RU

Müdafiə Nazirliyindən 143 milyon oğurluq işi - polkovnik-leytenanta hökm oxundu

Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, keçirilən prosesdə Rəşad Məlikzadə son söz deyib.

O, barəsində ədalətli qərar qəbul edilməsini istəyib. Bundan sonra Rəşad Məlikzadəyə hökm oxunub.

Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun və yaxın qohumlarının adına rəsmiləşdirilmiş, üzərinə həbs qoyulan 2 milyon manata yaxın əmlaklar dövlətə vurulmuş ziyanın ödənilməsi məqsədilə müsadirə olunub.

Rəşad Məlikzadəyə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib. Məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 848 min manatını ödəyib.

Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Rəşad Məlikzadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov və digər şəxslərin cinayət işi üzrə şahid qismində dindirilib. Daha sonra onun barəsində olan cinayət işi üzrə ayrıca icraatda araşdırma aparılıb. General-mayor Nizami Məmmədov Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə birlikdə mühakiməsi ayrı icraatda davam edir.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
64
49
musavat.com

10Источники