RU

Kəlbəcər – alınmaz qalamız

Kəlbəcər ölkəmizin ən yüksək dağ rayonudur. Hündürlüyü təxminən 3700 m olan Dəlidağ və Camışdağ zirvələrinin yerləşdiyi Kəlbəcər rayonu ilk insan mağaralarının mövcudluğu ilə tanınan qədim yaşayış məskənlərindən biridir. Bu yerin hər qarışı özündə tarixin heyrətamiz sirlərini qoruyub saxlayır. Burada aşkar olunmuş 30 min ildən çox tarixə malik olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri və qədim türk əlifbası nümunələri dünya arxeologiya elminin ən qiymətli tapıntılarıdır. Buradakı daş abidələr erkən dövrlərdə Şimali Azərbaycanda türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayılması haqqında olduqca dəqiq bilgilər və sübutlar verir.

Kəlbəcər təkcə Azərbaycanın və Cənubi Qafqazın deyil, bəlkə də dünyanın ən gözəl, füsunkar, zəngin təbii ehtiyatlara malik dilbər guşələrindən biridir.
Ermənistanla həmsərhəd olması keçən əsrin sonlarında Kəlbəcərin də tarixinə amansız işğal faktını yazdırdı. Rayon 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. İşğal zamanı 511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir götürüldü və itkin düşdü. 30 aprel 1993-cü il tarixdə BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etdi və işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb etdi. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə Azərbaycanın davamlı təkidlərinə baxmayaraq onun icrasını Ermənistandan tələb etmədi. Cəzasızlıq mühitindən sui-istifadə edən Ermənistan BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən başlayaraq Kəlbəcər rayonu ərazisində ermənilərin qeyri-qanuni məskunlaşdırılmasına başladı. Ermənistandan və xarici ölkələrdən Kəlbəcərə köçürülən ermənilər 27 il davam edən işğal müddətində bölgədən qovub çıxardıqları Azərbaycanlıların evlərində yaşadılar və Kəlbəcərin zəngin təbii resurslarını talayaraq vəhşicəsinə istismar etdilər. Ermənistanla 170 km uzunluğunda birbaşa sərhədə malik olması Kəlbəcərin daha çox dağıntılara və talana məruz qalmasına səbəb oldu.

İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edildi, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. Etnik təmizləməyə məruz qalmış Kəlbəcər əhalisi isə respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.

Nəhayət, 2020-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa qalxdı. Vətən müharibəsinin elə ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Strateji yüksəkliklərin ələ keçirilçəsi erməni silahlı qüvvələrinin hərəkətini böyük dərəcədə məhdudlaşdırıldı. Bununla da erməni silahlı qüvvələrinin Basarkeçər-Kəlbəcər yolundan istifadəsinə son qoyuldu və Ermənistan ərazisindən silah-sursat təminatının qarşısı alındı. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan tam azad edildi. Lakin məğlub olmuş ermənilər son anda da hərbi cinayət törətməkdən çəkinməyərək 27 il ərzində yaşadıqları evlərimizə, bağlarımıza və meşələrimizə, məktəblərimizə od vurub yandırdılar. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni xislətini və vandalizmini bütün dünyaya nümayiş etdirdi. Vaxtilə zəbt etdikləri Azərbaycanlı evlərində istifadə etdikləri unitazı belə bağrına basıb avtomobilinə yükləyən erməninin miskinliyini əks etdirən video-görüntülər bütün dünyanı heyrətləndirdi, amma erməniləri utandırmadı.

Azərbaycanın təbiət incisi Kəlbəcər azad olundu. Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında Ordumuzun şəxsi igidlik və şücaət nümayiş etdirmiş 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü elan olundu.

Bu gün Kəlbəcərdə Şəhər günüdür. Kəlbəcərdən olan məcburi köçkünlərin öz doğma evlərinə qayıtması üçün rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Kəlbəcərin rayon mərkəzini onun kəndləri və eləcə də digər qonşu rayonlarla birləşdirəcək avtomobil yolları, su elektrik stansiyaları, çoxsaylı yaşayış evləri, inzibati binalar və əhaliyə sosial xidmət mərkəzləri tikilməkdədir.
Kəlbəcər rayonunun mürəkkəb coğrafi relyefə malik olduğunu, Ermənistanın törətdiyi misli görünməmiş vəhşiliklər nəticəsində bu yaşayış məntəqəsinin infrastrukturunun darmadağın edildiyini nəzərə alsaq, qısa müddət ərzində Kəlbəcərdə görülən işlərin nə qədər çətinliklə həyata keçirildiyini müəyyənləşdirə bilərik.

İşğaldan azad edildiyi gündən digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də böyük quruculuq-abadlıq işləri həyata keçirilir. Ölkə başçımızın işğaldan azad edilmiş bölgələrimizə səfərləri bütövlükdə azad olunmuş rayonlara qayıdış siyasətinə böyük önəm verdiyini aydın şəkildə göstərir və özlüyündə bu səfərlərin hər biri doğma torpaqlarımızın çiçəklənməsi, ərazilərin potensial imkanlarından səmərəli istifadə olunması istiqamətində tarixi hadisəyə çevrilir. Təbiətin bəxş etdiyi gözəlliklər dövlətimizin başçısının rəhbərliyi ilə aparılan yenidənqurma və abadlıq işləri ilə tamamlandıqca daha cəlbedici mənzərə yaranır. Kəlbəcərin abadlaşdırılması, füsunkar təbiətə, əsrarəngiz gözəlliyə, göz oxşayan fərqli relyefə malik şəhərin müasir memarlıq nümunələri ilə yenidən qurulması, sözün həqiqi mənasında, təbiət-cəmiyyət vəhdəti yaradır.

Bu ilin sentyabrında gerçəkləşən səfər çərçivəsində dövlət başçısı Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməli qoyulub. Prezident Kəlbəcər Şəhər Təhsil Kompleksində bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi və 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub, Xudavəng monastır kompleksini ziyarət edib. Kəlbəcər rayonunda “AzərEnerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyası açılıb və “İstisu” mineral suyun istehsalına başlanılıb. Hazırda tikilməkdə olan “İstisu” Müalicə-İstirahət sanatoriyasının yenidən qurulması nəticəsində Kompleks yaxın gələcəkdə beynəlxalq səviyyəli müalicə mərkəzinə çevriləcək. 32 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. bütün bunlar Kəlbəcəri beynəlxalq və yerli turizm mərkəzinə çevirəcək.

Bu günlərdə COP29 konfransı çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə “Clean Energy Invest LLC” və “Baltech Green LLC” arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Bu layihə 3100 metr hündürlükdə həyata keçiriləcək unikal bir layihədir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a çatdırılması mümkündür. Kəlbəcər Külək Elektrik Stansiyası layihəsi Azərbaycanın dekorbanizasiya, regionda yaşıl iqtisadiyyat və dayanıqlı ekoloji inkişaf istiqamətində əhəmiyyətli bir addım olacaqdır. Turizm potensialı ilə ölkəmizin ən perspektivli bölgəsi olan Kəlbəcər yenidən ölkəmizin ən füsunkar bölgələrindən birinə və dağlar qoynunda alınmaz qalamıza çevriləcək.

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru

Избранный
13
7
korrespondent.az

7Источники