RU

ABŞ və Aİ istəyinə nail ola bilmədi – ŞƏRH

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim böhranının həll üçün ən önəmli platforma hesab edilirdi. Bakı bu tədbirə uğurla ev sahibliyi edərək tarixi nəticəyə nail oldu. Həm COP29-dan əvvəl, həmçinin də tədbir zamanı Azərbaycana qarşı qarayaxma kampaniyalarının ardı-arası kəsilmirdi. Fransa, ABŞ, Aİ başda olmaqla bəzi qüvvələr Azərbaycana qarşı şər-böhdan dolu siyasət sərgiləyirdi.

Kiçik ada dövlətlərinin, kasıb ölkələrin son ümid yeri Azərbaycan olduğu halda, beynəlxalq güclər öz siyasi maraqlarının arxasınca düşərək həmin dövlətləri görməzdən gəlirdi. Son hesabatlara görə, ən çox karbon emissiyasını atmosferə buraxan ABŞ və Avropa İttifaqı – konfransın irəliləyişinə və nəticələrinə mane olmağa çalışırdılar. Onlar özlərinini iqlim təşəbbüskeşi kimi təqdim etsələr də, COP29-dakı addımları ziddiyyətin ortaya çıxmasına səbəb oldu.

Məsələn, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Bakıya səfərini tədbirə bir neçə gün qalmış ləğv etməsi, onun niyyətindən xəbər verir.
Qərb çirkin vasitələrlə ev sahibi və sədr ölkə kimi Azərbaycana təzyiq göstərərək iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışırdı. Bakıda aparılan müzakirələr də bunu bir daha göstərdi. Dünya Qərbdən 1 trilyon gözlədiyi halda, onlar yalnız 300 milyard dollarlıq vəsaitlə ortaya çıxdı. Qəsdən bu rəqəmi də tədbirin ən son günü açıqladılar ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərb indi məsuliyyətini başqalarının üzərinə yıxmağa çalışır.

Həmçinin Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi Birləşmiş Ştatların, o cümlədən bəzi ölkələrin Paris Sazişi ilə bağlı mövqeyini dəyişdi. Lakin daha əvvəl – 2015-ci ildə Paris Sazişinin imzalanmasında əsas oyunçu olan Birləşmiş Ştatlar və Aİ Avropa Yaşıl Razılaşması kimi təşəbbüslərlə “yaşıl lider” olduğunu bəyan edib.

Lakin COP29-da onların hərəkətləri, sözlərlə deyil, əməllərlə irəliləmə yönündə narahatedici bir tendensiyanı nümayiş etdirir. Həm ABŞ, həm də Avropa İttifaqı vacib maliyyə öhdəliklərindən yayınmaq, siyasi və iqtisadi maraqları planeti qorumaqdan üstün tutmaqla tanınıdılar.

COP28-də ABŞ iqtisadi inkişaf və milli təhlükəsizliyin zədələnməməsi üçün neft və qazın sürətli şəkildə azaldılmasına qarşı lobbiçilik edərək, fosil yanacaq istehsalını davam etdirməyə dəstək verdi.

ABŞ və Avropa İttifaqı tərəfindən iqlim dəyişikliyi ilə mübarizə üçün göstərilən maliyyə dəstəyinin çatışmazlığı da ciddi tənqidlərə səbəb olub. 2009-cu ildə inkişaf etmiş ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı, 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 100 milyard dollar iqlim maliyyəsi ayırmağa qərar vermişdilər. Lakin bu vəd yerinə yetirilmədi.

COP29-da ABŞ və Avropa İttifaqı da məsuliyyətdən yayınmağa çalışdı. Bu maliyyə öhdəliklərinin yerinə yetirilməməsi, yalnız ABŞ və Avropa İttifaqının etibarını zədələməkdə deyil, həm də qlobal əməkdaşlığa zərbə vurdu.

Lakin bütün əngəllarə, çətinliklərə baxmayaraq COP29 işini uğurla başa vurdu. Bu bir daha Azərbaycana olan güvənin, etimadın təsdiqi idi.

Natiq Səlim,
KONKRET.az

Избранный
11
konkret.az

1Источники