RU

Zəngəzurda və Qarabağda bələdiyyələr olmayacaq?..

Image

Azad edilmiş ərazilərdə bələdiyyələrin yaranması üçün hələ münbit şərait yoxdur

Prezident İlham Əliyev Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılır.

Mediada gedən "yeni bələdiyyələr yaradılıb" ifadəsi oxucularda müəyyən çaşqınlıq yaradıb. Ona görə də çoxları sual edir ki,  yeni bələdiyyələr yaradılibsa, bəs onda işğaldan azad edilmiş ərazilərin məskunlaşmış hissələrində nə üçün yeni bələdiyyələr yaradılmayıb?

Birincisi, bu qanunla yeni bələdiyyə yalnız birləşdirməklə və ayrılmaqla yaradılır. Oxucularımız diqqətli olsa, bu istinad edilən və yeni imzalanan qanunun adından da bəllidir - “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və "Bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması" haqqında Azərbaycan Respublikasının qanunu. Yəni bu qanun sıfırdan bələdiyyə yaratmaq üçün nəzərdə tutulmayib. Əgər işğaldan azad edilmiş rayonlarımızda da bələdiyyələr yaratmağa ehtiyac duyulacaqsa, artıq bu barədə qanun qəbul edildikdə Azərbaycan Respublikasının Konstitusiyasına və "Bələdiyyələrin statusu haqqında" qanuna istinad ediləcək. Yəni oxucularımızın arzuladığı yeni bələdiyyələrin yaradılmasının hüquqi proseduru tamamilə başqadır.

İşğaldan azad edilmiş ərazilərimizdə yeni bələdiyyələrin yaradılmasına gəldikdə isə, göründüyü kimi, Azərbaycan hökuməti yerli özünüidarəetmə orqanlarında islahat apararaq kiçik bələdiyyələri birləşdirməklə yeni böyük bələdiyyələr yaratmaq kursunu götürüb. Belə olan halda azad edilmiş ərazilərdə yenidən kiçik bələdiyyələr yaratmaq götürülmüş kursa uyğun gəlmir.

Bununla yanaşı, "Bələdiyyələrin statusu haqqında" qanuna əsasən bələdiyyələrin əsas gəlir mənbəyi fiziki şəxslərdən toplanan yerli vergilərdir. Yeni məskunlaşdırılmış ərazilərdə isə kifayət qədər fiziki şəxslər fəaliyyət göstərmir. Yəni bir tərəfdən azad edilmiş ərazilərdə normal həcmdə bələdiyyələr yaratmaq üçün əhali kontingenti kifayət etmir, digər tərəfdən isə bu ərazilərdə bələdiyyələrin lazımi qədər maliyyə mənbəyi yoxdur. Sözügedən ərazilərdə yeni bələdiyyələrin yaranması üçün məskunlaşma genişlənməli və azad edilmiş ərazilərdə torpaq islahatı aparılmalıdır. Çünki aqrar bölgələrdə bələdiyyələrin əsas gəlirləri fiziki şəxslərin torpaq vergisi və bələdiyyələrin sərəncamında olan torpaqların icarəyə verilməsindən formalaşır.

Nəticə olaraq qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həm əhali kontinigenti baxımından, həm də gəlir mənbələri baxımından yeni bələdiyyələrin yaradılması üçün munbit şərait hələ yetişməyib.

Akif NƏSİRLİ





Избранный
29
baki-xeber.com

1Источники