RU

Spiker: “Gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə...”

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 2024-cü il 25 noyabr tarixli plenar iclasında 2025-ci ilin dövlət büdcəsi layihəsi barədə çıxış edib.

Musavat.com parlament sədrinin çıxışını təqdim edir:

“Hörmətli cənab Baş nazir və hökumət üzvləri! Hörmətli deputatlar!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf strategiyası ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edir. Ardıcıl həyata keçirilən düşünülmüş islahatlar və strateji təşəbbüslər sayəsində Azərbaycan iqtisadi artım templərini qoruyub saxlayıb, regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib. Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilir. Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bununla yanaşı, ölkəmiz, COP29 Konfransı ilə əlaqədar bayaq da qeyd etdiyim kimi, yaşıl enerjiyə keçid sahəsində irimiqyaslı layihələr həyata keçirir.

Qeyri-neft sektoruna, xüsusən kənd təsərrüfatı, turizm və texnologiyalar kimi sahələrə böyük diqqət yetirilməsi ölkəmizin iqtisadi müstəqilliyini daha da möhkəmləndirir və inkişaf perspektivlərini genişləndirir. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi milli gündəliyimizin ön sıralarındadır.

Məqsədyönlü investisiyalar, həyata keçirilən infrastruktur, ağıllı şəhər və kənd layihələri sayəsində Qarabağ və Şərqi Zəngəzur tərəqqi və innovasiyalar mərkəzinə çevrilir. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir. İnsanların rifah halı daha da yaxşılaşdırılır, əmək haqları və pensiyalar artırılır, keyfiyyətli səhiyyə və təhsilin əlçatanlığı təmin edilir”.

Sahibə Qafarova qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsi iqtisadi inkişaf, dayanıqlılıq və inklüzivlik təməlləri üzərində qurulub:

“Büdcə iqtisadi tərəqqi ilə  sosial məsuliyyətin tarazlığına əsaslanır.  Və dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl və dinamik inkişafını nümayiş etdirən ən mühüm göstəricilərdir. Məmnunluqla qeyd etmək olar ki, gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə – müvafiq olaraq, 38,3 milyard manat və 41,4 milyard manata yaxın məbləğdə proqnozlaşdırılır. 2025-ci ilin dövlət büdcəsinin prioritetləri ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. Və əminliklə söyləmək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti gələn il büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq”.  

Spiker bildirib ki, 2025-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib:

“Qeyd etmək lazımdır ki, yaranmış ənənəyə uyğun olaraq, parlamentdə təmsil edilən siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunub və iclasda onların hər birinə öz fikirlərini ifadə etməsi üçün şərait yaradılıb.

Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib.

Hesab edirəm ki, bizim aparacağımız müzakirələr səmərəli olacaq, burada deputatların dəyərli fikirləri və təklifləri səslənəcək. Bununla əlaqədar mən millət vəkillərini müzakirələrdə fəal iştiraka dəvət edirəm”.

E.Paşasoy,
Musavat.com

Избранный
14
musavat.com

1Источники