RU

Bayden III Dünya müharibəsinin “müəllifi” olacaq?

ABŞ prezidenti səlahiyyət müddətinin sonuna az qalmış qlobal qarşıdurma yaradır

Vaşinqtonun “B” planı - Avropa hədəfdə...

Uzaq Şərqdən “silah səsləri” eşidiləcəkmi?

Hazırki qlobal situasiya obrazlı şəkildə “Dünya müharibəsinə sürətli keçid” kimi təsnifatlandırılsa da, bu fakt hələ ki, real olaraq təsdiqlənmir. “Dünya müharibəsi” anlayışının mahiyyətinə nəzər yetirsək, bu ən pis halda planetar miqyası əhatə edən, ən optimal halda isə bir neçə ölkənin qoşulduğu hərbi əməliyyatlar sayıla bilər. Baş verə biləcək bu qlobal silahlı münaqişə Birinci və İkinci Dünya müharibələrindən sonra sayca üçüncü hadisəyə çevriləcək - bəzi hərbi ekspertlər isə, baş vermə ehtimalı təqdirində III Dünya müharibəsini “sonuncu müharibə” belə adlandırırlar. Bu müharibədən sonra dünya əvvəlki kimi “öz oxu ətrafında” sakit fırlana bilməyəcək.

İki onilliyin qovşağında...

Qeyd edilməlidir ki, XXI əsrin başlanğıcından etibarən qlobal siyasi proseslər yenidən fərqli məcraya qədəm qoydu - SSRİ-nin dağılması ilə özünü dünyanın yeganə qütbü sayan Qərb koalisiyası (ABŞ-ın rəhbərliyi ilə) qarşı tərəfin bu qısa müddətdə toparlana biləcəyini təsəvvür etmirdilər. Cəmisi 10 il (1991-2001) ərzində ideoloji sarsıntılar adlayan, iqtisadi transformasiya yaşayan keçmiş sosialist “qütbün” qısa zamanda özqünə gələcəyini proqnozlaşdırmayan Qərb koalisiyası son 10 ildə (2014-2024) artıq özünün iddalarını, ambisiyalarını tam olaraq ortaya qoya bilmir - daha əvvəlki kimi, “əlləri çatan” post-sovet ölkələrində siyasi hakimiyyətə təsir rıçaqları yarada bilmirlər. Bu isə Qərbi, xüsusilə ABŞ-ın hazırki hakimiyyətini “qıcıqlandırır”. “Şərqə doğru genişlənmə” planı adı altında həyata keçirilən gizli missiyanın Ukraynada “ilişib qalması” ilə heç cür barışmayan Bayden və komandası hakimiyyətlərinin son aylarını qlobal miqyasda “yaddaqalan” etməyə çalışır. Başqa sözlə, Bayden tarixə III Dünya müharibəsinin “müəllifi” kimi düşmək istəyir...

Müharibə riski artır...

Beləliklə, proseslərin gedişi onu göstərir ki, hələ başlamamasına və bütün dünya hökumətlərinin də bunun baş verməməsi üçün səy göstərməsinə baxmayaraq, III Dünya Müharibəsi tamamilə də qeyri-mümkün sayıla bilməz - bütün dünyanın münaqişəyə cəlb olunacağı bir çox ssenarilər belə mövcuddur. Hətta Asiyada başlanan hazırlıq proseləri, hərbi ittifaqların yaradılması, mövcud birliklərin daha da gücləndirilməsi ortadakı fikri möhkəmləndirir...

Üçüncü Dünya Müharibəsinin ən təhlükəli məqamı isə ondan ibarətdir ki, bəşəriyyət nüvə silahı təhdidi ilə üz-üzə dayanıb - bu o deməkdir ki, nüvə ölkələri arasında münaqişə başlanacağı təqdirdə, olduqca böyük dağıntılardan və fəlakətlərdən heç kim sığortalanmayacaq.

Qərb ABŞ prezidentini ittiham edir

Co Baydenin öz kreslosunu tərk etməmişdən qabaq üçüncü dünya müharibəsi başlatması ehtimalı ABŞ-da da təsdiqlənir. Bu barədə Nyu-Cersi Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano sosial şəbəkədə yazıb. “Bayden Ağ Evi tərk etməzdən iki ay əvvəl Üçüncü Dünya Müharibəsini başlada bilər!” - o anons edib və ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə edilən hücumları Moskva üçün “qırmızı xətt” adlandırıb. Amerikalı hüquqşünas bunu NATO-nun Ukraynadakı münaqişədə birbaşa iştirakı adlandırıb.

Britaniya İrs Partiyasının lideri Devid Kerten də Baydenin Ukrayna Silahlı Qüvvələrinə (AFU) Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli ATACMS raketləri ilə zərbələr endirmək icazəsini “ağılsızlıq” adlandırıb. Onun sözlərinə görə, bu qərar üçüncü dünya müharibəsinin başlaması ilə ən böyük səbəb və hədədir.

Media Baydeni günahkar bilir

Vurğulayaq ki, Amerika mediası da Baydeni qlobal fəlakət yaratmaq cəhdində qınayır və ittiham edir. Onun Ukraynaya ballistik raketlərin verməsini və Rusiyanın dərinliklərinə hücum əmrinə “imza atmasını” ABŞ tarixinin ən səhv qərarı adlandırırlar. Amerikalı jurnalist və ictimai-siyasi fəal Çarli Kirk o fikirdədir ki, Baydenin Kiyev rejiminə ATACMS taktiki raketləri ilə Rusiya ərazisinin dərinliklərində zərbə endirməsinə icazə verməsi yeni dünya müharibəsinin başlamasına səbəb ola bilər. X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində jurnalist ilk növbədə Rusiya ərazisinə bu cür hücumun Kremlin güzgü cavabına səbəb olacağını və onların haqlı vəziyyətə düşəcəyini vurğulayır. “Bayden üçüncü dünya müharibəsinə başlamağa çalışır. Bu, normal deyil və tamamilə dəlilikdir. Təsəvvür edək ki, Rusiyanın Amerikaya atması mümkün olan raketləri olsa idi nələr baş verəcəkdi”, - deyə Kirk yazıb.

Rusiyanın “Milli Müdafiə” hərbi jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko da uzaqmənzilli raketlərin hücumlarından sonra Kiyev üçün mümkün nəticələrdən danışıb. Onun fikrincə, Rusiya cavab tədbiri olaraq Kiyevdəki qərar qəbuletmə mərkəzlərini və Ukraynanın kritik enerji sisteminin obyektlərini məhv edə bilər ki, bu da ölkənin bütün idarəetmə sistemini iflic vəziyyətinə salacaq.

ABŞ raketlərin sayını demir - təhlükə hər an böyüyür

Beləliklə, Qərbin bəzi siyasi mütəxəssislərinin Baydenin qərarını açıq kontekstdə təftiş etdiyinin və səhv qərar adlandırdığının şahidi oluruq. Təbii ki, bu təhdid daha çox Avropa məkanı üçün təhlükəli sayılır. Bayden öz qərarı ilə “köhnə qitə”ni hədəf halına gətirib. Ən qorxulu məqam isə Baydenin Ukraynaya neçə raket verdiyini açıqlamamasıdır - hətta Pentaqonun sözçüsü Sabrina Sinq jurnalistlərə dəqiq neçə ATACMS raketinin Kiyevə ötürüldüyünü söyləməkdən imtina etmişdi. Demək ki, Avropa “tüfəngin lüləsinin ucunda” dayanan açıq hədəfdir. Okeanın o tayından müharibə isterikası yaradan Bayden administrasiyası hazırki mərhələdə (yəqin ki, qarşıdakı mərhələdə də) sadəcə müşahidəçi qismində yer alacaq. Son iki ayda nələrin baş verə biləcəyini təsəvvür belə etmək mümkün deyil - Bayden son 2 aylıq prezidentliyi dövründə bəşəriyyəti hansı təhlükələrə daşıyır, bunu dərk etmək çətindir.

Avropa isə həm iqtisadi, həm hərbi, həm də siyasi çəmbərin tən ortasında qalıb. Ard-arda “imzalanan” sanksiyalar qütblərarası münasibətləri daha da gərginləşdirib - üstəgəl, Avropanın enerji təminatının yenidən “sual altına” düşmə ehtimalı ortadadır. Bu halda Avropanın necə “duruş gətirəcəyini” heç Bayden də təsəvvür edə bilməz. Hazırki vəziyyətdə Avropa məkanının hər hansı müharibə aparmaq imkanı siyasi ekspertlər tərəfindən qeyri-real dəyərləndirilir...

Avropa çəmbərin mərkəzində - yeganə çıxış yolu Almaniya nümunəsidir

Rusiya isə yenə də “tərəzinin gözünün” əyilməsini gözləyir. Birinci hücuma qarşılıq olaraq “Oreşnik” raketinin işə salınması Kremlin ciddiyyətini ortaya qoyub. Yeri gəlmişkən, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də Al Arabiya telekanalına verdiyi müsahibəsində Rusiyanın yeni nəsil raketi “Oreşnik”in Ukrayna münaqişəsinin gedişatını əhəmiyyətli dərəcədə dəyişə biləcəyini bildirib. Medvedevin sözlərinə görə, bu raket texnologiyası müasir müharibə şəraitində Rusiyanın hərbi üstünlüyünü artıracaq və regionda balansı dəyişdirə bilər. “Oreşnik” raketinin texniki xüsusiyyətləri açıqlanmasa da, onun yüksək dəqiqlik və dağıdıcı gücə malik olduğu vurğulanır. Müsahibə zamanı Medvedev, Qərbin Ukraynaya hərbi yardımlarını davam etdirməsinin münaqişənin uzanmasına gətirib çıxardığını və Rusiyanın bu cür texnologiyalarla müvafiq cavab verdiyini qeyd edib.

Yəni, Moskvanın qarşıdurma ilə bağlı “mesajı” “Baydenin sözünə aldanmayın” şəklindədir. İki aylıq hakimiyyət müddəti qalmış Bayden özündən sonra dağıntılar altında faciə yaşayacaq dünya qoyub getməkdə maraqlı görünür. Avropanın bu planda istifadə olunması isə özünün qətiyyətindən asılı olacaq. Məsələn, ortada Almaniya nümunəsi var - kansler Olaf Şolts birmənalı şəkildə Rusiyaya qarşı raket hücumlarında iştirakçı olmayacağını bildirməklə, ölkəsinin qlobal qarşıdurmaya münasibətini açıqlayıb. Şoltsun bu mövqeyi və davranışı digər Avropa “qrandları” üçün də nümunə olmalıdır - qlobal müharibədən yayınmaq üçün ən real fəaliyyət məhz budur.

Koreya yarımadasında müharibə “təbili” səslənir...

Vurğulandığı kimi, Mərkəzi Avropada cərəyan edən hadisələr bütün dünyanı əhatə etməkdədir. Yaponiyanın “Asiya NATO-su”nun yaradılması perspektivlərini müzakirəyə çıxarmaq istədiyi bu günlərdə Koreya yarımadası “döyüşlərə hazır” vəziyyətə gətirilib. Qeyd edək ki, Bryanska atılan raketlərdən sonra Şimali Koreyanın rəhbəri Kim Çen In ordunun müharibəyə hazırlanmasının vacibliyini açıqlayıb. O, ABŞ-ı və Cənubi Koreyanı Koreya yarımadasında “görünməmiş gərginlik” yaratmaqda ittiham edib. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri Ukraynadan “zərbə vuran qüvvə” kimi istifadə edərək Rusiyaya qarşı müharibə aparır, hətta dünyanın digər regionlarında da münaqişələri gücləndirir.

P.İSMAYILOV

Избранный
33
yeniazerbaycan.com

1Источники