RU

Ermənilər 1995-də Amasiya kəndini belə məhv ediblər- baş daşında “Nazlı Göyüşova” aydın oxunur...

Image

İsmayıl Tanrıverdi: “Heç ağlıma gəlməzdi ki, ermənilər bizimkilərin məzarlarını bu cür dəhşətli şəkildə darmadağın edə bilərlər”

Ermənilərin Qərbi Azərbaycanda, əzəli yurd yerlərimizdə tarixi abidələrimizlə yanaşı məzarlıqlarımıza da divan tutduğu, dağıtdığı, qəbir daşlarını çıxarıb apardığı sirr deyil. İndiyə qədər indiki Ermənistan deyilən ölkənin ərazisində azərbaycanlılara məxsus bütün qəbristanlıqlar dağıdılıb. Məzarlıqlarımızın dağıdılmasını əks etdirən video görüntrüləri dəfələrlə görmüşük. 

Bu günlərdə Telegram kanallarında analoji halı əks etdirən növbəti video görüntü yayılıb. Video görüntüdə Qərbi Azərbaycanın Ağbaba rayonunun Amasiya kəndində dağıdılmış qəbiristanlıq əks olunub. Ermənilər bu məzarlığı dağıdıblar. Dağıdılmış məzarlıqda, parçalanmış qəbir  daşlarında orada dəfn olunan bəzi insanların adlarını oxumaq, məzar daşlarının  kimə aid olduğunu bilmək olur. Küskün məzar daşlarından Şabanov Yusifin, Göyüşova Nazlının, daha neçə-neçə azərbaycanlının adları boylanır.  

Videoda qeyd olunur ki, 1987-ci ildən rayonun yerli azərbaycanlıları öz yaşayış yerlərini tərk etməyə məcbur olublar. 1995-ci ildə rayon ləğv edilərək Ermənistanın Şirak rayonunun inzibati ərazisinə daxil edilib.

“Onlar Amasiyadan türk izini itirmək məqsədilə həmin qəbirləri dağıdırlar”

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin rəhbəri, ermənişünas İsmayıl Tanrıverdi “Bakı-Xəbər”ə “ Bu video mənə çox maraqlı gəldi. Çünki həmin qəbristanlıqda mən bir neçə dəfə olmuşam, bizim öz rayonumuzun qəbristanlığıdır. İndiyə qədər ermənilər iddia edirdilər ki, biz qəbristanlıqlara toxunmamışıq. Amma göründüyü kimi, ermənilərin Qarabağda qəbiristanlıqları, qəbirləri dağıtmaq xəstəliyi Amasiya rayonunda yaşayan ermənilərə də keçib. Amasiya rayonunun əhalisi 22-23 min nəfərə yaxın idi, onun cəmi 3 mini erməni, qalan 20 minə qədəri azərbaycanlılardan ibarət idi. Biz çox mehriban yaşayırdıq, o ermənilər bizimlə birgə toylarda da, yaslarda da iştirak edirdilər. Bu səbəbdən heç ağlıma gəlməzdi ki, o ermənilər bizimkilərin məzarlarını bu cür dəhşətli şəkildə darmadağın edə bilərlər”. 

İ.Tanrıverdi qeyd edir ki, ermənilərin Qarabağda azərbaycanlıların məzarlarını dağıtması kimi qorxunc xəstəliyin Amasiyada yaşayan ermənilər tərəfindən də təkrarlanması dəhşət doğurur. “Bilirsiz ki, o vaxtlar istər ermənilər, istərsə də azərbaycanlılar olsun, ağızlarına qızıl diş qoyurdular. Ermənilər Qarabağda hətta metal axtaran avadanlıqlarla məzarlarda qızıl diş axtarıb tapırdılar, kəllə sümüyünü kənara çıxarıb ağızdan qızıl dişləri sökürdülər. Bizim rayonun qəbristanlığının dağıdılması, məzarların sökülməsi də əsas iki amillə bağlı ola bilər. Birincisi, ermənilər acgözlük edərək orada dəfn edilən insanların  qızıl dişlərini sökmək məqsədilə bunu ediblər. İkinci variant isə odur ki, ermənilər bu qəbiristanlığı dağıtmaqla azərbaycanlıların izlərini silmək istəyirlər. Yəni onlar Amasiyadan türk izini itirmək məqsədilə həmin qəbirləri dağıdırlar”-deyə İ.Tanrıverdi qeyd etdi. 

İ. Tanrıverdi vurğuladı ki, tarixən Amasiya rayonu Qars vilayətinin, yəni Türkiyənin ərazisi olub. İ.Tanrıverdinin sözlərinə görə, 1920-ci ilin dekabr ayında Arpa gölü də, Şörəyel və Ağbaba mahalları, Gümrü şəhəri də daxil olmaqla Amasiya rayonunun ərazisi ovaxtkı rus-boşevik ölkəsinə verilib, həmin dövrdə artıq ermənilər orda məskunlaşmışdılar. “Ermənilərin nə uydurmasından aslı olmayaraq o torpaqlar həmişə türk torpaqları olub və biz Şimal tərəfdən Gürcüstanla, Qərbdən  Türkiyə ilə sərhəd olnmuşuq”-deyə İ.Tanrıverdi bildirdi.

İ.Tanrıverdinin sözlərinə görə, Tatul adlı erməni jurnalist Amasiya rayonunun məzarlıqları haqda video çəkib, o isə həmin videonu dilimizə öz səsi ilə dublyaj edib. “Həmin ərazilərin, Amasiya rayonunun verilməsi tarixini Tatul ayrıca şərh edib. Və o videoda bu torpaqların türk torağı olduğu qeyd olunub. 

Amasiya rayonunda da erməni vandalizmi davam etməyə başlayıb. Yeni nəsil gəldikcə köhnə nəslə baxmırlar. Yenə də deyirəm, köhnə nəsillə bir-birimizin xeyrində-şərində iştirak etmişik. 30 ildən sonra yeni nəsil gəlib və bizim məzarlığımızı dağıdır. Bütün bu vandalizim aktları, məzarlıqların   dağıdılması Amasiyadan türkün izini itirmək məqsədi güdür”-deyə İ.Tanrıverdi bildirdi. 

Erməni vandalları tarixi türk torpağı olan Amasiyadan xalqımızın işlərini silmək üçün əlindən gələni edir. Hər bir xalqın məskunlaşma prosesini, məskunlaşma dövrünü məzarlıqlar aydın şəkildə ifadə etdiyi üçün tarixi öyrənənlər məzar daşlarına istinad edirlər. Ermənilər bunu yaxşı bildikləri üçün məzarlıqlarımızı dağıtmaqla, yerlə yeksan etməklə o yerlərdən izlərimizi silməyə çalışırlar. Amma bunu tam olaraq bacara bilməyəcəklər, çünki biz o yurdlara kökümüzlə bağlıyıq. 

İradə SARIYEVA





Избранный
79
baki-xeber.com

1Источники