RU

Öz ixtisası üzrə çalışmayan məzunlara XƏBƏRDARLIQ - QORXULU STATİSTİKA

Azərbaycanda Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında ölkəmizdə fəaliyyət göstərən universitetlərin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib. Reytinqə görə, məzunları ən çox işlə təmin edilən ilk 3 universitet Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Dövlət Universitetidir.Universitetlərin məzunlarını təyinatla işlə təmin etməsi hansı üstünlüklərlə və çətinlikləri yarada bilər. Məzunların öz istəklərinə uyğun olmayan yerlərə təyin olunması onların gələcək karyerasını zədələyə bilərmi?
 
 
Mövzu ilə bağlı Moderator.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, məzunların işə təyinatı məsələsi əvvəllər olub, indi belə bir hal demək olar ki, yoxdur:
 
"İstisnalar hüquq-mühafizə və çox az sahələrdə özünü göstərir. Bakalavrların ali təhsil müəssəsini bitirdikdən sonra iş tapması bir növ öz ixtiyarına buraxılır. Hazırda işəqəbulun kütləviliyinə görə Elm və Təhsil Nazirliyi misal ola bilər. Burada da təyinat yox, məzunun bilik və bacarığı önə çəkilir. Belə ki, pedaqoq olmaq istəyənlər müəllimlərin işə qəbulu müsaqibəsində uğur qazanmalıdırlar. Digər dövlət orqanlarına qəbul üçün dövlət qulluğu imtahanlarını uğurla keçmək gərəkdir. Düzdür, burada müsbət məqamlar çoxdur. Amma mənfilər də az deyil.
 
Bu gün əksər ixtisasların strukturu sürətlə dəyişir, yetərli olmayan ali təhsil, bunun paralelində inkişafda olan texnologiya  biliyə meydan açır. İndiki halda üstünlük ixtisasını mükəmməl bilən və əlavə bacarıqları olan mütəxəssislərin xeyirinədir. Təyinat olanda rəqabət mühiti hiss olunmur, məsuliyyət yaranmır. Mən kiminsə işsiz qalmasının qəti tərafdarı deyiləm, ancaq qiymətləndirmək üçün ölçmə meyarları da olmalıdır ki, rəqabət və məsuliyyət yaransın.
 
Bu gün Azərbaycanda işləyən ali təhsilli şəxslərin təxminən 42 faizi öz ixtisaslarında çalışır. Qalan 58 faizi isə ya ixtisasından kənar sahədə işləyir, ya da işsizdir. Bu, qorxulu statistikadır. Burada hər birimizin günahı var. Valideyn uşağını vaxtında düzgün təlimatlandıra bilmir, şəxs özü nə istədiyin anlamaqda çətinlik çəkir, universitetlər diplom paylamaqla işini yekunlaşdırmış sayır. 
 
Nəzərə alsaq ki, 42 faizin böyük qismi işindən, ixtisasından, iş şəraitindən, maaşından və digər təminatlarından razı deyil, onda məsələ daha acınacaqlı və həyəcanlıdır.
 
Bu gün bir çox ixtisaslar bir sıra universitetlərdə əmək bazarının tələbinə uyğun kadr hazırlamır. Əmək bazarı təhlil edilmir, uyğunlaşma yoxdur. Bu məsələdə cavabdeh olan qurumlar sükutla keçir. Bu susqunluq problemlərin daha da ayaq açmasına geniş yol açır".
Избранный
10
moderator.az

1Источники