı olaraq reallaşdırılır. Ölkəmizdə “yaşıl” enerji sahələrinin genişləndirilməsi ilə əlaqədar təcrübəsi olan dünyanın aparıcı şirkətləri ilə sazişlər imzalanır.  

Bu gün karbon neytrallığını gerçəkləşdirməyin zəruriliyinə əksər dünya ölkələrində həssaslıqla yanaşılır. Lakin müxtəlif tipli iqtisadiyyata malik dövlətlərdə iqlim fəlakətinin qarşısının alınması haqqında fikirlər də fərqliliyi ilə diqqət çəkir. Bununla bağlı Ümumdünya BMT Assosiasiyaları Federasiyasının vitse-prezidenti Aleksey Borisov iki qütbün toqquşmasının göz önündə olduğunu deyərək əlavə edir: “Birinci tərəf, ilk növbədə, Avropa İttifaqı ölkələri və ABŞ  2050-ci ilə qədər sürətləndirilmiş enerji keçidinə və karbon neytrallığına nail olmaqda israrlıdırlar. Onlar istixana qazları emissiyalarının karbohidrogenlərin hasilatı və istifadəsi sahəsində “keçid” layihələri hesabına azaldılmasına nail olmağı yolverilməz hesab edirlər”. 

A.Borisovun sözlərinə görə, ikinci qütbdə dayanan dövlətlər–inkişaf etməkdə olan ölkələr isə 2060–2070 illərə qədər karbon neytrallığını gerçəkləşdirmək şərtilə iqtisadiyyatın inkişafının xüsusiyyətini nəzərə alan daha yumşaq keçidin tərəfdarıdırlar. Çünki bu yol inkişafda olan ölkələrə enerji və resurs səmərəliliyi istiqamətdə hərəkət edərək iqtisadiyyatı yenidən qurmağa imkan verir, eləcə də düşünülmədən sürətləndirilən enerji keçidini şərtləndirəcək sosial-iqtisadi risklərin səviyyəsini azaldır.  

Neft-qaz ölkəsi olan Azərbaycan isə “yaşıl” enerji növlərinin yaradılmasına və onun dünya bazarlarına nəqlinə hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi yanaşır. COP29-un Bakıda keçirilməsi qərarının verilməsi, habelə beynəlxalq aləmdə razılıqla qarşılanması, eləcə də bu iqlim konfransının uğurla reallaşdırılması da məhz yuxarıda vurğulanan siyasətdən qaynaqlanır. Şübhəsiz ki, bu məsələdə Prezident İlham Əliyevin bərpaolunan enerji potensialının gerçəkləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliyyəti də əsaslı rol oynayır.  

Onu da qeyd edək ki, bu gün ölkəmizin əsas fəlsəfəsi həm neft, həm də qaz sahəsində qlobal enerji inqilablarının ön sırasında olmaqdır. Azərbaycanın yaxın gələcəkdə “yaşıl” enerji inqilabında, eləcə də  CO2 emissiyası ilə mübarizədə ön sıralarda yer alacağı da şübhəsizdir. Ona görə də tam əminliklə qeyd edə bilərik ki, COP29-a ev sahibliyinin Azərbaycana verilməsi, respublikamızın isə bu etimadı yüksək səviyyədə gerçəkləşdirməsi ölkəmizin “yaşıl” enerji sahəsində atdığı  addımlara verilən dəyər-mükafatdır. Bu, eyni zamanda, Azərbaycanın fəaliyyətini bütün dünyaya göstərmək üçün bir fürsətdir.

Bərpaolunan enerji potensialı baxımından çox zəngin olan Azərbaycan neft və qaz sahələrində region və dünya üçün təhlükəsizlik, habelə iqtisadi mənada dəyər mənbəyinə çevrilib. Neft və qaz dəhlizlərini yaradan və bununla bütün dünyaya uğur nümayiş etdirən ölkəmiz “yaşıl” enerjinin reallaşmasında da dünyada lider mövqedə olan ölkələrin sırasında yer alıb.

Son illər ərzində ölkəmizdə təmiz ekoloji mühitin gerçəkləşdirilməsi məqsədilə mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi ilə bağlı infrastrukturun yaradılması istiqamətində önəmli layihələr həyata keçirilib. Məsələn, MDB-də ən böyük və Xəzər dənizi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası–230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası  istismara verilib. Eyni zamanda, həmin stansiyanın açılışı zamanı digər yeni layihələrin də əsası qoyulub: “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq, Biləsuvarda isə 445 MVt-lıq GES və Abşeron–Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyasının tikintisi ilə bağlı, ümumilikdə, 1 qiqavat bərpaolunan enerji mənbəyinin istismara buraxılmasını özündə ehtiva edən 3 yeni layihə imzalanıb. Bərpaolunan enerjinin payı isə hazırda 17 faizə yüksəlib.  

Azərbaycanın 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyası həcminin 40 faizə qədər azaldılmasına, habelə düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “təmiz 0” emissiya zonasının yaradılmasına mühüm önəm verilir. 

Zəngin bərpaolunan enerji potensiala malik bu torpaqlarda yaşayış sahələrinin bərpasına başlandığı ilk vaxtlardan etibarən “yaşıl” enerjiyə keçid diqqətdə saxlanılıb,  çaylar vasitəsilə təmiz elektrik enerjisi alınmasına başlanılıb.  Bir sözlə, “yaşıl” enerji zonasının yaradılması çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının gerçəklədirilməsi, tikililərin damlarında günəş panellərinin qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə olunması, “ağıllı” enerji idarəetmə texnologiyalarına önəm verilməsi kimi tədbirlər uğurla reallaşdırılıb. 

Mütəxəssislərin araşdırmalarına görə, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Bu barədə aydın təsəvvür yaratmaq üçün bəzi göstəriciləri də diqqətə çatdıraq. Əvvəlcə qeyd edək ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə, Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600–1700 kilovat/saat təşkil edir. Bu torpaqların ümumi günəş enerjisi potensialı 3–4 min meqavatdır. 

Prezident İlham Əliyevin Naxçıvanı da “yaşıl” enerji zonası elan etməsi bu hədəfə çatmağın mühüm istiqaməti kimi diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti bu qədim diyarda ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə günəş enerjisindən istifadə imkanları daha çox ön plana çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miqdarı 2600-2800 saat, hər kvadratmetrə düşən günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat-saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə Günəş enerjisindən istifadə imkanı mövcuddur. 

Ölkədə “yaşıl”enerjinin reallaşdırılması ilə bağlı normativ hüquqi bazanın formalaşdırılması da diqqətdə saxlanılıb. “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanundan irəli gələn 4 alt qanunvericilik aktı təsdiqlənib. “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nda bağlanan müqavilələr və  keçiriləcək hərraclarla bağlı hüquqi çərçivə müəyyənləşdirilib. Bununla da investorların səmərəli fəaliyyətinə əlverişli zəmin yaradılıb. Eyni zamanda, fəal istehlakçıların dəstəklənməsi və “yaşıl sertifikatlar”la bağlı qaydalar təsdiqlənib. Bütün bunlarla bərabər, bərpaolunan enerji mənbələri üzrə informasiya sistemi formalaşdırılaraq artıq istifadəyə verilib.

Hazırda ölkəmizdə “yaşıl enerji”dən istifadənin genişləndirilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq layihələri, o cümlədən dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı planları, “yaşıl enerji”nin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, “yaşıl  hidrogen”, elektromobillik və digər məsələlər haqqında danışıqlar aparılır. Ümumiyyətlə, “yaşıl” inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsi məsələsi daim diqqətdə saxlanılır.     

Vaqif BİNYATOĞLU
XQ

 

Избранный
51
xalqqazeti.az

1Источники