“Elə bir dövrə gəlib çatmışıq ki, insanlar etdikləri hər xeyir işi dillərə salmaq, gözlərə göstərmək üçün yarışır. Amma mənim yolum fərqli olub həmişə. Çünki bilirəm ki, əsl xeyirxahlıq sükutda başlar. Həmişə “bir əlin verdiyini, o biri bilməz” deyə düşünmüşəm. Mənim üçün önəmli olan, Tanrının mənim qəlbimi görməsidir. Çünki o qəlb nə qədər təmizdirsə, o qədər dəyərlidir”.
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında yazıb. Sənətçi etdiyi yaxşılığı nümayiş etdirənləri tənqid edib:
“Bəzən insanlar bilmir, anlamır, amma heç vaxt kiməsə özümü sübut etməyə çalışmadım. Çünki mənim qiymətimi verəcək tək bir güc var: O da Tanrıdır. İnsanların fikirləri külək kimidir – bir əsər, keçər, amma vicdanın səsi həmişə içindədir, səninlədir. Mənim üçün dünyada ən dəyərli şey, etdiyim yaxşılıqların səssiz bir dua kimi Tanrıya yüksəlməsidir. Hər bir xeyirli əməl tanrının gözündə qiymətlidir, nə reklamda, nə də insanların alqışında. Şükür edirəm ki, mənim yolum bu qədər sadə, amma bu qədər dərin bir inanca əsaslanıb.
Həyatım boyu bir şeyi anladım: əsl zənginlik, qəlbindəki sakitlikdir. Kim nə düşünürsə, düşünsün, qəlbimdən Tanrıya uzanan bu yol mənim üçün hər şeydən daha qiymətlidir”.
DOĞRU.AZ