RU

Cərimə ilə razılaşmırsınızsa, nə etməlisiniz?

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin məbləği yüksəkdir.

Hətta o qədər yüksək ki, cərimələr əhalinin orta gəlirinə uyğun götürülməyib.

Bunu ekspertlər də bildirir. Hesab edirlər ki, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan istənilən cərimənin məbləği əməkhaqqına adekvat deyil.

Yol hərəkəti qaydalarını pozmağa görə cərimələrin məbləği 10 manatdan başlayaraq 4000 manata qədər gedir. Təbii ki, bu cərimələrin məbləği növünə görə dəyişir.

Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunur.

Bəzən heç qayda pozmadığınız halda, qayda pozduğunuz haqqında elektron ünvanınıza foto-video daxil edilmədən cərimə protokolu daxil edilir.

Bəs sürücülər cərimə ilə razılaşmırsınızsa, nə etməlidir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov "Cebheinfo.az"-a açıqlamasında deyib ki, yol hərəkəti qaydalarını pozan istənilən sürücü cərimələnir:

“Məsələn, içkili halda sükan arxasında əyləşmə, sürət həddini aşma, avtoxuliqanlıq, avtobus zolağına daxil olmaq və digər hallarda sürücülər cərimə edilir. Bu baxımdan, gərək sürücülər diqqətli olsunlar. Əgər sürücülər haqsız yerə cərimələniblərsə, o zaman buna etiraz edə bilərlər”.

O bildirib ki, sürət həddini aşma kamera ilə fiks edilib, elektron ünvana göndərilir: 

“Bu zaman foto və ya video olması mütləqdir. Ancaq yol polisi kəmər taxmadığına görə sürücünü saxlayıb, cərimə yazırsa, o zaman burada hər hansı bir sübuta ehtiyac yoxdur. Məsələn, sizin elektron ünvanınıza dönmə işıqlarının yandırılmamasına görə qayda pozuntusu ilə bağlı cərimə yazılıbsa və orada hər hansı bir foto və ya video yoxdursa, bu zaman həmin cərimə əsassız sayılır.

Əgər bu qayda pozuntusuna görə, polis sürücünü saxlayıbsa, sürücü deyə bilər ki, “mən dönmə işığını yandırmışdım, əgər yandırmamışamsa bunu sübut et”. Polis bunu hər hansı bir formada isbat etməlidir. Sübut təqdim etmədən sizə cərimə tətiq edirsə, siz həmin yazılan protokola etiraz edə bilərsiniz. Bu zaman məsələ araşdırılır və sizə nəticə bildirilir”.

Ekspert qeyd edib ki, haqsız yerə cərimələnibsizsə, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilərsiniz:

“Müraciətlər həm elektron, həm də adi qaydada qəbul olunur. Əgər qayda pozmadığınıza əminsinizsə və sizə tətbiq edilən protokollara etiraz edirsinizsə, bu barədə Dövlət Yol Polisinə sizə tətbiq edilən protokoldan şikayət edə bilərsiniz. Siz haqlı çıxdığınız halda, sizə heç bir cərimə tətbiq edilməyəcək”.

Избранный
8
cebheinfo.az

1Источники