RU

Boşanmalar: statistika “SOS” deyir!

Hər birimiz yeni həyata qədəm qoyarkən böyüklərimizin “Bir yastıqda qocalasınız” kimi dəyərli tövsiyəni eşidirik. Bir yastıqda qocalmaq özündə dərin bir mənanı ehtiva edir. Bura ailə dəyərlərimizlə bağlı xüsusiyyətlərdən tutmuş ailənin uzunömürlülüyü, mehribanlıq, sədaqət, qarşılıqlı hörmət daxildir.

Bir yastıqda qocalmaq dünyanın gözəlliklərinin birincisidir. Bir-birini sevən, bir-birinə hörmət hissi olan insanların bölüşdüyü həyatdır. Başladıqları yeni bir yolu uğurla addımlamaqdır. Onları mənzilbaşına aparan yoldur. Nə var mənzil başında? Əlbəttə ki, yaşlılıq, övladlar, nəvə-nəticələr. Və bir də hər kəs öz yoluna davam edəndən sonra ömrün yoldaşa ehtiyac duyduğu qalan hissəsi...

Bir yastıqda qocalmaq bu qədər gözəllikləri özündə cəmləşdirdiyi halda biz necə, bu ifadənin haqqını verə bilirikmi? Bir yastıqda qocalmaq üçün mübarizə aparırıqmı? Yoxsa yastıqları ayırmaqla həyatımızı da ayırır, ailəni dağıdır, hətta uşaqları da mal-mülkümüz kimi bölüşürük? Belə isə bir qədər bir yastıqda qocalmaq məsələsinə diqqət çəkək.

Boşanmaya gedən yol: yatağı ayırmaq

Bəzən iddialarımız, bəzən qürurumuz, bəzənsə sadəcə düşüncə zəifliyimiz ucbatından bir ömür peşman oluruq. Söz yox ki, iki şəxs bir evdə yaşayırsa, hansısa səbəblərdən kiçik incikliklər olacaq. Lakin bu, o demək deyil ki, yataq ayrılmalıdır. Lakin ayırırıq. Kin, iddia, düşüncəsizliklə etdiyimiz bir hərəkət bütün problemlərin başlanmasına şərait yaradır. Yatağı ayırmaq küsülülüyün, tərəflər arasında kin yaranmasına, söz-söhbətin uzanmasına səbəb olur.

Anamın qoca bir nənəsi varmış. Anam deyərdi ki, həmin nənə onlara belə məsləhət verərmiş ki, həyat yoldaşınızla aranızda hər hansı bir inciklik yarananda qəti şəkildə yatağınızı tərk etməyin. Onsuz da ər-arvadın dalaşmağı yaz yağışı kimidir. Yazda tez-tez hava buludlanır, yağış ələnir, az sonra günəş doğur. Heç elə bir səhərdən nərildəyən-guruldayan hava deyilmiş. Bax, ər-arvad da belədir. Lakin yatağı ayıranda, artıq o yaz yağışından sonrakı günəş doğmaya bilər. Odur ki, nə qədər söz-söhbətiniz olsa da, yatağınızı tərk etməyin. Üzünüzü həyat yoldaşınıza tərəfə deyil, o yana çevirin, lakin yatağınızı ayırmayın.

Nəinki bu sözləri deyən həmin rəhmətlik nənə, evlərimizdəki bütün nənələr eyni fikirdə olublar. Elə “bir yastıqda qocalın” deyimi də bax, belə ailə təcrübələrinə əsaslanaraq yaranıb.

Bəli, ailələrin uzunömürlü olması, boşanmaların sayının artmaması məhz bir yastığı paylaşmağı bacarmaqdan çox asılıdır. Bu yastıq mehribanlığın, hörmətin, səmimiyyətin, doğmalığın ünvanıdır. Bu ünvandan uzaqlaşmaq boşanmaların sayının artmasına, bu ünvana sadiq qalmaq ailənin uzunömürlülüyünə səbəb olan amildir.

Yatağı ayırmaqda günahkar tərəf: qadın

Etiraf edək ki, yatağı ayıran tərəf çox halda qadın olur. Bununla bağlı bir sorğu keçirsək, əminəm ki, dediklərimiz təsdiq olunar. Çünki qadın küsəyən, nazının çəkilməsini arzulayan varlıqdır. Ona görə də bu məsələdə kişilər bir az ayıq-sayıq olmalıdır. Hər hansı qadın belə bir səhvə yol verəndə onun qarşısını almalı, kin-küdurətin uzanmasına yol verməməlidir. Əks təqdirdə soyuq münasibət gündən-günə dərinləşir və boşanmaya doğru ilkin addım atılır.

Desək ki, elə bir şərait yaratmaq lazım deyil ki, ər-arvaddan hər hansı incisin, küssün, bu, bir qədər yerinə düşməyəcək. Çünki söz-söhbət istər-istəməz ortaya çıxır. İki nəfər bir həyatı, bir evi paylaşırsa, kiçik də olsa, bir inciklik meydana gəlir. Lakin bu, o mənaya gəlmir ki, incimisən, küsmüsənsə, otağını tərk etməli, yatağından uzaqlaşmalısan. Bu, qəti şəkildə yolverilməzdir. Bir də tərəflərdən hər hansı bağışlamağı, anlamağı bacarmalıdır. Xüsusilə də bu məsələdə qürur düşmən mövqedə dayanır, bunu unutmayaq...

Bağışlamaq mədəniyyətdir

Bağışlamaq isə böyük mədəniyyətdir. Hətta üzr istəmək bundan da böyük mədəniyyətin göstəricisidir. Belə isə nə üçün bizə bəzi hallarda “üzr istəyirəm” sözünü demək ağır gəlir. Əslində səhv edən 1-2 saat sonra, yəni gərginliyi, əsəbiliyi ötəndən sonra günahkar olduğunu anlayır. Belə olan halda nə üçün üzr istəməyək, bağışlanmağımızı xahiş etməyək?

Dəfələrlə tərəflərdən birini dinləyərkən, günahın onda olduğunu anlayaraq üzr istəməsini məsləhət görmüşük. Lakin müşahidə edirik ki, günahı olmasına baxmayaraq, özünü günahkar saymayanlar var. Və yaxud da bilə-bilə ki, günahkardır, hansı ki, bunu etiraf da edir, lakin “üzr istəmərəm”,- deyib durur. Bax, boşanmaya aparan, ailənin dağılmasına səbəb olan amillərdən ən başlıcası da budur.

Bəli, bağışlanması çətinlik yaradan məsələlər də var, təbii ki. Lakin ailənin qorunması naminə hər iki tərəf buna cəhd etməlidir. Yatağı ayırmamaqla, səbrlə məsələləri çözməklə, bacardığımız qədər ailənin dağılmasına yol verməməliyik.

Yuxarıda məsləhətlərindən söhbət açdığım həmin nənə bir məsələni də tövsiyə edirmiş ki, evdə söz-söhbət olanda, evinizi heç vaxt tərk etməyin. Ev dörd divardan, dörd küncdən ibarətdir. Hər dəfə bir inciklik və ya problem olanda bir küncə küsün. Üz tutduğunuz künclər bitəndə, artıq bu evdə yaşamağın mümkünsüz olduğunu təsdiq edəndən sonra evi tərk etmək olar.

Çox gözəl məsləhətdir, deyilmi? Bəli, hər biri bir cavahir dəyərində olan baba-nənə, ata nəsihətlərimiz hər zaman qulağımızda sırğa, çıxdığımız yolda bələdçi olarsa, ailələrimiz qorunar, mehriban, səmimi, qarşılıqlı hörmət şəraitində ailə dəyərlərini də yaşatmış olarıq.

Uşaq körpüdür

Müasir dövrdə gənclər ailə qurduqdan bir neçə il sonraya uşaq dünyaya gətirməyi planlaşdırır. Lakin bu, heç də müsbət seçim deyil. Ailə qurmusansa, ailə həyatına başlamısan, deməkdir. Ailə həyatının vazkeçilməz olanı isə uşaqdır. Uşağın ər-arvad arasında körpü olduğunu nəzərə alaraq, uşaq nə qədər tez olarsa, ailənin təməlini möhkəmlətmiş olduğunu da vurğulamaq lazımdır.

Uşaq olan yerdə söz-söhbət azalır, mehribançılıq olur. Həm də uşaq ər-arvad arasında yaranan incikliyin də aradan qalxma səbəbidir. Çünki uşağa görə tərəflər çox halda bir-birilərini bağışlaya bilir. Uşağın xətrinə hər hansı bir səhvi böyüdüb problem şəklinə salmır.

Düzdür, ailələr var ki, hətta uşaq da onların münasibətlərinə körpü sala bilmir. Deməli, bu ailə səhv şərtlər əsasında qurulub. Burada sevgi kimi, qarşılıqlı hörmət, birgəyaşayış amili də yoxdur. Belə olan şəkildə təbii ki, ailənin ömrü də qısa olacaq. Lakin olmazmı ki, sonra yaranacaq problemləri bəri başdan görə bilək?

Bu məsələdə isə valideynlərin rolu daha böyük olur. İstər qızın, istərsə də oğlanın ata-ana istəyi, tələbi ilə ailə qurması sözsüz, çox halda bax, bu problemlərin yaranmasına gətirib çıxarır. Dünyanı məhəbbət xilas edir, deyirik, ailənin də xilaskarı sevgidir. Odur ki, gənclərin bir-birini sevdikləri, anladıqları, tanıdıqları üçün ailə qurmalarının tərəfində olaq, qızımızın imkanlı kişinin oğlu, oğlumuzu dostumuzun qızı ilə evlənməsinin, gəncləri anaların öz aralarında alış-veriş mexanizminə çevirmələri tərəfində yox. Bax, ikinci tərəfi uşaq da xilas etmir. Bunu həyat dəfələrlə qarşımıza çıxarıb.

Bir yastıqdan məhkəməyə

Təəssüfedici haldır ki, “Bir yastıqda qocalın” deyimini sanki eşitməmiş kimi bir də baxırıq ki, səsimiz məhkəmələrdən gəlir. Bəlkə səhvim var, artıq qurulan ailələrə “bir yastıqda qocalın” deyən yoxdur. Bəlkə müasirləşməyimiz bir çox dəyərlərimiz kimi, bu deyimi də artıq lazımsız əşya kimi bir küncə tullayıb. Bəlkə məhkəmə divarlarındakı sərtliyi, soyuqluğu bir yastığın istiliyindən və yumşaqlığından üstün tutmağa başlamışıq.

Bilmirəm belədir, yoxsa belə deyil, lakin qurulan ailələrin fonunda boşanmaların sayı məni bir vətəndaş kimi çox narahat edir. Azərbaycanda 2023-cü ildə 54,2 min nikah və 21,688 boşanma halları qeydə alınıb. 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,1-dən 5,3-ə azalıb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə yüksəlib. 2023-cü ildə 54200 nikah, 21688 boşanma qeydə alınıb. Əhalinin 1000 nəfərinə düşən nikah 5,3, boşanma 2,1 təşkil edib. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb.

Bu gün Azərbaycanda boşanmaların sayı artıq qorxunc dərəcədədir. Elə yuxarıdakı rəqəmlər bir nikaha bir boşanma şəklinə gəlib. Bu isə dəhşətdir. Bunun üçün əməlli-başlı narahat olmağa dəyər. Lakin aid qurumlar hələ də bunun qarşısını almaqda çətinlik çəkir. Nə üçün? Bunu yəqin özləri bizdən yaxşı bilər.

60 yaşında bir yastıqdan vaz keçənlər

Araşdırma zamanı qarşıma çıxan başqa bir statistika isə, sözün həqiqi mənasında, dözülməzdir: 2022-ci ildə Azərbaycanda ümumilikdə 15983 boşanma olub ki, bunlardan da 528-i 60 və yuxarı yaşda olan kişilər, 274-ü isə eyni yaş qrupunda olan qadınlar arasında qeydə alınıb. Bu, 35-40 illik ailələrin dağılması deməkdir. Bu, öz ailəsi olan övladlarının gözü qarşısında ailəni dağıtmaqla onlara pis nümunə olmaq deməkdir. Bu, orta yaşlı qadın-kişilərin nəvə oynatmalı olduğu halda məhkəməyə müraciət etmələri, min şirini bir acıya dəyişmələri deməkdir.

2023-cü ildə isə 693 kişi, 366 60 yaşdan yuxaı qadın boşanıb. 60 yaşlı insanın bu yaşda boşanmaq üçün müraciət etməsi yox, bunu ağlına gətirməsi qəbahətdir. Nə ola bilər ki, 40 il birlikdə yaşayandan, ailənin çətinliklərini, bərkimə dövrünü arxada qoyandan, övlad, nəvə sahibi olandan sonra boşanmağa qərar verəsən? Bu, bizim ailə dəyərlərimizə böyük zərbədən başqa bir şey deyil. 60 yaşlı 693 kişi və 366 qadın, deməli, gənclərimizə “Bir yastıqda qocalın” nəsihətini-alqışını etməkdən məhrum oldu. Yəni, tərəflərin boşanma səbəbi nə olursa-olsun, artıq boşanmış, ailəsini dağıtmış bir şəxs kimi düşünürəm ki, bu tövsiyəni verməkdən belə çəkinər. Çünki onların məsləhət və tövsiyəsi sözsüz, kənardan birmənalı qarşılanmaz. Odur ki, xüsusilə də hansı yaşda hansı qərarları verməyi düşünə bilmək həyatı anlamaq deməkdir.

18-29 yaşda qadınlar, 29-60 yaşda kişilər...

2023-ci ilə olan boşanma ilə bağlı statistika ürəkbulandıran olsa da, nəzər salmağa və nəticə çıxarmağa dəyər: 18 yaşadək kişilər arasında boşanma qeydə alınmasa da, eyni yaş qrupunda olan qadınlar arasında 2 boşanma olub. Həmçinin 18 yaşda olan kişilər arasında 2, qadınlar arasında 55 olub ki, bu, 2022-ci ildə

18 yaşda kişilər arasında 1, qadınlar arasında isə 31 boşanma təşkil edirdi. 19 yaşda kişilər arasında 2022-ci ildə 2, ötən il 3, qadınlar arasında isə eyni dövrlər üçün 136-167 boşanma qeydə alınıb. 20-24 yaşda kişilər arasında ötən il 467, (bir il əvvəl 432), qadınlar arasında 2023-cü ildə 2399, (bir il əvvəl 2026) boşanma qeydə alınıb. 25-29 yaşda kişilər arasında 2023-cü ildə 2746, (bir il əvvəl 2363), qadınlar arasında isə göstərilən dövrlər üçün 3868-4819, ötən il 30-34 yaşda kişilər arasında 5354 (bir il əvvəl 4198), qadınlar arasında 5536 (bir il əvvəl 3925) boşanma qeydə alınıb.

Göründüyü kimi, yuxarıdakı yaş qruplarında qadınlar boşanmaqda üstünlük təşkil edir. Deməli, ölkəmizdə 18-29 yaş arası qadınlar öz həmyaşıdları olan kişilərlə müqayisədə boşanmağa dəfələrlə artıq meyllidir.

Ötən il 35-39 yaşda kişilər arasında 5141 (bir il əvvəl 3525), qadınlar arasında 3976 (bir il əvvəl 2614), 40-44 yaşda kişilər arasında 3453 (bir il əvvəl 2254), qadınlar arasında 2161 (bir il əvvəl 1398), 45-49 yaşda kişilər arasında 1950 (bir il əvvəl 1288), qadınlar arasında 1072 (bir il əvvəl 804), 50-54 yaşda kişilər arasında 1111, ( bir il əvvəl 815), qadınlar arasında isə 699 (bir il əvvəl 560) boşanma, 55-59 yaşda kişilər arasında 723, (bir il əvvəl 533), qadınlar arasında isə 418 (bir il əvvəl 337), naməlum yaşda kişilər arasında 47, (bir il əvvəl 44), qadınlar arasında isə 18 (bir il əvvə l7) boşanma qeydə alınıb.

Göründüyü kimi, 30-60 yaş qruplarında olan insanlarda isə əsasən kişilər boşanmağa daha meyllidir. Bu yaşda olan qadınlardan dəfələrlə artıq şəkildə bir yastıqda qocalmaq fikrində deyillər.

Beləliklə, bu qənaətə gəlmək olar ki, ölkəmizdə ailələrlə iş aşağı səviyyədə qurulub. Bunu bizdən əvvəl statistika deyir. Həm də kişilər üçün ayrıca, qadınlar üçün ayrıca olaraq. Nəticə isə belədir: bizdə bir yastıqda qocalmağa meylli olanları olmayanlar üstələyir. Bu isə, ailə dəyərlərimizə əlibaltalı qara bir qüvvənin hücumu deməkdir. Bu hücumdan müdafiəyə hazırıqmı?..

Və bir yastıqdan “Gümüş”, “Qızıl”, “Brilyant” toya qədər yolçuluğumuz olmalı halda, bu yol bizi nə üçün məhkəmələrə aparmalıdır? Bəlkə bir qədər dözümlü olaq. “Gümüş”, “Qızıl”, “Brilyant” toylarını qeyd edən ailələrdən nümunə götürək. Belə də etməliyik, Çünki bizim illər, əsrlər boyu qoruyub saxladığımız ailə dəyərləri olub. Onu qoruyub gələcək nəsillərə verməyə hər birimiz borcluyuq.

Mətanət Məmmədova

Избранный
8
sesqazeti.az

1Источники