Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) böyük uğurla ev sahibliyi etdi. Dünya birliyinin inamı Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən qaynaqlanır. Ölkəmiz COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq birliyə iqlim çağırışları ilə bağlı müzakirələrin aparılması üçün böyük bir platforma təqdim etmiş oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
O bildirib ki, Bakıda COP29-un yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilib, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunub. Yüksəksəviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir ediblər. Prezident İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarındakı paylaşımında COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi adlandırıb. Həqiqətən də, bu tədbir ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Azərbaycan 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyur. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Dövlət başçısının vurğuladığı kimi, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik.
Deputatın sözlərinə görə, Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb. Eyni zamanda, tədbirdə əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu vurğulanıb. Ölkəmizin irəli sürdüyü COP Atəşkəs Çağırışı 132 ölkə və 1200-dən çox təşkilatın dəstəyini qazandı, habelə Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı qəbul edildi. Bu təşəbbüs, iqlim dəyişməsi, münaqişə və humanitar ehtiyacların təcili əlaqələrini həll etmək məqsədilə Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini yaradacaq.
“Beləliklə, Azərbaycan COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. Ancaq buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən - ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır. Bütövlükdə, COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb olub. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.