2025-ci ilin mart ayında Şahdağda Dağ Kurortları Festivalı keçiriləcək.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Daşkənddə keçirilən "İpək Yolu üzərində turizm" sərgisi çərçivəsində Rusiyanın "Roza Xutor" kurortu estafeti ötürüb.
"Roza Xutor"un baş direktorunun beynəlxalq münasibətlər üzrə müavini Sergey Xvorostyanoy qeyd edib ki, festivalın proqramı çərçivəsində Avrasiya Dağ Kurortları Alyansının ən yaxşı təlimatçılarından dağ xizəkçiliyi və snoubord üzrə pulsuz ustad dərsləri, qastronomiya festivalı, dağ kurortlarının əməkdaşları üçün maarifləndirici tədbirlərin, həmçinin peşəkar müzakirələrin təşkili planlaşdırılır.
Onun sözlərinə görə, Azərbaycanda və Qafqaz ölkələrində dağ turizminin inkişafı üzrə strateji sessiyaya xüsusi diqqət yetiriləcək.
Qeyd olunur ki, sərgi çərçivəsində Avrasiya Dağ Kurortları Alyansının nümayəndələri ilk bir il yarımlıq fəaliyyətə yekun vurublar. Əsas nailiyyətlər arasında innovativ IT-xidmətlər platformasının yaradılması, turizm xidmətlərinin vahid keyfiyyət standartlarının tətbiqi, korporativ universitetin açılması və regional dağ klasterlərinin bazasında Dövlətlərarası turizm marşrutunun işlənib hazırlanması yer alır.
Sərgi Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan və Cənubi Koreyanın kurortlarını birləşdirən Avrasiya Dağ Kurortları Alyansı tərəfindən təşkil edilib.