RU

Kərə yağı ilə bağlı FAKTLAR


Ərzaq məhsullarının qida standartlarına uyğunluğu məsələsi istənilən ölkədə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan da təbii ki, istisna deyil. Məlumatlara görə, paytaxtda müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. Həmin şəxs iddia edib ki, yağları əritdikdən sonra tünd rəngli maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağına yox, maşın yağına bənzəyir. Görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə bağlı sözügedən marketin münasibəti belə olub ki, mağazalarında təqdim edilən bütün qida məhsulları müvafiq dövlət qurumu tərəfindən yoxlamalara cəlb edilir: “Yalnız keyfiyyət və təhlükəsizlik göstəriciləri uyğun olan məhsulların satışı həyata keçirilir. Sözügedən məhsulun qida təhlükəsizliyi sertifikatı mövcuddur”.

Öz növbəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, sosial şəbəkədə yayılan görüntü nəzarətə götürülüb: “Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə agentliyin “1003” qaynar xəttinə məlumat versinlər”.

Məlumat üçün deyək ki, Azərbaycanda kərə yağı tələbatının bir hissəsi yerli istehsal hesabına ödənilsə də, əhəmiyyətli bir hissə idxal olunur. İdxal olunan kərə yağlarının əsas mənbələri müxtəlif ölkələrdir. Bu ölkələrdən gətirilən yağlar həm keyfiyyət, həm də qiymət baxımından fərqlənir.

Əsas idxal ölkələrindən olan Yeni Zelandiya Azərbaycana ən çox kərə yağı ixrac edən ölkələrdən biridir. Bu ölkənin yağları yüksək keyfiyyətli sayılır və adətən təbii süd yağından hazırlanır. Misal üçün, “Anchor” kimi tanınmış markalar bu ölkədən gətirilir. Rusiya Azərbaycana kərə yağı ixrac edən digər əsas ölkələrdən biridir. Rusiya məhsulları daha ucuz olduğu üçün geniş yayılıb. Ekspertlərə görə, bəzi məhsulların tərkibində bitki yağlarının qarışdırılması halları müşahidə edilir. Belarusdan gətirilən kərə yağları isə daha keyfiyyətli məhsul hesab edilir. Adətən təbii süd yağından istehsal olunur və MDB məkanında tanınır. Ukraynadan gətirilən yağlar da həm ucuz, həm də keyfiyyət baxımından orta səviyyədə qiymətləndirilir. Lakin bəzi məhsullarda qarışıqların olması ehtimal olunur.

Avropa ölkələrindən (Polşa, Almaniya və s.) idxal edilən yağlar isə keyfiyyətli hesab olunur. Bu məhsullar adətən premium seqmentə aid olduğu üçün qiymətləri daha yüksəkdir. Türkiyə Azərbaycana müxtəlif yağ məhsulları, o cümlədən kərə yağı ixrac edir. Məhsulların keyfiyyəti adətən orta səviyyədə qiymətləndirilir. İran yağları nisbətən ucuzdur və müəyyən seqmentlərdə geniş yayılıb.

Lakin keyfiyyət məsələsindən bəzi istehlakçılar narazılıq edir. Yəni idxal olunan yağların keyfiyyəti ölkədən asılı olaraq dəyişir. Bəzi məhsullar tamamilə təbii süd yağından hazırlansa da, digərlərində bitki yağları qarışığı var.

Mütəxəssislər qeyd edir ki, bəzi idxal məhsullarının üzərində həqiqi tərkib tam göstərilmir və istehlakçılar aldanır. Yüksək keyfiyyətli məhsullar baha başa gəlir, ucuz məhsullarda isə qarışıqların olma ehtimalı çoxdur.

İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Çox təəssüflər olsun ki, etiket məlumatları ilə istehlakçıların aldadılması daim gündəmdədir və digər ölkələrdə də bu problem həll olunmayıb. İstehlakçılar istəyirlər ki, mallarını ölməz etsinlər, oradakı təkrar qarışdırdıqları inqrediyentləri gizlətsinlər və s. İstehlakçı hüquqlarını qoruyan təşkilatlar və AQTA kimi dövlət qurumları bunun qarşısını almağa cəhd edir. AQTA bu sahədə son illər bəzi işlər görüb. Azad İstehlakçılar Birliyinin qaldırdığı məsələ üzrə qəndlərə kimyəvi maddələrin qarışdırılması, ağardılmasına dair AQTA uğurlu iş görüb. Eləcə də suların etiket malları ilə onların mənbəyi barədə dəyişikliklərə nail olub. Kiçik işlər görülür, lakin yağla bağlı məsələ o qədər gediş yayılmış bir problemdir ki, AQTA bunun öhdəsindən gələ bilmir.

Ümumiyyətlə, ölkədə istehlakçı üçün məlumat standartları yoxdur ki, malların üzərində hansı məlumat, hansı şriftlə yazılmalıdır, necə olmalıdır və s. Bu problem yaşanır və təsadüf deyil ki, iki ay öncə Azad Istehlakçılar Birliyi bir neçə malın, yəni spred yağların etiket məlumatlarındakı çatışmazlığı AQTA-ya göndərib. Eləcə də Yunanıstandan idxal olunan “Vero Greko” 5 litrlik olan yağların etiket məlumatları aldadıcı olduğu barədə AQTA-ya məlumat verilib. Hələ ki ciddi bir dəyişiklik yoxdur. Adları verilən yağlar Rusiyadan, Belarusdan idxal olunur, misal üçün, “Tulçinskaya Ekstra №3″ün üzərində yazılır ki, tərkibində bitki yağı var, hansı bitki yağıdır, yazılmır, bitki yağlarının axı çeşidi çoxdur. Güman edirik ki, bu, palma yağıdır. Palma yağıdırsa, bu, yazılsın. Palmanın qida üçün olan yağları normal yağlardır. Yaxud “Tulçinskaya”, guya 72,5%  kərə yağıdır. Yenə də üstündə bitki yağı yazılır.

“Şedroe Leto” yağının üzərində də bitki yağı yazılıb. Yaxud Yunanıstandan daxil olan “Vero Greco” yağının etiketində zeytun şəkli var, yamyaşıl, cəlbedicidir. Lakin üzərinə baxırsan, məlum olur ki, bunun tərkibində zeytun yağının miqdarı 8%-dən çox deyil. Yəni digərləri naməlum yağlardır. Heç onlar da yazılmır ki, nə yağlarıdır”.

Eyyub Hüseynov deyib ki, əgər biz qida təhlükəsizliyinin əsasnaməsinə diqqət etsək, görərik ki, orada malların keyfiyyəti yox, təhlükəsizliyi əsas nəzərdə tutulub: “Yəni keyfiyyət məsələsi demək olar ki, “masa”nın üstündə qalır, bununla heç kəs məşğul olmur. AQTA-nın sənədi olmadan bir mal belə marketə daxil ola bilməz. Lakin ümumiyyətlə götürsək, Azərbaycan hökuməti biznes qurumları üçün elə bir rahat toxunulmaz şərait yaradıb ki, onlar bundan sui-istifadə edir, istehlakçıları aldadır və bəzi hallarda AQTA bu anormal vəziyyətin qarşısını ala bilmir. Onların cəld yoxlama mexanizmi yoxdur. Bir yerdə təhlükəli mal satılırsa, onların ixtiyarı yoxdur ki, bunun qarşısını alsınlar. Lakin bir saatdan sonra ən təhlükəli mal istehlakçının əlində olur. Bu kimi anormal hal aradan qaldırılmalıdır. Hökumət AQTA-nın əsasnaməsində dəyişikliklər aparmalıdır. AQTA cəld yoxlama imkanlarına malik olmalıdır”.

Qeyd edək ki, dünyada yağın keyfiyyəti və təhlükəsizliyinə nəzarət qida təhlükəsizliyi standartları, dövlət qurumları və müstəqil nəzarət mexanizmləri vasitəsilə aparılır. Bu proses müxtəlif ölkələrdə fərqli üsullarla həyata keçirilir, lakin ümumi məqsəd istehlakçıların sağlamlığını qorumaq və məhsulun keyfiyyətinə zəmanət verməkdir. Misal üçün,  Avropa İttifaqına (Aİ) aid ölkələrdə tənzimləyici orqan Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) sayılır. Aİ-də kərə yağı və digər yağların tərkibindəki maddələr (süd yağı, bitki yağları və digər qatqılar) dəqiq şəkildə tənzimlənir.

“Kərə yağı” termini yalnız 80-90% süd yağından ibarət məhsullara aid edilə bilər. Etiket məlumatları məcburidir və bütün tərkib maddələri dəqiq şəkildə göstərilməlidir. Məhsulların istehsalından əvvəl və bazara çıxarıldıqdan sonra laborator analizlər aparılır. Aldadıcı məlumat verən və ya standartlara uyğun olmayan məhsullar dərhal bazardan çıxarılır və şirkət cərimələnir.




Избранный
34
45
news24.az

10Источники