RU

COP29 həm də Azərbaycanın siyasi nüfuzuna ehtiramın təzahürü kimi tarixləşdi


Dünyəvi problemlər dünyanın aparıcı dövlətlərinin, ümumən bütün dövlətlərin narahatlığıdır. Bu narahatlıq bilavasitə əməli tədbirlərlə mərhələlərlə həll edilə bilər. Belə problemlərin həlli istiqamətində “mən”, “siz” bölgüsü olmamalıdır, alternativsiz “biz” bölgüsü olmalıdır. Bu məntiqi zərurət bütün dövlətlərin dünyanın sabahlarına siyasi (və iqtisadi!) qayğısını tələb edir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) Bakıda təşkil olundu. Olduqca mötəbər bir tədbir idi. Həm də dünyanı hədələyən iqlim dəyişikliklərinə qarşı görülməli tədbirlərin sistemləşdirilməsi, arqumentləşdirilməsi kimi vacib tədbirlərin görülməsi mexanizmi ilə bağlı fikir mübadilələri aparılması baxımından dəyərləndirilən tədbir idi.
Belə bir tədbirin Azərbaycanda keçirilməsi dövlətə siyasi ehtiramın, iqtisadi qüdrətə inamın, elmi polemika təşkil etmə səriştisinə etibarın təzahürü oldu. COP29-da 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox nümayəndə iştirak etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tədbir haqda dedi: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.

Bu beynəlxalq tədbirin gedişini izləyən ekspertlərin səmimi rəyinə görə “Yaşıl dünya naminə həmrəylik” şüarına əsaslanmaqla Azərbaycan bitərəf vasitəçi kimi çıxış etdi, danışıqların (müzakirələrin) qərəzsiz aparılması üçün bütün zəruri imkanları yaratdı. Bütün proses boyu inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar səsləndirildi. Səbəb aşkardır: onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar, ekzistensial təhlükə ilə üzləşirlər. Azərbaycan həm də müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi. Bunlar birmənalı şəkildə təsdiqlədi ki, Bakıda keçirilən COP29-da konkret nailiyyətlər əldə edildi.

Yeni Kollektiv Kəmiyyət Məqsədindən söz açan dövlət başçımız qeyd etdi ki, “Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”.

Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəliyi elan etdi. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə birləşdirir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.

COP29-un nailiyyətləri haqqında səsləndirilmiş fikirlər diqqəti çəkir: COP29 Sədrliyinin Fəaliyyət gündəliyi daha geniş qrup maraqlı tərəfləri qlobal iqlim fəaliyyətinə töhfə verməyə çağırıb. Fəaliyyət Gündəliyinin Təşəbbüsləri bəzi aktual problemlərə qarşı mübarizə aparır, unudulmuş prioritetlərə işıq salır, ev sahibi ölkənin təcrübəsinə və perspektivinə əsaslanan unikal həllər təklif edir, ardıcıllığı və COP-dan-COP-a davamlılığı möhkəmləndirir. Bu təşəbbüslər bütün maraqlı tərəflərlə məsləhətləşmələr əsasında şəffaf şəkildə hazırlanıb. Onlar mövcud təşəbbüsləri tamamlayır və iqlim çağırışlarına yeni, yaradıcı yanaşmalar gətirir. Bu Təşəbbüslər birlikdə ambisiyalı iqlim fəaliyyətinin həyata keçirilməsini dəstəkləyəcəkdir.

“İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi” 50 ölkənin dəstəklədiyi bəyanatdır, iqlim dəyişikliyinin su hövzələri və su ilə bağlı ekosistemlərə təsirinə qarşı mübarizə üçün inteqrasiya olunmuş yanaşmanı təqdim edir. Belə bir fəaliyyət dünyanın təbii nizamı üçün olduqca vacibdir və bu baxımdan o, milli iqlim siyasətləri (NDC-lər və NAP-lar) çərçivəsində su ilə əlaqəli müəyyən tədbirlərin inteqrasiyasını aktuallaşdırır.
8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edilməsi, bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsiplərinin qəbul olunması, Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyasının yaradılması da COP29-un uğurlu nəticələrindəndir.
“Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə”, COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi”. “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi” kimi səənədlərin qəbul edilməsi də COP29-un hansı səviyyədə dəyərli bir beynəlxalq tədbir olduğunu təsdiqləyir. Bu sənədlər ayrılıqda da, vəhdətdə də dünyanın sabahları naminə olduqca zəruri sənədlərdir.

COP29-un bəzi məqamlarını xatırlayaq: Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində 80 dövlət və hökumət başçısı və vitse-prezidentlər Paris Sazişinin irəlilədilməsini və iqlim tədbirlərinə öhdəlik götürmələrini açıqlayaraq, mitiqasiya və adaptasiya üzrə ambisiyanı artırmaq zərurətini vurğuladılar.

ABŞ, Çin, Aİ, BƏƏ, Böyük Britaniya, Braziliya, Kanada və Nigeriya daxil olmaqla, ölkələr bir araya gələrək orqanik tullantılardan metanın azaldılmasına yönəlmiş siyasət qəbul edildi, Konfrans zamanı İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) iştirakı təmin olundu, onlara iqlim maliyyəsinə əlçatanlıq kimi əsas prioritet və narahatlıqlarını bildirmək üçün şərait yaradıldı  və s.

ABŞ Prezidenti Baydenin COP29-un iştirakçılarına ünvanladığı Bəyanat beynəlxalq tədirin gərəkliyinin, zəruriliyinin, təşkilatçı dövləətə, şəxsən bu dövlətin başçısına ehtiramın təzahürüdür:  

“Bu nəticənin əldə edilməsində əməyi olan tərəfləri və COP29-un sədrliyini təbrik edirəm. Qarşıda iqlim hədəflərimizə çatmaq üçün hələ çox iş var. Lakin bu gün əldə edilən nəticə bizi məqsədimizə doğru daha bir əhəmiyyətli addım yaxınlaşdırır. Amerika xalqı və gələcək nəsillər adından biz planetimizi daha təmiz, daha təhlükəsiz və sağlam etmək üçün işimizi sürətləndirməliyik. COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb olub. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü”.

COP29 həm dünyada baş verən və ehtimal olunan iqlim dəyişikliklərinə qarşı tədbirlərin sistemləşdirilməsi, aktuallaşdırılması və intensivləşdirilməsi baxımından gərəkli bir tədbir kimi tarixləşdi, həm də Azərbaycanın siyasi nüfuzunun, iqtisadi qüdrətinə ehtiramın təzahürü kimi…
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Избранный
27
4
newscenter.az

5Источники