RU

Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR

Ermənistan yarımçıq, Azərbaycan isə gələcəkdə mübahisələr yaratmayacaq sənəd imzalanmasında maraqlıdır; ikitərəfli müzakirələr baş tutarsa...

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu yerli İTV-yə müsahibəsində yenə özünəxas tərzdə gündəm yaratmağa çalışdı. Təbii ki, o, növbəti dəfə Azərbaycanla sülh müqaviləsi haqda da danışdı. İddia etdi ki, ilin sonunadək müqavilə imzalamaq üçün hər şeyi edəcək. Tərəflər demək olar, sənədi imzalamağa hazırdır.

Hərgah, qarşıdakı təxminən 40 günlük müddətdə buna nail olmaq inandırıcı görünmür. Çünki rəsmi Bakının əsas tələbi bəlli: Ermənistan konstitusiyasının beynəlxalq hüquqa uyğunlaşdırılması. İrəvan isə bu yöndə elə də həvəsli deyil. Üstəlik, referendum üçün daha böyük zaman gərəkdir. 

Demək, hansısa sənəd imzalanacaqsa da, bu, sülh müqaviləsi olmayacaq. Diplomatik əlaqələrin qurulmasına və səfirlərin mübadiləsinə gətirməyəcək. Azərbaycanın ona konstitusion ərazi iddiası olan bir ölkədə səfirlik açması istisnadır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev COP29-dan dərhal sonra tərəflər arasında sülh danışıqların davam etdiriləcəyini bildirmişdi. Ötən ay Kazanda keçirilən BRİCS sammiti çərçivəsində isə İlham Əliyev və Nikol Paşinyan XİN rəhbərlərinə danışıqları sürətləndirmək və sülh sənədinin imzalanmasını tezləşdirmək tapşırığı vermişdilər. Ondan az öncə ABŞ prezidenti Co Bayden ilin sonunadək sülh müqaviləsini imzalamaq xahişi ilə hər iki ölkənin rəhbərinə məktublar göndərmişdi.

Artıq COP29 da bitib, danışıqlar intensivləşəcəkmi? Sənədin ilin sonunadək imzalanması ehtimalı nə qədərdir? XİN başçıları harada, hansı ölkədə bir araya gələ bilər? Nəzərə alsaq ki, tərəflər ikitərəfli formata üstünlük verir, görüş bu il dekabrın 5-6-da Maltada keçiriləcək ATƏT XİN rəhbərlərinin toplantısı çərçivəsində mümkündürmü? Yaxud görüş yeri kimi, Rusiya, Gürcüstan və ya Qazaxıstan seçiləcək? Bəs danışıqlar Azərbaycan-Ermənistan sərhədində necə, gözləniləndirmi?

Mütəllim

Mütəllim Rəhimli 

Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Ermənistan tərəfi sülh sazişini imzalamaq üçün hər şeyə hazır olduğunu sözdə göstərir: “Paşinyan imzalanacaq sənəddə razılaşdırılmayan bəndlərin sonraya saxlanılmasını təklif edir. Bununla belə, özünü sülh tərəfdarı, Ermənistanı isə sülhpərvər dövlət kimi göstərməyə çalışır. Lakin unudur ki, Ermənistan regionda kifayət qədər etibarsız, ərazilərini qonşu dövlətlərin torpaqlarının hesabına genişləndirməyə calışan, münaqişəyə meylli, müharibə tərəfdarı bir ölkə imici qazanıb. Bununla belə, Azərbaycan Ermənistanla anlaşma şəraitində yaşamağa çalışır. Lakin bu o demək deyil ki, Ermənistanla konkret məqsədlərə söykənməyən müqavilə imzalansın. Elə bir sülh razılaşması  imzalanmalıdır ki, bu sülh razılaşması ən pis halda yaxın gələcək üçün münaqişəyə yol verməməlidir. Azərbaycanın istəyi də budur. Və bu istəyinin əsasında kifayət qədər ciddi arqument və faktlar dayanır. Ona görə də deyə bilərik ki, Ermənistana sülh müqaviləsinin vaxtı, Azərbaycana isə məzmunu daha vacibdir”.

Ekspert onu da qeyd etdi ki, Azərbaycan COP29 tədbiri keçirilən müddətdə də Ermənistanla sülh danışıqları prosesini əslində dayandırmayıb. Yəni Ermənistan heç vaxt deyə bilməz ki, COP29 sülh danışıqları prosesinin uzanmasına səbəb olub. Sülh danışıqlarının uzanmasına və yekun nəticənin hələ də əldə edilməməsinə Ermənistanın apardığı yanlış siyasət səbəb olur.

M.Rəhimli dedi ki, razılaşma prosesinin harada aparılması bizim üçün o qədər də əhəmiyyətli olmamalıdir. Amma bunun üçün dünyanın o biri başına getməyə də ehtiyac yoxdur. Əsas məsələ odur ki, iki ölkə arasında danışıqlar vasitəçilərsiz həyata keçirilsin və tərəflərin sülh əldə etmək iradəsi olsun.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Избранный
22
1
musavat.com

2Источники