İki həftə dünyanın ekoloji mərkəzinə çevrilən Azərbaycan təkcə yaşıl enerjiyə keçid deyil, bütün sahələrdə malik olduğu imkanları təqdim etdi. Cari ilə dünyaya “Yaşıl dünya naminə həmrəylik!” çağırışı ilə başlayan Azərbaycanın bu istiqamətdə atdığı uğurlu addımların xronologiyası bunu bir daha sübut edir. Ölkəmiz üçün hər bir hədəf növbəti uğurlara doğru gedən yolun başlanğıcı kimi dəyərləndirilərək onun reallığa çevrilməsi istiqamətində bütün zəruri addımlar atılır. Qlobal dünyanı narahat edən iqlim böhranının aradan qaldırılmasında məhz yaşıl enerjidən istifadənin əhəmiyyətli rol oynadığını nəzərə alsaq, Azərbaycanın bu sahədə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfələri ilə diqqətdən kənarda qalmadığının şahidi olarıq. Ümumiyyətlə, ekoloji, iqtisadi və texnoloji amillərin birləşməsi yaşıl enerjiyə uğurlu keçidə imkan yaradır. Məhz bu baxımdan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılıması günümüzün əsas çağırışlarından birinə çevrilib. COP29 çərçivəsində keçirilən görüşlərdə, aparılan müzakirələrdə ümumi qənaət bu oldu ki, ölkələrin çoxunun, xüsusən də inkişaf etməkdə olanların yaşıl enerjiyə keçidinə mane olan əsas faktorlardan biri məhz maliyyə, investisiya çatışmazlığıdır. Bu səbəbdən yaşıl enerji siyasəti yürüdən ölkələrin diqqət mərkəzində saxlamalı olduqları məqamlardan biri müvafiq sərmayələrin cəlb olunmasıdır. Bu sahədə nümunə olan ölkələrdən biri Azərbaycandır. Ölkəmizdə xarici investisiyalar hesabına çoxsaylı bərpaolunan enerji mənbələri yaradılır və proses yüksək intensivliklə davam edir. Artıq xarici investisiyalar hesabına Azərbaycanda yaşıl enerji istehsalında mühüm nailiyyətlər əldə olunub. Fəaliyyətini uğurla davam etdirən Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən inşa olunmuş 230 meqavat gücündə Qaradağ Günəş-Elektrik Stansiyası bunun ən yaxşı nümunələrindən biridir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəli paylaşımında bu məqamları xüsusi vurğulayır ki, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.
Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Qeyd edildiyi kimi, Azərbaycan təkcə iqlim sammitinə ev sahibliyi etmədi, həm də maliyyə məsələsində öz addımlarını atdı. Belə ki, Azərbaycan İqlim Maliyyə Fondunun yaradılması təşəbbüsü ilə çıxış etdi və bu fondun çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində töhfə verdiyini açıqladı. Azərbaycan Prezidenti İlham Əliyev COP29-un inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı bəyan etdi ki, bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunub. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Belə ki, COP29 ilk Qlobal Baxışın nəticələrində heç bir geriləmə olmamasını təmin edərək, Zərər və İtki Fondunu işə salmağa və fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq oldu.
Vüqar Rəhimzadə qeyd edib ki, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirən dövlətimizin başçısı İlham Əliyev belə bir əminliyi ifadə edir ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.
Milli Məclisin deputatı onu da bildirib ki, Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair Bəyanat da yaydı. Həmin sənəddə Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsinin hədəf seçildiyi xüsusi vurğulanır. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşırdılar. Tərəflər BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan Respublikası Hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndiriblər.
9Источники
-
moderator.az"Azərbaycan iqlim diplomatiyasında tarixi nəticələr əldə etdi" - Vüqar Rəhimzadə ( 13363678)
-
moderator.az"Azərbaycan iqlim diplomatiyasında tarixi nəticələr əldə etdi" - Vüqar Rəhimzadə ( 13363675)
-
sia.azAzərbaycan iqlim diplomatiyasında tarixi nəticələr əldə etdi - Vüqar Rəhimzadə ( 13363291)
-
olaylar.azVüqar Rəhimzadə: Azərbaycan iqlim diplomatiyasında tarixi nəticələr əldə etdi ( 13363279)
-
sesqazeti.azAzərbaycan iqlim diplomatiyasında tarixi nəticələr əldə etdi ( 13363150)
-
demokrat.azVüqar Rəhimzadə: Azərbaycan iqlim diplomatiyasında tarixi nəticələr əldə etdi ( 13362694)
-
1news.azVüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi” ( 13362667)
-
az.trend.azAzərbaycan iqlim diplomatiyasında tarixi nəticələr əldə etdi - Vüqar Rəhimzadə ( 13362436)
-
ikisahil.azVüqar Rəhimzadə: Azərbaycan iqlim diplomatiyasında tarixi nəticələr əldə etdi ( 13361776)