Ölkə qanunvericiliyinə görə, sosial müavinət kimi təyin edilən ödənişlərdən biri də dəfn üçün nəzərdə tutulandır.
Belə ki, məcburi dövlət sosial sığorta ödənişi etməyənlər, işləməyən və buna görə ödəniş almayanlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da, məcburi dövlət sosial sığorta haqqına görə borcu olanlar üçün dəfn pulu ödənilmir. Bəzi hallarda ölümün təsdiqlənməsi məhkəmə yolu ilə aparılır və bu proses bir neçə ay davam edə bilir.
Maraqlıdır ki, dəfn pulunu almaq üçün zaman məhdudiyyəti var?
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, dəfn pulu müraciətetmə müddətindən asılı olmayaraq şəxsin ölümü ilə əlaqədar onun dəfn xərclərini çəkmiş şəxslərə ödənilir.
Xatırladaq ki, hazırda bu məbləğ 820 manat təşkil edir. Gələn il dəfn üçün birdəfəlik sosial müavinətin 960 manat olması proqnozlaşdırılır. Bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb.