RU

“Yaşıl zonalar” regionların inkişafında mühüm mərhələdir...

Image

Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa-yenidənqurma əsas prioritetlərdəndir. 2025-ci ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə 4 milyard manat vəsait ayrılacaq. 

Bu məsələdə başlıca məqamlardan biri də Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsidir. 

3 ildən az bir müddətdə 28 su elektrik stansiyası yenidən qurulub və ya yeni tikilib

Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan enerji istehsalı üçün geniş imkanlar var. Mütəxəssislərin son hesablamalarına görə, sözügedən ərazilərdə 10 qiqavat həcmində  günəş və külək enerjisi potensialı mövcuddur. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarında isə geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları daha çox diqqət çəkir. Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini “yaşıl enerji” zonası elan edib. Dövlət başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Ötən müddətdə işğaldan azad edilən ərazilərdə bir neçə su elektrik stansiyası inşa edilərək istismara verilib. Hökumətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı hazırladığı konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak edilən elektrik enerjisinin yalnız bərpaolunan enerji mənbələrindən alınacağı nəzərdə tutulub. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hidroenerji potensialının yenidən tədqiqi barədə tapşırığına əsasən, ­“AzərEnerji" ASC tərəfindən işğal dövründə dağıdılan su elektrik stansiyalarından əlavə, ekoloji normalar daxilində yenilərinin tikintisi barədə hesabat hazırlanıb. Həmin hesabata əsasən, bölgədə ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyasının yaradılacağı nəzərdə tutulub. “Azərenerji”nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov mediaya açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı elektrik təchizatı infrastrukturunun yaradılması, həmçinin hidroenerji ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində tapşırıqlara əsaslanılaraq, regionun sərt, keçilməz iqlim və relyef şəraitinə rəğmən, 3 ildən az bir müddətdə ümumi gücü 226 MVt olan 28 su elektrik stansiyası (SES) yenidən qurulub və ya yeni tikilib. Ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz “yaşıl enerji” hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür. 

Naxçıvanı Prezident İlham Əliyev “yaşıl enerji” zonası elan edib 

Avropaya enerjinin ixrac edilməsində Naxçıvanın da perspektiv imkanları var. Naxçıvanı Prezident İlham Əliyev “yaşıl enerji” zonası elan edib. Naxçıvanda su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının generasiya gücü 107,8 meqavatdır ki, bu da ümumi gücün 44,04 faizini təşkil edir. Günəş elektrik stansiyalarının ümumi gücü isə 39,4 meqavatdır. Növbəti 10 il ərzində yaşıl enerji ilə istehsal gücünün 1500 meqavata çatdırılması planlaşdırılır. Naxçıvanda 500 meqavat həcmində günəş elektrik stansiyasının tikilməsi haqqında layihə araşdırılır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na əsasən, burada yaşıl enerji zonasının yaradılması, konsepsiya və tədbirlər planının hazırlanması nəzərdə tutulub. 

Qarabağ və Şərqi Zəngəzurda, Naxçıvanda “yaşıl enerji” istehsalı daha da genişləndiriləcək 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması 2025-ci ildə də davam etdiriləcək: “Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizin bərpasına 18 milyard manat vəsait yönəldilib. Bu, o deməkdir ki, növbəti ilin büdcəsində nəzərdə tutulan vəsaiti nəzərə alsaq 2025-ci ilin sonuna qədər Qarabağa xərclənən vəsaitin həcmi 22 milyard manata çatacaq. Bir tərəfdən Qarabağ və Şərqi Zəngəzur bərpa edilir, yenidən qurulur. Digər tərəfdən isə, biz həmin ərazilərdə “yaşıl enerji” zonasının formalaşmasını müşahidə edirik. Tamamilə alternativ mənbələrdən əldə edilən enerji hesabına Qarabağ və Şərqi Zəngəzurun enerji təminatının həyata keçirilməsi nəzərdə tutulub. Bu da təbii ki, bütövlükdə həm enerji təminatı baxımından, həm də “yaşıl zona”nın genişləndirilməsi baxımından vacib hesab olunur. O baxımdan həm infrastruktur layihələri davam etdiriləcək, həm də məskunlaşma intensivləşəcək. Çünki növbəti il Ağdam şəhəri daxil olmaqla işğaldan azad edilən yeni yaşayış məntəqələrimizdə də məskunlaşmaya başlanılması nəzərdə tutulub. Ona görə də bir tərəfdən məskunlaşma intensivləşəcək, digər tərəfdən həm infrastruktur layihəələri, eləcədə keçmiş məcburi köçkünlər üçün mənzillərin inşa edilməsi davam etdiriləcək. Bu isə ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur çox qısa zamanda daha geniş şəkildə məskunlaşacaq. O cümlədən, nəinki Qarabağ və Şərqi Zəngəzurda, Naxçıvanda da “yaşıl enerji” istehsalı daha da genişləndiriləcək”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Избранный
32
baki-xeber.com

1Источники