RU

Elin Süleymanov COP29-la bağlı BBC-yə müsahibə verib

Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov COP29-la bağlı “BBC” kanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, diplomat müsahibəsində Azərbaycanın iqlim dəyişikliyi, yaşıl enerjiyə keçid və beynəlxalq əməkdaşlıq istiqamətində gördüyü işlərdən, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə alternativ enerji mənbələrinə investisiyalarından bəhs edib: "Azərbaycan regionda yaşıl keçidə liderlik edir. Biz külək, günəş və digər bərpaolunan enerji sahələrinə böyük investisiyalar yatırırıq. COP29-a ev sahibliyi etmək Azərbaycanın qlobal səylərdəki liderliyini nümayiş etdirir və sabah daha yaşıl bir dünya üçün qapıları açır”, - deyə o bildirib.

Müsahibədə səfir Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı inklüziv müzakirələrə üstünlük verdiyini vurğulayıb. O qeyd edib ki, iqlim dəyişikliklərinə səbəb olan resursların nümayəndələri də daxil olmaqla, bütün tərəflərin iştirakı ilə müzakirələr aparılmalıdır: "Dəyişiklik istəyiriksə, hər kəs masa ətrafında olmalıdır. 28 COP keçib, hələ də danışırıq. Bunun əsas səbəblərindən biri, kifayət qədər inklüziv müzakirələrin aparılmamasıdır. Azərbaycan isə bu dəfə fərqli yanaşma tətbiq edir”, - deyə səfir bildirib.

E.Süleymanov müsahibə zamanı Azərbaycana qarşı yönəlmiş bəzi ittihamlara da cavab verib. O, diqqəti iqlim dəyişikliyi məsələlərinə yönəltməyin vacibliyini vurğulayaraq, müzakirələrə aidiyyəti olmayan məsələlərin COP konfranslarında diqqəti yayındırdığını qeyd edib.

Səfir bildirib ki, COP29 Azərbaycanın qlobal iqlim dəyişikliklərinə dair səylərini təqdim etmək üçün vacib platformadır. Azərbaycanın məqsədi yalnız müzakirələr aparmaq deyil, həm də konkret həll yollarına nail olmaqdır: "Bizim məqsədimiz qlobal ölçülərə uyğun, davamlı razılaşma əldə etməkdir. Azərbaycan bu sahədə öz öhdəliyini nümayiş etdirir. Razılıq əldə edilsə, bu, yalnız Azərbaycanın deyil, bütün dünyanın uğuru olacaq. Əks təqdirdə bu, kollektiv uğursuzluq olacaq. Bəzi Qərb dövlətlərinin liderləri iqlim böhranı ilə mübarizəyə həqiqətən də əhəmiyyət versəydilər, onlar da Britaniyanın Baş naziri Kir Starmer kimi şəxsən COP29-da iştirak edərdilər”, - deyə səfir qeyd edib.

Избранный
56
3
xalqqazeti.az

4Источники