RU

Bir addım irəli, iki addım geri?

Deyəsən, hayların “demokrat” baş naziri SSRİ nostaljisindən yaxa qurtara bilmir

Son dörd il ərzində Ermənistan və Azərbaycan arasında sərhədin hansı prinsiplərə əsasən və neçənci ilin xəritələrinə əsaslanaraq müəyyən edilməsi ətrafında uzun sürən müzakirələr aparıldı.  Bu zaman yüz il bundan əvvəlin, yaxud İkinci Dünya müharibəsindən sonra SSRİ Silahlı Qüvvələri Baş Qərargahının hazırladığı, eləcə də 70-ci illərin ərazi-inzibati xəritələrindən istifadə variantları da nəzərdən keçirildi. Problemin həllində kənardan yardım təklifləri də səsləndirildi. Amma, nəhayətdə, bu məsələnin ən doğru və ədalətli həlli iki qonşu ölkənin öz aralarında razılığa gəlməsi prioritet olaraq qəbul edildi. Elə hər iki tərəfdə delimitasiyası və demarkasiyası komissiyalarının yaradılması və şərti sərhədin Tovuz istiqamətində bir hissəsinin müəyyən edilməsi ortaq məxrəc axtarışlarının uğurlu sonluğa aparacağının əyani sübutu sayılmalıdır. 

İstər sülh danışıqlarının gedişində, istərsə də sərhədlərin müəyyənləşdirilməsində İrəvanın ara-sıra razılaşdırılmış yol xəritəsindən kənara sapmalarını da gördük. Bu dəfə də elə oldu.

“Ermənistan və Azərbaycan bütün səviyyələrdə etiraf etməlidirlər ki, sovet Azərbaycanı indiki ərazisi ilə müstəqil Azərbaycandır, sovet Ermənistanı da öz ərazisi ilə müstəqil Ermənistandır”. Bunu Ermənistan İctimai televiziyasına müsahibəsində baş nazir Nikol Paşinyan bildirib. Onun sözlərindən bu nəticəyə gəlmək olar ki, SSRİ adlı “qırmızı imperiya” süquta uğrayanda məktəbli olan Paşinyan o dönəmin atributları üşün, konkret indiki halda, sovetlərin sərhədləri üçün darıxıb. Hayastana Cənubi Qafqazda heç nədən dövlət yaradan bolşevik Rusiyasına nostalji hisslərinin duyulduğu bu açıqlaması ilə baş nazir geriyə boylanmaqla nə demək istəyir?  

* * *

“Biz bu reallığı düzəltməli və bir-birimizi siyasi və bizə məlum olan bir sıra aspektlərdə rahat qoymalı, ayağımızın altını qazmamalıyıq. Kommunikasiyaları qarşılıqlı şəkildə açmaqla yavaş-yavaş və çox ehtiyatlı iqtisadi əlaqələri qurmağa başlamalıyıq. Bu əlaqələr daha sonra, təbii olaraq, çox yüksək sürətlə inkişaf edəcək”. Ermənistan baş nazirinin bir-biri ilə təzad təşkil edən bu açıqlamaları onun, sanki, “bir addım irəli, iki addım geri” məntiqi ilə hərəkət etdiyini göstərir.     

Müsahibəsində iki ölkə arasında sülh müqaviləsinin imzalanması məsələsinə  toxunan Paşinyan bir daha bəyan edib ki, “ilin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün əlimdən gələn hər şeyi edəcəyəm”. Onun sülh prosesi barədə danışarkən sərhədlərin müəyyən edilməsi ilə bağlı verdiyi yeni açıqlaması maraq doğurub: “Ermənistan Azərbaycana Avropa İttifaqının mülki missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməyəcəyini təklif edib”. Aydın məsələdir ki, dəqiqləşdirilmiş sərhəd zolağına avropalı missionerlər deyil, müstəqil dövlətlərin müvafiq qurumları nəzarət etməlidirlər.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxova görə, Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən indiyədək verdiyi bəyanat və açıqlamaların hamısı ziddiyətli olub: “Ola bilsin ki, onun son vaxtlar səsləndirdiyi bəyanatları özünü “sülh göyərçini” rolunda çıxış etməsini təsdiqləmək cəhdləridir. Axı, o, əvvəldən özünü, guya, liberal, demokratik prinsiplərə sadiq və xalq tərəfindən dəstəklənən siyasətçi kimi aparırdı. Bununla yanaşı, aparığı siyasətə, üzləşdiyi təhlükələrə, zərbələrə yalnız demokratik üsullarla cavab verən dövlət xadimi imicini formalaşdırmağa çalışırdı. Amma zaman onu göstərdi ki, 44 günlük müharibənin gedişindəki hərəkətləri və çoxlu sayda qurbanlar Paşinyanın “demokrat” imicinə sarsıdıcı zərbə vurdu. Əgər sən, doğrudan da, “sülh göyərçini”sənsə onda nəyə görə Azərbaycan ərazisini işğal etmək üçün müharibə aparırsan?! 

Baç nazir indi yadına salıb ki, Ermənistan və Azərbaycanın sərhədləri və ərazisi sovet dövründəki kimi olmalıdır. Sualı yenə təkrar edirəm: Qarabağda niyə vuruşurdun, o qurbanları niyə verirdin və kimi kimdən müdafiə edirdin?”.

F.Sadıxov, hər halda Paşinyanın telemüsahibəsində müəyyən müsbət amillərin sezildiyini də bildirdi: “Misal üçün, o, dedi ki, əgər “Qərbi Ermənistan” anlayışı varsa, “Qərbi Azərbaycan” niyə olmasın?! Bunu onun tərəfindən söylənilən təqdirəlayiq ifadə kimi qəbul etmək olar. Yəni, bu ərazini, eləcə də Türkiyənin bir hissəsini “Qərbi Ermənistan” adlandırırdın. Paşinyanın müsahibəsində dediklərindən həm də bu qənaət hasil olur ki, hansısa addımı atmaq istəyir. Söhbət siyasi razılaşmadan, sülh sazişini imzalamaqdan gedir. Amma bunları “sülh göyərçini” olduğu üçün deyil, Azərbaycanla köhnəlmiş metodlarla heç nəyə nail ola biməyəcəyini anladığı üçün dilə gətirir. Hiss olunur ki, o, mövcud reallıqla barışıb və açıqlamalarını digərlərinə çağırış kimi səsləndirir”.     

* * *    

İctimai telekanala müsahibəsində Nikol Paşinyan daha sonra deyib ki, danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var: “Əgər biz həqiqi sülhə nail olsaq, sülh müqaviləsini imzalasaq, Ermənistan qarşılıqlı prinsip əsasında Azərbaycana qarşı beynəlxalq iddialardan imtina etməyə hazırdır. Bu o deməkdir ki, keçmişdə baş vermiş hadisələrə görə nə biz, nə də onlar bir-birimizə qarşı iddia qaldırmalıyıq”. 

Ermənistan və Azərbaycan arasında müəyyən ediləcək sərhəd zonasında avropalı müşahidəçilərin olmasına gəlincə, Paşinyan, əslində, Azərbaycan tərəfdən belə bir tələbin olmasını inkar etməyib. Eyni zamanda, qeyd edib ki, İrəvan sərhədin delimitasiyası aparılacaq hissələrindən müşahidəçiləri geri çəkmək təklifi ilə çıxış edib. Baş nazirin sözlərinə görə, delimitasiya və demarkasiya komissiyalarının növbəti görüşündə prosesin harada davam etdiriləcəyinə dair qərar veriləcək. Yəni,  Ermənistan və Azərbaycanın sərhəd komissiyaları delimitasiya üçün yeni seqment müəyyən edəcəklər. O, bununla bağlı Ermənistan tərəfinin öz yanaşmasını, Azərbaycan tərəfinin də öz yanaşmasını təqdim etdiyini vurğulayıb.

Mövzu ilə bağlı XQ-yə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu dedi ki, Paşinyan sərhədlərin müəyyənləşdirilməsi məsələsinin uzun illər davam edəcəyini yaxşı anlayır: “Sülh sazişinin mətni üzərində iş gedir, Zəngəzur dəhlizinin açılması istiqamətində danışıqlar davam etdirilir. Hesab edirəm ki, yaxın perspektivdə bu iki məsələnin həlli mümkün ola bilər. Amma sərhədlərin delimitasiya və demarkasiyası uzun sürən prosesdir. Bunun bir səbəbi də Azərbaycanın hazırda nəzarətində olan strateji yüksəkliklərdən imtina etməyəcəyi ilə bağlıdır. Doğrudur, Tovuz rayonu istiqamətində sərhədin bir hissəsi müəyyən edilib. Ora tərəflərdə mübahisə doğurmayan hissə idi. İntəhası, Azərbaycan Kəlbəcər istiqamətində, Ermənistanla şərti sərhəddə bir çox yüksəkliklərə nəzarət edir. Həmin yüksəkliklər uğrunda ordumuz döyüşüb, şəhid vermişik və onlardan heç vaxt imtina etməyəcəyik. Paşinyan, sadəcə olaraq, hər iki tərəfin SSRİ sərhədləri çərçivəsinə qayıtmasının vacibliyindən danışıb. Bəs, niyə bu məsələ torpaqlarımızı işğal altında saxladıqları otuz il ərzində yadlarına düşmürdü? Müharibədə məğlub olandan sonra sovet dövrünün sərhədlərinə qayıtmaqdan danışırlar. Sərhəd danışıqları davam etsə də, həmin yüksəkliklər bizim nəzarətimizdə qalmalıdır. Bu məsələdə Azərbaycan Ermənistana güzəştə getməyəcək. Nə zaman ki, Ermənistan bizə qarşı hansısa hərbi təxribata əl atacaq, o zaman cavabını vermək üçün o strateji yüksəkliklərdən istifadə edəcəyik. Bunu rəsmi İrəvan da, ona Qərbdən göstərişlər verənlər də birmənalı şəkildə qəbul etməlidirlər”.              

* * * 

Siyasi şərhçi Asif Nərimanlı diqqəti Nikol Paşinyanın “strateji müqavilə” açıqlamasına yönəldərək, bunun sülh müqaviləsindən sonrakı dövrdə “zəmanət qazanmaq” məqsədi daşıdığını vurğuladı: “Erməni baş nazir bildirir ki, “Azərbaycan və Ermənistan dinc yanaşı yaşamaq üçün təkcə sülh müqaviləsi və digər razılaşmalar yox, həm də strateji saziş bağlamalıdır. Əlavə edir ki, bu “strateji saziş “real Ermənistan” konsepsiyasına əsaslanır. Onun bu təklifi sülh müqaviləsinin Ermənistanın maraqlarını tam ifadə etmədiyindən xəbər verir. İrəvanın Bakı ilə münasibətlərin qurulmasında iki strateji hədəfi var. Birincisi, kommunikasiyanın “suveren prinsiplərə” uyğun açılması – Zəngəzur dəhlizinin verilməməsi; ikincisi, sərhədi SSRİ dağılanda mövcud olan xəritəyə, hazırkı Ermənistanın sərhədləri çərçivəsində müəyyənləşdirmək. Ermənistanın sülh sazişində bu hədəflərə nail olmaq cəhdləri baş tutmadı. Hər iki məsələ sazişin imzalanmasından sonrakı dövrə saxlanıldı. 

Birinci məsələdə – kommunikasiyaların açılmasında “ortaq məxrəcə” gəlmək mümkünsüz deyil. Misal üçün, Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etməklə müəyyən nəticə əldə edilə bilər. İstisna deyil ki, İrəvanın Bakıya göndərdiyi təkliflər arasında bu da var. İkinci məsələ Ermənistan üçün “mövcudluq” prinsipi daşıyır: Qərbi Azərbaycan məsələsi Bakının gündəliyinə daxildir və sərhəd müəyyən edilmədiyi müddətdə ermənilərin “kadastrı” olmayacaq. 

Paşinyan “strateji müqavilə” məsələsini Kazanda İlham Əliyevlə müzakirə etdiyini deyir. Görünür, o, erməni ictimaiyyətinə sülh sazişi ilə bağlı hansı addımları atacağının anonsunu verir. Axı, tərəflərin dekabrda sülh müqaviləsi mətninin müzakirəsinə qayıdacağı gözləntisi var. Paşinyanın danışıqlar öncəsi “real Ermənistan” konsepsiyasını yenidən önə sürməsi də buna hesablanıb”.

Ermənistan baş nazirinin müsahibəsində yaddaqalan pozitiv məqam kimi sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı söylədiklərini qeyd etmək olar. Oxuculara xatırladaq ki, İrəvan və Bakı cari ilin avqustun 30-da sərhədlərin delimitasiyası və demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb. İlk delimitasiya Tavuş bölgəsində təxminən 10 kilometr ərazidə aparıldı. Bu prosesi Cənubi Qafqazda özəl maraqlarını güdən kənar aktorlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində irəli atılmış addım kimi qiymətəndirdilər.     

P.S. “Azərbaycan və Türkiyə arasında nəqliyyat sektorunda ən böyük layihə Zəngəzur dəhlizidir”. Bunu üç gün bundan əvvəl Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu jurnalistlərə açıqlamasında deyib. Ermənistan tarixi şansını qaçırsa belə, bunun Bakının planlarına heç bir təsir etməyəcəyini söyləyən nazir Azərbaycanın Türkiyəyə fərqli mar­şrut seçməyi yubatmayacağını bildirib: “Bu istiqamətdə Azərbaycan tərəfi ilə operativ şəkildə prosesləri davam etdiririk. Dəhlizin haradan – Ermənistan və ya İran ərazisindən keçəcəyini isə azərbaycanlı qardaşlarımız həll edəcəklər. Sonra bu dəhliz Naxçıvandan Türkiyə ərazisinə keçəcək. Biz bu layihəmizi tamamladıq, tender keçirdik, yaxın günlərdə inşaat işlərinə başlayacağıq. Nəticədə Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”.

Əslində, bu, türkiyəli nazirin Ankara və Bakı adından İrəvana son çağırışı və ya xəbərdarlığıdır. Təəssüf ki, Paşinyan iqtidarı Zəngəzur dəhlizinin açılması məsələsini süni bəhanələrlə ləngidir və bu istiqamətdə real addımlar atmır. Hətta bu marşrutun açılması ilə özünün də qazanacağını bilsə belə. Deməli, İrəvan hələ də müstəqil qərar qəbul etmək iqtidarında deyil.   

İmran BƏDİRXANLI
XQ

 

Избранный
50
xalqqazeti.az

1Источники