ABŞ Prezidenti Co Baydenin Livan və İsrail hökumətlərinin təsdiqindən sonra elan etdiyi atəşkəs razılaşması yerli vaxtla saat 04.00-da qüvvəyə minib.
Reyting.az xəbər verir ki, İsrail və Livan arasında həyata keçirilməsi gözlənilən atəşkəslə bağlı bəyanatlar bir-birinin ardınca səslənib.
Livandan sonra İsrail təhlükəsizlik kabineti atəşkəs razılaşmasını 1 əleyhinə 10 səslə təsdiqləyib.
Co Bayden də İsrail və Livanın atəşkəsi təsdiqlədiyini açıqlayıb. Bayden bildirib ki, Livan ordusu 60 gün ərzində onun ərazisinə nəzarəti ələ keçirəcək. Qəzzada atəşkəs üçün Türkiyə, Misir və Qətərlə çalışacaqlarını deyən Bayden əlavə edib ki, İsrailin özünümüdafiə haqqı qorunacaq.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, “Hizbullah” razılaşmanı pozarsa, onları güllələyəcəklər: “Livanla atəşkəs razılaşması bizim diqqətimizi İran təhlükəsinə yönəldəcəyimiz deməkdir”.
Livandan verilən açıqlamada atəşkəs çərçivəsində ölkənin cənubuna 5 min əsgərin göndəriləcəyi də bildirilib. Livanın xarici işlər naziri Abdullah Bu Həbib ABŞ-nın Livanın cənubunda infrastrukturun yenidən qurulmasında rol oynaya biləcəyini deyib. Həbib bu prosesin İsraillə quru sərhədinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara gətirib çıxaracağına ümid etdiklərini söyləyib.
Qeyd edək ki, İsrailin müdafiə naziri Yisrael Katz verdiyi açıqlamada İsrailin Livanla yekun atəşkəs razılaşmasının Birləşmiş Millətlər Təşkilatı tərəfindən effektiv şəkildə həyata keçirilməsini tələb edib. E. KAMAL