RU

İnsan hüquqları maarifləndirilməsində rəqəmsal həllər

Elmi  tədqiqat və innovasiyaların sürətlə inkişaf etdiyi bir dövrdə rəqəmsal informasiya mühitinə inteqrasiyanın genişləndirilməsi vacib amillərdəndir. Hər ötən gün biz elə bir texnoloji inkişaf mərhələsinə çatırıq ki, həyatımızı yeni nailiyyətlərsiz, kəşflərsiz təsəvvür edə bilmirik. Artıq dünya ölkələrinin inkişafında yeni texnologiyaların, innovasiyaların və yaşıl enerjinin  inkişafı fundamental meyarlara çevrilib və bir çox istiqamətlərdə süni intellektin tətbiqindən geniş istifadə olunur. 

Dünya təcrübəsi: Süni intellektin tətbiqi və imkanları

Bu gün rahatlıqla deyə bilirik ki, süni intellektin sonsuz imkanları və tətbiqləri cəmiyyətin gələcəyini və taleyini müsbət yöndə formalaşdırmağa, gələcək həyatımızı daha sadə və rahat  etməyə qadirdir. Dünya ölkələri - ABŞ, İsveçrə, İtaliya, Niderland, Sinqapur, Çin və digər ölkələr bir çox sahələrdə bu tətbiqlərdən yararlanırlar. Belə ki, yaxın gələcəkdə hüquq mühafizə orqanlarının əməkdaşlarının təhlükəsizliyinin təmini və cinayətkarların təqib edilməsində süni zəka əsaslı qlobal izlənmə sistemi  yaradılacaq və bunun nəticəsində də pilotsuz idarə olunan elektromobillər avtomobilləri əvəz edəcək. 

Azərbaycanda Süni İntellekt Strategiyası

Süni intellektin imkanları bu gün ölkəmizdə də yüksək səviyyədə tətbiq olunur. Ölkədə rəqəmsallaşma proseslərini sürətləndirmək və beynəlxalq rəqabət qabiliyyətini artırmaq məqsədilə Süni İntellekt Strategiyası da (Sİ Strategiyası) hazırlanıb. Bu proseslərin nəticəsində Azərbaycanda süni intellektin ədalətli və etik istifadəsi üçün normativ-hüquqi baza da hazırlanır. Hətta Azərbaycan rəqəmsallaşma və süni intellektin tətbiqi dairəsinə görə Cənubi Qafqaz ölkələri arasında liderdir. Belə ki, "Oxford Insights" şirkətinin illik hesabatında verilən  məlumata əsasən, süni intellektin tətbiqini əks etdirən qlobal indeksdə Azərbaycan İranı, Gürcüstanı, Ermənistanı qabaqlayaraq 64-cü yerdə qərarlaşıb. İlk 3-lükdə isə Sinqapur, Almaniya və Böyük Britaniya yer alıb.

Elektron Xidmətlər və İnfrastruktur İnkişafı

Ölkəmizin onlayn dövlət xidmətləri və telekommunikasiya infrastrukturu ötən illərlə müqayisədə Elektron İştirakçılıq İndeksində də (EPI) 28% artım qeydə alınıb. İndeks üzrə ölkəmiz 98-ci yerdən 88-ci yerə qədər yüksəlib. 

Təkcə internetin əhatə olunması və yayımına görə ölkədə 2024-cü ilin 6 ayı ərzində 0,8 milyon ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxışı təmin olunub.  Ümumilikdə isə ölkədə 2,7 milyon təsərrüfat  genişzolaqlı internetə çıxış əldə edib. 

Eyni zamanda ölkədə elektron xidmətlərin göstərilməsi və kağızsız hökumətə keçidi təmin etmək məqsədilə Milli Məlumat Mübadiləsi sistemi - "Digital Bridge" təqdim olunub. Bununla da 70 qurumun 100-dən çox informasiya sisteminin məlumat tranzaksiyasının sayı 1 milyardı keçib.

Həmçinin Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişaf İndeksinin (EGDI) reytinqində ən yüksək göstəricisi olan ölkələr qrupuna daxil olub. Reytinqin yekun göstəricisində Azərbaycan 1 ballıq şkala üzrə 0.7607 bal toplayaraq 193 ölkə arasında 74-cü yerə yüksəlib. Sevindirici haldır ki, bu göstərici 2022-ci illə müqayisədə 9 pillə artaraq ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Very High EGDI” ölkələri sırasına daxil olub.

Bütün bunlarla yanaşı, işğaldan azad edilmiş ərazilərin yenidən bərpasında “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının həyata keçirilməsi, məhz bu qabaqcıl texnologiyaların sayəsində mümkün olacaq. Əminik ki, bu müasir texnologiyalar bərpa olunan əzəli torpaqlarımıza qayıdan keçmiş məcburi köçkün soydaşlarımızın rahat və sağlam həyat tərzinin təmin edilməsinə böyük töhfələr verəcək.

Hüquq və İnsan Haqları İnstitutunun Rəqəmsallaşma Təşəbbüsləri

Hazırda bu istiqamətdə ölkədə aparılan proqramlara dəstək göstərərək Hüquq və İnsan Haqları İnstitutu da ictimai-siyasi fikrin və hüquqi şüurun formalaşdırılmasında, hüquqi maarifləndirmənin ictimaiyyətə çatdırılmasında rəqəmsallaşmaya böyük önəm verir. Hüququn ayrı-ayrı sahələri, o cümlədən insan hüquqları sahəsində maarifləndirməni artırmaq, insan hüquqlarının müdafiəsini gücləndirmək və hüquq sistemindəki boşluqları aradan qaldırmaq məqsədilə rəqəmsallaşmadan istifadə ən müasir vasitələrdən biridir. Çünki müasir texnologiyalar insanların hüquqlarını daha əlçatan və effektiv bir şəkildə öyrənməyə imkan yaradır.

Qeyd edək ki, İnstitut 2022-ci ildən publik hüquqi şəxs kimi fəaliyyətə başladıqdan sonra, rəsmi veb səhifəsi üzərindən yeni texnoloji imkanlardan istifadə edərək insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində maarifləndirici məlumatları daha səmərəli, rahat və əlçatan şəkildə ictimaiyyətə çatdırmaq  üçün bir sıra baza sistemləri yaradıb. Bu baza sistemləri, müxtəlif hüquqi resurslara və məlumatlara çıxışı asanlaşdırmaqla yanaşı, vətəndaşların hüquqi biliklərini artırmağa yönəlmişdir. Bütün bu sistemlər, hüquq sahəsindəki məlumatların müasir standartlara uyğun təqdim edilməsini təmin edir və istifadəçilər üçün maarifləndirməni daha da effektivləşdirir. İnstitutun bu təşəbbüsləri, cəmiyyətdə insan hüquqları sahəsində hüquqi biliklərin genişlənməsinə mühüm töhfə verir. Nəticədə, bu resurslar insan hüquqları ilə bağlı biliklərin artırılmasına, hüquqi münaqişələrin azaldılmasına və cəmiyyətin hüquq normalarına daha yaxşı uyğunlaşmasına kömək edəcəkdir.

İnsan Hüquqları Resurslarının Rəqəmsal həlləri

İnstitut, hüquq ədəbiyyatlarını vahid bir bazada toplayaraq “Hüquq və insan haqları virtual kitabxanası”nı yaradıb. 1684 hüquqi vəsaiti olan bu kitabxana, istifadəçilərə müxtəlif hüquq sahələri ilə bağlı resurslara asanlıqla çıxış imkanı təqdim edir. 2023-cü ilin may ayından bu günə qədər virtual kitabxanadan  472723 vəsait yüklənib. Eyni zamanda, İnstitut şəhər və regionlarda fəaliyyət göstərən dövlət qurumlarının və yerli strukturların əlaqə vasitələrini interaktiv bir xəritə üzərində əks etdirən “Rəqəmsal insan hüquqları resurs xəritəsi”ni də hazırlayıb. Xəritə, vətəndaşların hüquq xidmətlərinə daha rahat və sürətli şəkildə çıxışını təmin edir. 

İnstitut Australian Human Rights Commission modelindən istifadə edərək “İnsan Hüquqlarına giriş” mövzusunda onlayn kurs platforması da yaradıb. Bu günə qədər kursdan 85 nəfər  yararlanıb.

Bunlarla yanaşı, İnstitut Azərbaycanda hüquq sahəsində nəşr olunan “Hüquq elmi jurnallarının vahid axtarış bazasını”, həmçinin hüququn müxtəlif sahələri və insan hüquqları üzrə ixtisaslaşan “Təlimçilərin vahid elektron axtarış bazasını” da istifadəyə verib. Bu axtarış bazaları həm hüquqşünasların tədris və tədqiqat fəaliyyətlərini asanlaşdırmağa, həm də elmi yenilikləri asanlıqla izləməyə imkan yaradır.

İnanırıq ki, mütəmadi yenilənən bu axtarış bazaları, hüquq sahəsindəki məlumatların daha əlçatan olmasını təmin edəcək, hüquqi maarifləndirmənin genişlənməsinə və cəmiyyətin hüquqi şüurunun formalaşmasına böyük təsir göstərəcək.

İnstitut qanunların tətbiqində şəffaflığın artırılması, korrupsiya hallarının ifşa olunması və qanunvericilik praktikasının təkmilləşdirilməsi proseslərinə töhfə vermək məqsədilə “Praktikaya aid siqnallar sorğusu (PASS) platforması” yaradıb. Platforma həm hüquqşünaslara, həm də geniş auditoriyaya qanunlardakı boşluqları aşkara çıxarmaqla yanaşı, həm də qanunların tətbiqinə dair təkliflər vermək imkanı yaradır. PASS platforması qanunların yaratdığı çətinlikləri və problemləri vaxtında müəyyən etməyə və bu sahədə daha doğru və şəffaf qərarların qəbul edilməsinə kömək etməyə dəstək verir.

Bu təşəbbüslər, hüquq elminin inkişafını dəstəkləmək, müasir hüquqi bilikləri geniş auditoriyaya təqdim etmək və cəmiyyətdə insan hüquqlarının təşviqi baxımından İnstitutun fəaliyyətində əhəmiyyətli rol oynayır. 

Bu işlərin davamı kimi İnstitut hüquq elmi məqalələrini süni intellekt texnologiyasının imkanlarından istifadə edərək audio formata çevirərək yeni audioməqalələr bazası (https://lhri.az/az/audio-articles) yaradıb. Hüquq və İnsan Haqları İnstitutu bu baza vasitəsilə istifadəçilərin audioməqalələrə olan təlabatını daha sürətli  və səmərəli şəkildə ödəmək üçün optimal bir platforma təqdim edir. İnstitutun bu təşəbbüsü, hüquq elmi biliklərinin daha əlçatan olmasını təmin edərək, geniş kütlə üçün faydalı resurslar yaratmağı hədəfləyir.

Gələcək Perspektivlər və Uğurlar

İnanırıq ki, müasir texnologiyaların son nailiyyətləri elm və təhsil sahəsində də yeni-yeni uğurlar əldə etmək üçün münbit bir sfera formalaşdıracaq və sabit texnoloji bazanın qurulmasına təkan verəcək. Həmçinin bu, tədqiqatların keyfiyyətini artırmaqla yanaşı, tələbələrin və mütəxəssislərin inkişafına da müsbət təsir göstərəcək, hüquq tədqiqatçılarının və tələbələrinin hüququn müxtəlif sahələrində yeni ideyalar, metodologiyalar və innovativ yanaşmalar üzərində işləməsinə stimul verəcək.

Nəticədə, bütün bu amillər cəmiyyətin bilik əsaslı iqtisadiyyata keçidini sürətləndirəcək və uzunmüddətli inkişaf üçün zəmin yaradacaq. Texnoloji inkişaf sahəsindəki irəliləyişlər, elmi araşdırmaların daha geniş ictimaiyyətlə çatdırılmasını da asanlaşdıracaq. Bu da ictimaiyyətin elmi biliklərə olan marağını artırmaqla yanaşı, elmi məlumatların populyarlaşmasına, habelə  müasir problemlərin həllinə geniş imkanlar yaradacaq.

İlqar AĞASIYEV,

Hüquq və İnsan Haqları İnstitutunun

Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri

 

Избранный
18
xalqqazeti.az

1Источники