RU

Trampın müşaviri ilə Mask arasında MÜNAQİŞƏ: ABŞ prezidenti kimi seçəcək?

Amerikalı iş adamı İlon Maskla ABŞ-nin yeni rəhbəri Donald Tramp arasında münasibətlərdə ilk çatlar meydana gəlib. Belə ki, müxtəlif tədbirlərdə onların birlikdə iştirak etmələri, aralarında yüksək səviyyəli yaxınlıq Trampın komandasının digər üzvlərinin hiddətinə səbəb olub. “Axios”un məlumatına görə, bu yaxınlarda Maskla Trampın əsas müşaviri Boris Epşteyn arasında münaqişə baş verib. Onların davasına səbəb yeni hökumətin formalaşdırılması ilə əlaqəlidir. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, kadr məsələlərində yeni prezidentin əsas köməkçisi Epşteyn olsa da, Mask bu məsələdə xüsusi fəallıq göstərir.

 

O qeyd edib ki, müşavir və milyarderin davasına səbəb Mett Qeytsin ədliyyə naziri vəzifəsi üçün təqdimatı olub:

 

“Epşteyn Qeytsi nazir vəzifəsi üçün Trampa təqdim etdikdə yeni prezident bu təkliflə razılaşsa da, Mask buna etiraz edib. Onun Qeytsin namizədliyinə etirazının bir neçə səbəbi var. Əvvəla, bu şəxs ciddi seks qalmaqalı ilə üzləşib və bu barədə ABŞ mətbuatı dəfələrlə yazıb. Bu isə gələcək hökumətin imicinə mənfi təsir göstərə bilər. İkinci səbəb Mett Qeytsin dövlət orqanlarında ixtisarlara qarşı çıxmasıdır. Halbuki, Mask bunun ciddi müdafiəçisidir və Trampın dövründə o, məhz bu məsələnin həyata keçməsini təmin edən dövlət orqanına rəhbərlik edəcək. Ən böyük ixtisar da məhz ABŞ-nin ədliyyə sistemində nəzərdə tutulub. Bu nazirlik profilinə görə ABŞ-nin ən böyük dövlət qurumlarından hesab edilir. Baş Prokurorluq da Ədliyyə Nazirliyinə bitişik olduğu üçün burda saysız-hesabsız departamentlər var. Maskın əsas hədəfi məhz onların sayını azaltmaq və şəffaflığa nail olmaqdır. Milyarderin keçmiş konqresmenin namizədliyinə etiraz etməsinin üçüncü səbəbi isə bu şəxsin hələ parlamentdə olarkən göstərdiyi fəaliyyətdir. İlon Mask yaxşı bilir ki, Mett Qeyts kiyafət qədər özündənrazı biridir və onun əmrlərinə riayət etməyəcək”.

 

Ekspert bildirdi ki, Maskın istədiyi şey komandada Trampdan sonra ikinci şəxs olmaq və lazım gəldikdə prezidentə də təsir göstərə bilməkdir:

 

“”NBC News” bir müddət əvvəl məlumat yaymışdı ki, Mask özünü ölkənin gələcək vitse-prezident kimi aparır. Faktiki olaraq Trampdan sonra komandada hazırda əsas lider məhz odur. Mett Qeytsin nazir olmaqdan imtina etməsini də milyarderin siyasi qalibiyyəti kimi də görmək olar. Maskla gələcək prezidentin müşavirləri arasında daha bir mübahisəli təyinat isə Hovard Lutnikin üzərindədir. Mask Lutniki ölkənin maliyyə naziri etmək istəsə də, müşavirləri Trampa onu ticarət naziri olaraq təqdim ediblər. Qeyts məsələsindəki uğurdan sonra İlon Lutnikin məsələsini də həll etmək istəyir. Milyarderin qarşısında duran daha bir hədəf isə Donald Trampın avtomobil sənayesi üçün ekoloji qaydaları zəiflətmək və elektrikli avtomobillərin alınması üçün vergi güzəştləri ləğv etmək planına mane olmaqdır. Çünki bu, Maskın rəhbərlik etdiyi “Tesla” şirkətinə zərər vura bilər”.

 

Günay Rəsulqızı
 

Избранный
28
20
sfera.az

10Источники