Bu ilin ilk yarısında "Telegram"ın rəqəmsal aktivlərinin dəyəri 400 milyon dollardan 1,3 milyard dollara yüksəlib.
Valyuta.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Şirkət investorları əmin edib ki, mesajlaşma proqramının yaradıcısı Pavel Durovun (Pavel Durov) Fransa polisi tərəfindən saxlanılması "Telegram"ın əməliyyatlarına və qrupun biznes fəaliyyətinə ciddi təsir göstərməyib. Çünki ittihamlar Rusiya milyarderi ilə bağlı olub, şirkətin özünə yönəlməyib.
"Telegram"ın maliyyə göstəriciləri, o cümlədən kriptovalyuta aktivlərinin dəyəri artır. "Financial Times"ın əldə etdiyi auditi tamamlanmamış maliyyə hesabatlarına görə, 2024-cü ilin ilk yarısında "Telegram"ın rəqəmsal aktivlərinin dəyərində əhəmiyyətli artım qeydə alınıb. Bu aktivlərin dəyəri 2023-cü ilin sonunda 400 milyon dollara yaxın olduğu halda, 2024-cü ilin ortasında 1,3 milyard dollara çatıb. Bu artımda "Toncoin" kriptovalyutasının satışları mühüm rol oynayıb.
İlk yarımildə şirkət rəqəmsal aktivlərin satışından 353 milyon dollar gəlir əldə edib ki, bunun da 348 milyon dolları məhz "Toncoin" satışlarının payına düşür. Şirkət, həmçinin 200 milyon dollardan çox gəliri bir razılaşma çərçivəsində əldə edib. Bu razılaşmaya əsasən, kriptovalyuta tətbiqdə bizneslər üçün reklam almağın eksklüziv vasitəsi olub. Razılaşmanın sifarişçisi açıqlanmasa da, 1 oktyabrda bu müqavilə ləğv edilib.
Bu ilin ilk altı ayında "Telegram"ın xalis gəliri (vergilər çıxıldıqdan sonra) 335 milyon dollar təşkil edib. Müqayisə üçün, şirkət 2023-cü il ərzində cəmi 342 milyon dollar qazanıb.
"Telegram"ın maliyyə hesabatına əsasən, reklam gəlirləri təxminən iki dəfə artaraq ilin ilk yarısında rekord səviyyə olan 120 milyon dollara çatıb. Premium abunəliklər isə 119 milyon dollar gəlir gətirib. Şirkətin bir mənbəsi bildirib ki, şirkət kriptovalyuta ehtiyatlarının bir hissəsini əlverişli bazar şəraitində sataraq bundan faydalanıb.
Qeyd edək ki, Fransada "Telegram"ın yaradıcısı Pavel Durov (Pavel Durov) kiber və maliyyə cinayətləri ilə bağlı əməkdaşlıqdan imtina etməkdə ittiham olunub. O, 24 avqustda Parisin "Le Bourget" hava limanında saxlanılıb və 5 milyon avro girov qarşılığında azadlığa buraxılıb. Rusiya biznesmeninə Fransanı tərk etmək qadağan olunub və o, həftədə iki dəfə polisə müraciət etməlidir.
Rəhim