RU

Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrini dəyişib: O, nədən qorxur?

Ermənistan lideri Nikol Paşinyan bu həftə KTMT-nin sammitini buraxacaq, lakin eyni zamanda veto hüququndan istifadə etməyəcəyini və müttəfiqlərin sammitdə sənədləri imzalamasına mane olmayacağını bəyan edib.

"Report" xəbər verir ki, "NEWS.ru" öz məqaləsində Ermənistanın baş nazirinin qalmaqallı hərəkətlərinin səbəbini öyrənməyə çalışıb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu gün bildirib ki, İrəvan KTMT sammitinə qatılmasa da, razılaşdırılmış sənədlərin qəbulunun əleyhinə deyil.

Noyabrın 28-də Astanada KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək, iclasda Rusiya lideri Vladimir Putin, həmçinin Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan prezidentləri iştirak edəcək.

Uşakovun sözlərinə görə, Moskva İrəvanın müstəqil kursuna hörmətlə yanaşır, eyni zamanda, KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və bütün müvafiq hüquq və öhdəlikləri özündə saxlayır. “Ermənistanın KTMT-yə fiziki olaraq qayıtması üçün qapılar açıqdır və biz ümid edirik ki, erməni nümayəndələri gec-tez bu təşkilat çərçivəsində əməkdaşlığı bərpa edəcəklər”, - Rusiya Prezidentinin köməkçisi bildirib.

RF hökuməti yanında Maliyyə Universitetinin dosenti Gevorg Mirzayan NEWS.ru-ya müsahibəsində deyib ki, Moskvada erməni baş nazirin başlatdığı oyunu yaxşı başa düşürlər: "Oyunun mənası sadədir: Ermənistan və Azərbaycan arasında döyüş əməliyyatlarının bərpası istisna edilə bilməz. Hazırda Paşinyan xarici kuratorlarının tapşırıqlarını yerinə yetirərək Bakı ilə sülh bağlamaqdan imtina edir. Beləliklə, Paşinyan erməni ictimai rəyi fonunda necəsə vəziyyətdən çıxmağa çalışır".

Ekspertin fikrincə, erməni lider KTMT-dən çıxmaq və Azərbaycanı müharibəyə təhrik etməklə müharibədəki məğlubiyyətin günahını Rusiyanın üzərinə atmağı və Ermənistanı "Amerika hərbi bazasına" çevirməyi hədəfləyir.

Ekspert qeyd edr ki, Ermənistan KTMT üzrə hərbi-siyasi müttəfiqləri nəzərə almır, lakin eyni zamanda Moskva ilə ticarəti inkişaf etdirir. Nikol Paşinyan belə ikili mövqeni çoxdan tutub.

"İrəvanda hesab edirlər ki, KTMT Ermənistanın müdafiəsi üzrə öz funksiyalarını yerinə yetirmir, ona görə də təşkilatın tədbirlərində iştirak etmir. Lakin eyni zamanda təşkilatı tərk etməkdən də imtina edirlər. Nəticədə Paşinyan KTMT-də iştirakı "dondurmaq' formulunu icad edib", - Mirzayan deyir. Ekspert xatırladır ki, KTMT-nin nizamnamə sənədlərində belə bir ifadə yoxdur.

"Lakin Moskva Paşinyanın oyunlarında iştirak etmir, fasilə götürür və şərti olaraq Paşinyanın nə dərəcədə irəli gedə biləcəyinə baxır. Rusiya rəhbərliyi hələlik özünü çox ehtiyatla aparır", - politoloq hesab edir.

Müstəqil hərbi ekspert Aleksandr Xramçixin deyir ki, İrəvan siyasi cəhətdən Rusiyadan uzaqlaşmağa çalışır və bu, hər şeydə özünü göstərir: "Paşinyan hətta bizim silahlarımızı özümüzdən deyil, Hindistan və ya Yunanıstan vasitəsilə almaq istəyir".

Rusiya XİN-in Diplomatik Akademiyasının əməkdaşı Vadim Kozyulin qeyd edib ki, son aylarda İrəvan KTMT-dən çıxmaqla hədələməyi dayandırıb. O, Paşinyanın davranışına qonşu Gürcüstanın xarici siyasətində gözlənilən dönüşün təsir göstərə biləcəyini istisna etmir.

"Moskva və Tbilisi arasında münasibətlərdəki müəyyən istiləşmə Paşinyanın həm ritorikasına, həm də hərəkətlərinə təsir göstərə bilər. Bütün "anti-Rusiya" mövqeyinə baxmayaraq, o, hər halda praqmatik siyasətçidir. Paşinyan nəzərə almalıdır ki, Ermənistan coğrafi cəhətdən Fransa və ya ABŞ-dən uzaqdır, Rusiya və Gürcüstana isə yaxındır", - Kozyulin "NEWS.ru"ya söyləyib.

Rusiyanın Ermənistanda səfiri Sergey Kopırkin bildirib ki, Moskva bu il İrəvanla rekord ticarət dövriyyəsinə çatmağı planlaşdırır. "Konkret rəqəmlərdən danışsaq, 2024-cü ilin birinci yarısında Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi artıq 8,3 milyard dollar həddini keçib və ötən ilin göstəricilərini - 7,4 milyard dolları üstələyib. Əldə edilmiş tempi qoruyub saxlamağı və rekord 14-16 milyard dollara yüksəltməyi planlaşdırırıq", - səfir vurğulayıb.

Diplomatın sözlərinə görə, yeni birgə iqtisadi layihələrin də işə salınması gözlənilir.

Избранный
22
1
far.az

10Источники