Dövlət Gömrük Komitəsi (DGK) külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısını alıb. Bu barədə Manset.az Komitəyə istinadən xəbər verir. Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda-ümumilikdə 7 565 ampula, 1 781 flakon, 10 207 konvolyut dərman və 284 ədədi birdəfəlik tibbi vasitə, 34 paket, 1 238 şpirisdən (iynə) ibarət tibbi vasitələr aşkar edilərək götürülüb. Həmin dərman vasitələrinin Bakı və Sumqayıt şəhərlərində yerləşən apteklərə paylanılaraq satışa çıxarılmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.