Futbol üzrə Türkiyə Superliqasının 13-cü turunda “Beşiktaş” öz meydanında “Göztəpə”yə məğlub olub.
“Far.Az” xəbər verir ki, baş hakim Alper Akarsunun idarə etdiyi matç Tupras Stadionunda baş tutub.
Oyunda hesab erkən açılıb: üçüncü dəqiqədə “Beşiktaş”ın hücumçusu Semih Kılıçsoy Yonas Svenssonun ötürməsini qola çevirib. Doqquzuncu dəqiqədə hesabdakı fərq artıb: Malkom Bokele topu öz qapısına vurub. Lakin cəmi üç dəqiqə sonra kamerunlu müdafiəçi öz səhvini düzəldərək komandasının ilk qoluna imza atıb – 2:1. 32-ci dəqiqədə izmirlilərin müdafiəçisi Taha Altıkardeş yaponiyalı Kuryu Matsukinin ötürməsindən sonra status-kvonu bərpa edib.
Oyunda növbəti qol 82-ci dəqiqədə vurulub: “Çelsi”nin sabiq hücumçusu David Fofana “sarı-qırmızılar”ı hesabda irəli çıxarıb. Məhsuldar ötürmənin müəllifi braziliyalı Romulo Kardozo olub. 85-ci dəqiqədə qonaqlar azlıqda qalıblar. Bununla belə, əlavə edilmiş birinci dəqiqədə sloveniyalı Tiyaniç (as. Kardozo) oyunda son nöqtəni qoyub: Beşiktaş – 2, “Göztəpə” – 4.
Beləliklə, eyni sayda (12) oyundan sonra “Göztəpə” 21 xal toplayıb və top fərqinə görə “Beşiktaş”ı geridə qoyaraq 5-ci pilləyə yüksəlib.