Uelsli futbol mütəxəssisi Stiv Kuper İngiltərə Premyer Liqasında mübarizə aparan “Lester Siti” klubundan qovulub.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis komandanın uğursuz nəticələrinə görə vəzifəsindən kənarlaşdırılıb. Premyer Liqa təmsilçisi onun köməkçiləri Alan Teyt və analitik Stiv Rendslə də yollarını ayırıb.
Kuper bu ilin yayından “Lester Siti”yə baş məşqçilik edirdi. 44 yaşlı mütəxəssisin bu klubla 2027-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Uelsli məşqçi Lester təmsilçisini cəmi 14 oyuna çıxarıb. Komana bu görüşlərdə 4 qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
“Lester Siti” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 xalla 16-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Stiv Kuper daha öncə “Nottingem Forest” və “Suonsi Siti”yə, İngiltərənin U-17, U-16, “Liverpul”un U-18, gənclərdən ibarət komadalarına da baş məşqçilik edib.
“Lester Siti” ötən mövsüm Çempionşipdə qalib olaraq Premyer Liqaya vəsiqə qazanıb.