RU

Vadim Abdullayev fərdi məşqlərə başladı

Bir müddət əvvəl əməliyyat olunan “Araz-Naxçıvan”ın kapitanı, yarımmüdafiəçi Vadim Abdullayev fərdi məşqlərə başlayıb.

Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutan “Kəpəz”lə səfər oyunundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” bu gün məşqlərini bərpa edib. Komanda bu gün Buzovna qəsəbə stadionundakı məşqdə isinmə hərəkətlərindən sonra gücün bərpasına aid çalışmalar yerinə yetirib.

“Qırmızı-ağlar”ın bir müddət əvvəl cərrahiyyə əməliyyatı olunmuş kapitanı Vadim Abdullayev və zədə səbəbindən kənarda qalan Bayraməli Qurbanov fiziki hazırlıq üzrə məşqçi Teodor Terziyevin rəhbərliyi altında fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Premyer Liqanın 15-ci turunda “Turan Tovuz”la qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək bu matça saat 16:00-da start veriləcək.

Xatırladaq ki, Vadim Abdullayev 2022-ci ilin iyul ayından “Araz-Naxçıvan”da çıxış edir. 29 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm 9 oyunda iştirak edib. O, Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində baş tutan “Şamaxı” ilə səfər oyununda zədə almış və həmin görüşün 67-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.

Abdullayev “Araz-Naxçıvan”ın heyətində indiyə qədər 49 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub. Abdullayev daha öncə “Sabah”, “Simurq”, “Bakı”, “Qəbələ” və “Şüvəlan” kimi klublarda da forma geyinib.

Vaxtilə Azərbaycanın U-17 və U-21 yığmalarında da oynamış Vadim bu ildən əsas millimizə dəvət alır. O, oktyabrın 14-də UEFA Millətlər Liqası çərçivəsində baş tutmuş Slovakiya ilə görüşdə Azərbaycan millisinin heyətində debüt edib.

Избранный
22
arena.az

1Источники