RU

Şərəfli tariximizin qəhrəman oğlu

Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu şəhidi Fariz Fərhad oğlu Zülfüqarzadə ünyetməz ulduzların sırasından gəlib çatdı ömrünün 32-ci ilinə. Fəqət, nəsibi şəhidlik zirvəsi olanlar heç zaman ölmürlər. Onlar ürəklərdə yaşamaqla əbədi ulduzlu bir dünya qazanırlar. Farizin doğum günündə də xeyli sayda adam onun boya-başa çatdığı halal ata ocağına gəlmişdi. Onlar ölümsüzlüyə qovuşan öz qəhrəman oğlunu böyük məhəbbətlə, ehtiramla yad etdilər. Çıxışlar zamanı Farizin Vətənə, doğma torpağına sonsuz sevgisindən, dosta sədaqətindən, qeyri-adi bacarıq və qabiliyyətindən qürurla söz açdılar. O da bildirildi ki, Fariz bu işıqlı dünyada az yaşadı. Amma gələcək nəsillər üçün örnək olacaq bir tarix yazdı. Qərinələr keçəcək Fariz mənən qəlblərdə yaşayacaq...

Lənkəran şəhərində anadan olan Fariz Zülfüqarzadə bir müddət ailəsi ilə Rusiyaya köçüb. Ürəyi Azərbaycana sevdalanan, işğalçı düşmənə qarşı barışmaz mövqe ortaya qoyan Fariz doğma şəhərinə qayıdıb. Yağıdan qisas almaq məqsədilə 2012-ci ildə ordu sıralarına yollanıb. Cəbhə bölgəsində Vətən qarşısında müqəddəs övladlıq borcunu yerinə yetirdiyi zaman son dərəcə mərd, cəsur və ağıllı bir gənc olaraq böyük nüfuz qazanıb. Ən əsası nifrət bəslədiyi düşməni döyüş meydanda əzməkdən ötrü hərbi təlimlərə həvəslə qatılıb və bütün sınaqlarda uğur qazanıb. Qəlbi də həmişə Qarabağı azad edib evə dönmək arzusu ilə döyünüb.

Ordudan üzüağ tərxis olunan Fariz evdə qərar tuta bilmir, yerini səngərlərdə görüb. Bu onun yenidən şanlı formanı geyinməsinə səbəb olub. Yəni 2015-ci ilin mart ayından müddətdən artıq xidmət edən hərbi qulluqçu qismində Vətənin keşiyində durub. İşğalçı dığalardan qisas alacağı günü gözləməklə tankçı peşəsinə mükəmməl yiyələnib. Aprel döyüşlərində ürəyindən keçənləri yağıya göstərə bilib. Dığaları biçib yerə tökməklə Lələ təpəyə üçrəngli qələbə bayrağımızı sancanların önündə gedib...

Azərbaycan xalqının tarixinə qeyrət, hünər səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin sərrast tankçısı olan Fariz Zülfüqarzadə Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə düşmənin zirehli texnikalarını və atəş məntəqələrini darmadağın edib. Ağır müharibə meydanlarında qəhrəman tankçı 2 dəfə yaralanıb. Qaldı ki, savaşdan qalmayıb, hər dəfə də düşmənin üzərinə qartal tək şığıyıb.

Sonuncu döyüşünü oktyabr ayında Qubadlı rayonunda keçirib. 20 gün tankı düşmən tərəfindən hədəfə alınsa da, Fariz həmişə düşmənə sarsıdıcı zərbələr endirib. Düşmən tərəfindən vurulan tankın yaralı heyətini xilas etsə də, o, öz həyatını canından artıq sevdiyi Vətənin azadlığı uğrunda qurban verib. Lənkəran şəhərində torpağa tapşırılıb. Canı, qanı bahasına şanlı tariximizi yazan qəhrəman Fariz Zülfüqarzadə dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Füzulinin və Qubadlının azadlığına görə medalları ilə təltif olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
15
ikisahil.az

1Источники