RU

Qırğızıstan hökuməti: İssık-Kul təhlükədədir

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan hökuməti İssık-Kul gölünün hazırda təhlükə altında olduğunu bəyan edib və onun qorunub saxlanması məsələsini beynəlxalq səviyyədə qaldırmaq niyyətində olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov COP29 çərçivəsində keçirilən iqlim dəyişikliyi kontekstində su ehtiyatlarından istifadəyə həsr olunmuş tədbirdə İssık-Kulda suyun səviyyəsinin ildən-ilə azaldığını qeyd edib. Onun sözlərinə görə, bu məsələ Qırğızıstanın qonşularını da narahat edir.

“Ora onlarla çay axır. Bu göl bizim üçün müqəddəsdir. Əlbəttə, biz İssık-Kul ətrafındakı fermerlərimizə suya qənaət etməyi öyrədirik, amma bir məsələyə də diqqət yetirmək istəyirəm. Gölə böyük həcmdə axan çaylar indi qonşu ölkələrin suvarma məqsədləri üçün yönəldilir. Biz bu məsələni qaldırıb, açıq, ədalətli müzakirə edəcəyik. Biz Aral dənizini itirdik. Biz İssık-Kulu xilas etməliyik və yaxın gələcəkdə bu mövzuda beynəlxalq konfranslar keçirəcəyik”, - deyə o bildirib.

Bundan əvvəl Qırğızıstanın baş naziri Axilbek Caparov parlamentdəki çıxışında bildirib ki, İssık-Kul quruyan Aralın taleyini təkrarlamamalıdır.

Gölün su balansına təkcə iqlim dəyişikliyi deyil, həm də insan faktoru böyük təsir göstərir. Qırğızıstanın baş nazirinin bildirdiyinə görə, kənd təsərrüfatının sürətli inkişafı ona gətirib çıxarır ki, Kərkira və Koçkor çaylarının suyunun əhəmiyyətli hissəsi gölə tökülmədən fermerlər tərəfindən istifadə olunur.

Baş nazir əlavə edib ki, Nazirlər Kabineti ilk növbədə daxili ehtiyacları ödəmək üçün su ixracının azaldılması ilə bağlı danışıqlar aparmaq niyyətindədir. Bu tədbirlərin İssık-Kulun xilasına dair tarixi hələ məlum olmayan beynəlxalq elmi konfransda müzakirə edilməsi planlaşdırılır.

2023-cü ilin avqustunda Qırğızıstanın Təbii Sərvətlər Nazirliyi İssık-Kulda suyun səviyyəsinin 10 il ərzində demək olar ki, bir metr azaldığını açıqlamışdı.

"Bunun səbəbi isti iqlimlə əlaqədar gölə axan kiçik çayların sayının azalmasıdır", - nazirlik izah edib.

Избранный
7
hafta.az

1Источники