RU

Paşinyan niyə sülhü saqqız kimi çeynəyir?

Başı qırıq patefon kimidir, ilişdiyi yeri təkrarlayır

Dörd ildən artıqdır sülhdən danışılır, lakin özü hələ də gəlib çıxmır. Səbəbi biabırçılıqla məğlub olmuş Ermənistanın zəhlətökən naqqallığıdır. Baş nazir Nikol Paşinyan prosesin başlanmasını  bilərəkdən əngəlləyərək hərdən ortalığa reallıqdan uzaq bir “sülh” variantı atır, sonra marıqda yatıb Azərbaycanın reaksiyasını gözləyir. O variant qəbul olunmayanda başqa bir sarsaq varianta əl atır. Təbii ki, o da qəbul olunmur və beləcə haylar məsələni uzatmaqla sülhü saqqız kimi çeynəyirlər. Həmin arada utanmadan özlərinə haqq qazandırmaq məqsədi ilə orada-burada yazırlar və deyirlər ki, görürsünüzmü, Azərbaycan bizim sülh təkliflərimizi qəbul etmir, ona görə də vaxt uzanır. Məlumdur ki, Paşinyanın öz mövqeyi olmadığına görə daim asılı olduğu ağalarından təlimat alır. Yoxsa vaxtı uzatmaqda, boynunu noxtadan çıxarmaqda onda bu cəsarət haradaydı?

Açıq hiss olunur ki, həmin variantları kənardan kimlərsə hayların başına soxuşdurur və robot kimi danışdırırlar. Sadə dildə desək, hayların kəlləsi köhnə patefon kimi şeydir, hansı valı qoyurlar, o mahnını oxuyur. Beləliklə, şübhə yoxdur ki, onların məqsədi sülhə gəlmək deyil, özlərinə münasib olan bir hərbi-siyasi-iqtisadi zəmin yaratmağa cəhd etməkdir. Dörd ildir ki, acı bağırsaq kimi uzanan "təcili sülh" variantının arxasında gizlədilmiş məkrli niyyətlər də buna hesablanıb.

Ermənistanın sülh sazişini daha tez müddətdə təcili olaraq imzalamaq istəyi bir neçə sərsəm niyyətdən irəli gəlir. Bunun əsas səbəblərindən biri sülh sazişi layihəsində razılaşdırılan və razılaşdırılmayan bəndlərdir. Ermənistanın baş naziri Nikol Paşinyan çalışır ki, razılaşdırılmış bəndlər üzərində saziş imzalansın və bununla razılaşdırılmamış maddələr arxa plana keçsin və tədricən unudulsun. Razılaşdırılmamış bəndlər dedikdə, burada əsasən Bakının bir neçə tələbi daha çox öz əksini tapır. Həqiqətən də həmin bəndlərə əməl olunmasa sülhün davamlılığı xülya olar və ermənilərin işğalçı iddialarına yolu açıq saxlayar. Məhz buna görə də özünü çoxbilmiş hesab edən Paşinyanın əsl niyyəti sülh sazişini öz istəyinə uyğun imzalatmaqla Azərbaycanın tələblərini arxa plana atmaq, onu əhəmiyyətsiz kağız parçasına çevirməkdir.

Dayaz düşüncəli Nikolun digər məqsədi Azərbaycana "badalaq" gəlib sülh sazişini imzalatmaq və vaxt uzatmadan ölkəsinin Türkiyə ilə sərhədlərinin açılmasını təmin etməkdir. O yaxşı bilir ki, sərhədlərin açılması üçün Türkiyənin başlıca şərti Ermənistanın Azərbaycanla sülh sazişinin imzalamasıdır. Bu olduqdan sonra Ankara Ermənistanla normallaşma prosesini davam etdirəcək və sərhədləri açacaq. Belə olduqda Ermənistan yeni nəfəslik qazanacaq, yarımqapalı blokadadan qurtulacaq, Qərb bazarlarına çıxacaq, Azərbaycanın iqtisadi təsirindən qoruna biləcək.  İndiki halda Paşinyan hakimiyyətinin siyasi oriyentasiyasında Qərbin rolu daha çox olduğu üçün onlar coğrafi baxımdan da Qərbə, Avropa bazarına çıxış əldə edə biləcəklər. Bu minvalla Ermənistanın bölgədə mövcudluğu üçün əsas problemlərdən biri özü-özünə həll olunacaq. Ermənilər belə düşünür... Ancaq "Sən saydığını say, gör, fələk nə sayır" məsəli haylarda olmadığı üçün mahiyyətini anlamırlar. Yəqin ki, cırtdan ölkənin yarımçıq başçısı Paşinyan dərk etmir ki, hər şey heç də onun istədiyi kimi getmir. Qarşısındakılar sadəcə onun siyasi gediş hesab etdiyi "soncuqlamalarını" istehza ilə izləyir və sonra ona öz yerini göstərirlər. Vaxtın uzanması isə ona yaxşı heç nə vəd etmir. Əksinə, Ermənistan faktiki olaraq dalan ölkə kimi küncə sıxışdırılmış vəziyyətdə qalır. Belə şəraitdə Ermənistan dünya üçün lazımsız ölkəyə çevrilir, heç kəs onunla iqtisadi münasibətlər qurmaq istəmir, irimiqyaslı beynəlxalq layihələrə yaxın buraxılmır, getdikcə ona qeyri-ciddi münasibət formalaşır. Hərdən hayların ağzına sümük atanlar isə etibarlı güvənc yeri deyil. Özlərini guya Ermənistana “dost” və “qardaş” kimi göstərənlər onu əldə dəstəvuz edərək Cənubi Qafqazda ayaqlarına yer etmək istəyənlərdir. Qərbin, ABŞ-ın, İranın və digərlərinin mövsümi münasibətləri bunu deyir. Məsələn, son vaxtlar Fransanın, İranın Ermənistana ürək-dirək verən səsləri xeyli azalıb. Onlar geri çəkilən kimi daim “araba kölgəsində yatan” haylar meydanda yenə tək qalacaqlar. Haylarda isə tək qalmaq fobiyası var. Deməli, sülhü uzatmaqla Ermənistanın qazanacağı nəsnələr bunlardır. Özləri bilər, can onların, cəhənnəm astvasın. Getsinlər...

Vəli İlyasov,  "İki sahil"

Избранный
24
ikisahil.az

1Источники